Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasının püşkünü dəyərləndirib.
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Qurban Qurbanov bütün komandaların qrupda birinci olmağa çalışacağını deyib:
“Xeyirli-uğurlu olsun. Hər bir komanda rəqibimiz ola bilərdi. Artıq püşk atılıb və rəqiblərimizi tanımağa, düzgün hazırlaşmağa, komandamızı formalaşdırmağa çalışmalıyıq. Qarşıda çox vaxtımız var. Oyunlara qədər daha güclü, mehriban komanda qurmağı bacaracağımıza inanıram.
Püşkdən öncə komandalar arasında hansısa seçim etdiyimi deyə bilmərəm. Çünki heç vaxt belə məsələlər haqqında düşünməmişəm. Püşk bir lotereyadır. Artıq rəqiblərimizi tanıyırıq. Bütün diqqətimizi və işlərimizi bu istiqamətə yönəldəcəyik.
Bu gün dünya futbolunda hər cür nəticələrlə qarşılaşırıq. Zəif saydığımız milli belə güclü rəqibindən xal almağı bacarır. Millətlər Liqası ilk dəfə keçiriləcək. Hər kəsin gözü bu yarışdadır və şanslarından maksimum yararlanmağa çalışacaqlar. Başqa yarış olsaydı, bəlkə də, indiki rəqiblərimizə qarşı oynamaq rahat olardı. Ancaq Avropa çempionatına yollanmaq baxımından, komandaların hamısı şansından sona qədər yararlanmağa çalışacaq, mübarizə aparacaq. Biz də həmin komandalardan biriyik. Əlbəttə, hər addımda rəqiblərimizə qarşı diqqətli olmalı, onları düzgün dəyərləndirməliyik. Bu komandalardan bəziləri ilə müxtəlif vaxtlarda qarşılaşmışıq, uğurlu və ya uğursuz nəticələrimiz var.
Azarkeşlərimizə milli komandanı dəstəklədiklərinə görə çox sağ olun deyirəm. İnanıram ki, millimizin uğur qazanması üçün yenə birləşəcəyik”.
Yada salaq ki, millimiz D liqasının III qrupunda Kosovo, Malta və Farer adaları ilə mübarizə aparacaq. İlk turun oyunları 6-8 sentyabrda olacaq.
UEFA Millətlər Liqası
A liqası
I qrup: Hollandiya, Fransa, Almaniya
II qrup: İslandiya, İsveçrə, Belçika
III qrup: Polşa, İtaliya, Portuqaliya
IV qrup: Xorvatiya, İngiltərə, İspaniya
B liqası
I qrup: Çexiya, Ukrayna, Slovakiya
II qrup: Türkiyə, İsveç, Rusiya
III qrup: Şimali İrlandiya, Bosniya və Herseqovina, Avstriya
IV qrup: Danimarka, İrlandiya, Uels
C liqası
I qrup: İsrail, Albaniya, Şotlandiya
II qrup: Estoniya, Finlandiya, Yunanıstan, Macarıstan
III qrup: Kipr, Bolqarıstan, Norveç, Sloveniya
IV qrup: Litva, Monteneqro, Serbiya, Rumıniya
D liqası
I qrup: Andorra, Qazaxıstan, Latviya, Gürcüstan
II qrup: San Marino, Moldova, Lüksemburq, Belarus
III qrup: Kosovo, Malta, Farer adaları, Azərbaycan
IV qrup: Cəbəllütariq, Lixtenşteyn, Ermənistan, Makedoniya