Baş nazir Əhməd Davudoğlunun istefası xəbərləri ilə çalxalanan Türkiyədə hakim Ədalət və İnkişaf partiyasının (AKP) qurultayı başlayıb. Fövqəladə qurultay Bakı vaxtı ilə saat 12 radələrində başlayıb. Ə.Davudoğlu başlayan iclasa 1 saat gecikmə ilə saat 12:50-də gəlib.

Fövqəladə toplantı qərarı prezident Rəcəb Tayyub Ərdoğanla baş nazir Əhməd Davudoğlunun ötən gün keçirilən görüşündən sonra verilib.

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğan axşam saatlarında Davudoğlu ilə görüşüb. Görüşün 1 saat 40 dəqiqə çəkməsi baş nazirin istefa verəcəyi ilə bağlı xəbərlərin sürətlə yayılmasına səbəb olub.

Öz növbəsində, prezident administrasiyasındakı mənbələr görüşün adi olduğunu və bu barədə şərh verilməyəcəyini bildiriblər. “Açıqlama olmayacaq, adi prosedur – qəbul idi, yekunlaşdı”.

Baş nazirin bu barədə qərar verməsinə səbəb isə onun dövlət başçısı ilə arasında yaranmış anlaşılmazlıq olduğu deyilir. 20 aylıq baş nazir vəzifəsini icra edən Əhməd Davudoğlu ilə Rəcəb Tayyub Ərdoğan arasında bir neçə dəfə fikir ayrılıqları olsa da onlar bunu çox vaxt büruzə verməməyə çalışıblar.

Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlu: Mən vəzifəmdən istefa verirəm

“25 illik tarixdə əziz millətimizin xidmətində olmaq mənim üçün bir qürur idi. Bu gün perspektivimizi paylaşma zamanımızın gəldiyini düşünürəm. 20 ay canla-başla çalışdım. Buna millətim də şahiddir. Addım atmadığım vilayətimiz qalmadı, bəzilərinə 7-8 dəfə getdim. Türkiyənin baş naziri olaraq üzərimizə düşən vəzifəni icra etdik. AKP rəhbəri olaraq vəzifəmdən istefa verirəm”.

Ə.Davudoğlu deyib ki, 22 mayda qurultay qərarı verilib. Lakin qurultayda namizədliyini irəli sürməyəcək. O qeyd edib ki, namizəd olmasa da AKP-də siyasi mübarizəsini davam etdirəcək. “Buna görə peşman da deyiləm. Heç bir zaman xidmət, vəzifə izində olmamışam. Həyatımda inanmadığım heç nəyi müdafiə etmədim”.

Baş nazir prezident R.T.Ərdoğanla münasibətlərini korlamağa çalışanlara əsla izin verməyəcəyini qeyd edib. “Onun ailəsi mənim ailəm, onun qüruru mənim qürurumdur. Son nəfəsimizə qədər ona sadiq qalacam”.


Baş nazir Davudoğlunun açıqlaması

Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan “Bu Baş nazirin öz qərarıdır” deyib

Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan hakim Ədalət və İnkişaf partiyasının (AKP) qurultayı və Əhməd Davudoğlunun istefası xəbəri barədə ilk açıqlama verib. O, AKP-nin 22 mayda qurultay qərarı barədə danışıb.

“Xeyirli olsun. Bu Baş nazirin öz qərarıdır”.

Türkiyə KİV-də yer alan məlumata görə, yeni baş nazir 4 tanınmış siyasətçidən biri ola bilər. Davudoğlunun yerinə gətiriləcək şəxslər arasında prezident Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun adı hallanır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın