Müqəddəs Ramazan ayı bu il də yayın ən isti günlərinə düşür. Havaların isti keçməsi, 17 saat ac-susuz qalmaq oruc tutan insanların sağlamlığı ilə bağlı bir sıra suallar yaradır. Bu durumda oruc tutanlar heç bir çətinliklə qarşılaşmamaq üçün necə yeməli, orqanizmi yetərincə maye ilə təmin etmək üçün nə etməlidirlər?

ANS PRESS-in bu barədə suallarını dietoloq Tutu Zeynalova cavablandırıb. Onun sözlərinə görə, Ramazan ayında elə qidalanmaq lazımdır ki, orqanizmə gərəkli olan vitamin, mineral, karbohidrat, protein ve yağları yetərli ölçüdə ala bilsin.

Oruc tutan insanların imsakda və iftarda orqanizmi mümkün qədər su ilə təmin etmələrinin vacib olduğunu söyləyən dietoloq əks halda bunun ciddi fəsadlarının ola biləcəyini diqqətə çatdırıb.

“Gündə ortalama 1,5-2,0 lt. su içməyə çalışmaq lazımdır. Çünki gün ərzində içilməyən suyu iftardan sonra da içməsəniz halsızlıq, yuxululuq, həzm problemləri, mədə ağrıları yarana bilər. Həmçinin maye çatışmazlığı qan təzyiqinin aşağı düşməsinə gətirib çıxara bilər. Maye itkisi həm də işləmək bacarıqlarının da aşağı düşməsinə səbəb ola bilər”.

Onun sözlərinə görə, imsakda yumurta, süd, qatıq, pendir kimi qidalardan ibarət yüngül bir səhər yeməyi yemək məsləhətdir. Bundan başqa şorba, tərəvəz və zeytun yağında hazırlanan yeməklərdən ibarət qida seçimi də edilə bilər. Ancaq gün ərzində həddindən çox aclıq problemi olanlar paxlalı bitkilərdən, mərcimək, bulqur plovu kimi yeməklər yeyə bilərlər.

“Yeməkləri tez-tez yemək olmaz. Yavaş-yavaş yaxşıca çeynəyərək yeyilməlidir”, – deyə dietoloq Tutu Zeynalova vurğulayıb.

Gün ərzində gərgin iş qrafikində işləyən və həddindən artıq tərləyən şəxslərin itirdiyi mineralları bərpa etmələri üçün iftarda duzlu ayran içmələri, fosfor itkisini bərpa etmək üçün qırmızı ət əvəzinə balıq yemələri məsləhət görülür.

Həddindən artıq yağlı, duzlu və ağır xəmir yeməklərdən uzaq durmaq məsləhətdir. Bunlar nəinki sizi uzun müddət tox saxlamayacaq, gün ərzində həzm problemləri və susuzluqla daha çox qarşılaşmanıza səbəb ola bilər.

Oruc tutarkən daha az susamaq, daha dözümlü olmaq üçün imsakda plov, makaron kimi yeməklərdən kənar durmaq lazımdır. Bu cür yeməklər ac qalmağın qarşısını alsa da tez bir zamanda susamağa səbəb olar.

İmsakda adətən bol meyvə yeyərək orqanizmi gün boyu su və minerallarla təmin etmək olar. Ramazan boyunca imsakda çay və qəhvə kimi içkilərdən uzaq durun. Biz sözlə, imsakda ən çox meyvə suları və təbii sular içmək məsləhətdir.

İftar zamanı isə boş mədəni birdən yükləmək olmaz. Orucu yüngül yeməklərlə açmaq lazımdır. Məsələn, bir şorba və bir dilim çörəklə başlamaq olar. Bir qədər ara verdikdən sonra başqa yemək istədiyiniz yeməkləri yemək olar.

Mütəxəssislər oruc tutan insanlara gün boyu ac qalmamaları üçün imsakda yulaf kimi qidalardan istifadə etməyi məsləhət görür. Uzun müddətli toxluğu təmin edən qidalar həzmi uzun çəkən qidalardır. Məsələn, ağ çörək yerinə kəpəkli çörək yemək tox qalmağı təmin edə bilər. Eləcə də istər bişmiş, istərsə də çiy halda tərəvəz, mütləq qida rasionuna artırılmalıdır. Önəmli olan budur ki, yemək hazırlanarkən onun tərkibindəki yağın miqdarı düzgün seçilsin.

Ortalama 4-5 qaşıq tərəvəz yeməyində 1 çay qaşığı yağın olması düzgün hesab edilir.

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın