Aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu döyüşlər şiddətlənib. Azərbaycan və Ermənistan tərəflərinin hər ikisi mülki əhali arasında ölən və yaralananların olduğunu bildirir. Ermənistan KİV-nin yaydığı xəbərə görə 12 yaşlı Tatul Qriqoryan adında bir uşaq ölüb və daha ikisi yaralanıb. Azərbaycan Müdafiə Nazirliyi də yaşayış məntəqələrinin düşmən tərəfindən intensiv atəşə məruz qaldığı və bunun nəticəsində itkilərin olduğu xəbərini yayıb. Ancaq Azərbaycan tərəfindən mülki əhali arasında ölən və yaralananların sayı haqqında məlumat yoxdur.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, təxribatların qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə ordu komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə adlandırılan yüksəklik də Azərbaycan silahlı bölmələrinin nəzarətinə keçib.

Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Azərbaycan Ordusu 12 Əsgərini İtirib

Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Serj Sarkisyan: Ermənistan tərəfi 18 hərbçisini itirib, 35 nəfər yaralanıb

Ermənistan silahlı qüvvələri şənbə gününə keçən gecə və gün ərzində Azərbaycan Ordusu ilə döyüş zamanı 18 hərbçisini itirib, 35 nəfər yaralanıb.

Interfax xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan şənbə günü keçirdiyi Milli Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Bu, 1994-cü ildə atəşkəs rejimi əldə olunduqdan sonra ən irimiqyaslı hərbi əməliyyatlardır”, – deyə S.Sarkisyan bildirib.

Onun sözlərinə görə, “hazırda əldə edilən məlumatlara görə, 18 erməni hərbçisi ölüb, 35-i yaralanıb”.

Ermənistan prezidenti qeyd edib ki, “bu hadisələrin nə ilə nəticələnəcəyi məlum deyil, çünki təmas xəttində gərginlik hələ də müşahidə olunmaqdadır”.

Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyinə görə, döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

HayNews: Ermənistanın bir bölüyü yox edilib

Gecə saatlarından Ermənistan və Azərbaycanın təmas xəttində vəziyyətin gərginləşməsi nəticəsində erməni ordusu işğal altında olan Cəbrayıl rayonunda çoxlu sayda itki verib. Erməni tərəfinin bütöv bir bölüyü məhv edilib, 50 nəfərin taleyi məlum deyil, tağımın hüquqşünası ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə yerli və Rusiya KİV-lərinə, həmçinin bilavasitə hərbi əməliyyatlar zonasında olan və döyüşlərdə iştirak edən şahidlərə istinadən HayNews məlumat yayıb.

Məlumata görə, hərbi hissələrdən birinin əsgərləri hissəni tam olaraq tərk ediblər.

Hadisə şahidlərindən birinin verdiyi xəbərə görə, onların olduğu ərazidə çoxlu sayda vurulmuş maşın və 6 nəfərin meyiti olub.

Orada olan bütün giriş yolları intensiv artilleriya atəşinə məruz qalır.

Yerli hospitaldan verilən məlumata görə, ora 12 yaralı gətirilib ki, onlardan da 5-nin vəziyyəti ağırdır.

KİV-in məlumatına görə, Ermənistan silahlı dəstələri Ağdarə rayonunda təqribən 80 əsgərini itirib. Bu məlumatları Rusiya mətbuatı da təsdiq edir.

Rusiya KİV-i bu istiqamətdə çoxlu sayda itkilərin olduğunu yazır.

Ermənilər Ermənistan Müdafiə Nazirliyindən Xəbər Gözləyir

Erməni KİV-ləri itkilərlə bağlı həqiqəti əks edən məlumatlar yaymaq tələbi ilə ölkənin Müdafiə Nazirliyinə müraciət ediblər.

Report informasiya agentliyinin verdiyi məlumata görə bəyanatda deyilir: “Biz ermənilər ilk növbədə cəbhə xəttində həlak olan hərbçilər və dinc sakinlərlə bağlı həqiqəti əks etdirən məlumatları almaq istəyirik. KİV-ə daxil olan məlumatlar isə çox səthidir. Erməni jurnalistlər məlumatları vətəndaşlardan almaq məcburiyyətindədirlər – tibb məntəqələrindən, meyitlərin aparıldığı kilsələrdən məlumat götürürlər. Hadisə şahidləri dəhşətli sözlər danışırlar – yaralıları daşımaq üçün vertolyotlar çatmır, yaralıları avtomobillərlə daşıyırlar və onlar yoldaca vəfat edirlər, hospitallar yaralıları qarşılamağa hazır deyillər – personal yoxdur, dərmanlar çatmır. Xalqın doğru məlumatı bilmək hüququ var”

Erməni jurnalistlər sualla çıxış edirlər: “Müdafiə Nazirliyinin rəsmi məlumatları hardadır? Bu məlumatlar yoxdur, kabinet “siçovulları” ağızlarına su alıb otururlar. Həqiqət nə qədər ağır olsada biz onu bilməliyik”.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsgərlərin döyüş ruhunu yüksək qiymətləndirib

Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Müdafiə naziri döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyətini, hərbi təcrübəsini və döyüş ruhunu yüksək qiymətləndirib.

Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaqdır.

 

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın