Qarabağ Futbol Klubundan Avropa Liqasında ilk qələbə, ilk qol və 3 xal

9 Noyabr – Azərbaycan Bayrağı Günündə Ağdamın “Qarabağ” Futbol Klubu Avropa Liqasının qrup mərhələsinin IV tur qarşılaşmasında Ukraynada “Vorskla”nın qonağı olub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirdiyinə görə, Poltavadakı Aleksey Butovski adına stadionda keçirilmiş oyun atlıların 1-0 hesablı qələbəsi ilə sonlaşıb. Oyunda tək qolu 13-cü dəqiqədə penaltidən Araz Abdullayev vurub.

Qarşılaşmaya maraq elə də yüksək olmayıb. Görüşü izləyən 10 minədək tamaşaçı arasında azərbaycanlı fanatlar da olub. Onlar iki sektordan Qarabağ FK-na Azərbaycan bayraqları ilə dəstək veriblər. Bundan başqa ayrı-ayrı sektorlarda üçrəngli bayrağa bürünmüş azarkeşlər də vardı.

Komandaların start heyətlərində Bakıdakı ilk görüşlə müqayisədə hərəyə 2 dəyişiklik edilib. Meydan sahiblərinin baş məşqçisi Vasili Saçko Vadim Sapay və Ardin Dallkunu Aleksandr Çijov və Arturla əvəzləyib. Onun rəqib həmkarı Qurban Qurbanov isə qapıçı Vaqnerin əvəzinə Hannes Halldorssona, İnnosent Emeqaranın yerinə Con Delarja şans verib. Qurbanov portuqaliyalı qolkiperə ilk “18-lik”də belə gərək bilməyib. Əvəzində ehtiyat qapıçı Şahrudin Məhəmmədəliyev olub.

Qarşılaşma “Qarabağ”ın hücumları ilə başlayıb. Bakıdakı görüşdə olduğu kimi yenə müdafiəyə çəkilən “Vorskla”nın əks-hücumlara bel bağlamaq istərkən özü işini çətinə salıb. Müdafiədə yanlış ötürmədən sonra topu ələ keçirən Maksim Medvedev rəqib qapıçı Boqdan Şustu onu yıxmağa məcbur edib. Sonucda isveçrəli referi Sandro Şörer penalti təyin edib. Araz Abdullayev zərbəni dəqiq yerinə yetirərək, Ağdam komandasının qrup mərhələsindəki ilk qolunu vurub.

Bundan sonra “Vorskla” hücuma atılıb. Lakin meydan sahiblərinin hücumları olduqca kəsərsiz alınıb. “Qarabağ” da əks-hücumları gərəkli səviyyədə sona çatdıra bilməyincə ilk yarıda başqa qol olmayıb.

İkinci yarının başlanğıcı isə qarşılıqlı hücumlarla keçib. Bu zaman yerli fanatların meydana yandırıcı maddələr atması səbəbindən oyun bir neçə dəqiqəlik dayandırılıb. Oyun davam etdirildikdən sonra – 70-ci dəqiqədə “Qarabağ” azarkeşlərinin olduğu sektorda eyni hal baş verib. Bu dəfə referi oyunu saxlayaraq, komandaları paltardəyişmə otağına göndərib. Stadionda xəbərdarlıq anonsu verilib. 8 dəqiqə sonra komandalar meydana qayıdıblar.

Bundan sonra görüş yerli komandanın hücumları ilə davam edib. Bir epizodda qapıçı Hannes Halldorsson “Vorskla”nın oyunçusunun zərbəsinin qarşısını almağı bacarıb. “Qarabağ”ın əks-hücumları zamanı isə meydan sahiblərinin kobudluğu diqqət çəkib. Təsadüfi deyil ki, baş hakim Sandro Şörer 3 futbolçuya sarı vərəqə göstərib.

Qurban Qurbanov isə 2 dəyişikliyə əl atıb. Abdullah Zubiri Mahir Mədətov, Con Delarjı isə Filip Ozobiç əvəzləyib.

Sonlara doğru “Vorskla” azarkeşlərinin bir hissəsi meydanı vaxtından öncə tərk etməyə başlayıb. Baş hakimin oyuna artırdığı 12 dəqiqəlik bölümdə “Vorskla” ən real qol şansından yararlana bilməyib. Halldorsson künc zərbəsindən sonra başla endirilmiş zərbənin qarşısını alıb.

Beləliklə, “Qarabağ” E qrupunda ilk qələbəsini qazanıb. Ancaq bu, komandanın son pillədən qurtulmasına kifayət etməyib. indi daha üstün top fərqi olan “Vorskla” 4 oyundan 3 xalla 3-cü, eyni xalı olan “Qarabağ” isə 4-cü pillədə qərarlaşıb. Turun digər oyununda “Arsenal” İngiltərədə Portuqaliya “Sportinq”i ilə qolsuz heç-heçə edərək, xallarını 10-a çatdırıb və növbəti mərhələyə vəsiqəni təmin edib.

Ворскла (Vorskla) – Карабах (Qarabağ) 0:1

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir