Putin Lavrovu İrəvana yeni Qarabağ planı ilə göndərir

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvan səfəri Ermənistan əhalisini təşvişə salıb. Həmçinin Ermənistan KİV-ləri Lavrov və Sarkisyan əlyehinə məqalələr tirajlayırlar.

Yazıların başlıqlarında isə “Lavrov planı”, “Hiyləgər Lavrov planı”, “Serj Sarkisyan Lavrova Qarabağdan əl çək deyəcək?“ kimi ifadələr yer alıb. Bəzi mətbuat orqanları isə Sarkisyanı satqın adlandırır.

Ermənistanın nüfuzlu siyasi partiyaları və digər ictimai fəalları əhalini Lavrova qarşı mitinqlərə səsləyir. Sergey Lavrovun ermənilərə yaxınlığı və əksər hallarda birmənalı olaraq onların mövqelərini müdafiə etdiyi barədə bir neçə dəfə məlumat yayılıb.

Digər Rusiya rəsmiləri kimi Sergey Lavrov da İrəvana dəfələrlə səfərlər edib. Amma nə Ermənistan rəhbərliyi, nə də ki, əhalisi Lavrova qarşı etirazlar təşkil etməyib.  Amma bir neçə gündür ki, Ermənistanda Rusiya əleyhinə mitinqlər keçirilir.

Keçmiş səfir, politoloq Fikrət Sadıqov ANS PRESS-ə açıqlamasında bildirdi ki, erməniləri əsas narahat edən Dağlıq Qarabağın statusudur.

“Yəqin ki, aprelin əvvələrində baş verən hadisələrdən sonra İrəvana səfər edən Sergey Lavrov Ermənistan rəhbərliyinə statusla bağlı təkliflər verəcək. Rəsmi Bakı da dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyat statusu verməyə razıyıq. Amma Ermənistan razılaşmır. Bu prosesdə nüfuzlu dövlətlərin təminatı əsasdır”, – deyə Fikrət Sadıqov bildirdi.

Fikrət Sadıqov bildirdi ki, Lavrovun İrəvan səfərinin əsas məqsədlərindən biri də Ermənistanı sakitləşdirmək və sübut etmək ki, Moskva İrəvandan imtina etmir. “Apreldə baş verən hadisələr göstərir ki, Rusiya təşəbbüslə çıxış etməsə vəziyyət daha da gərginləşəcək. Moskva başa düşür ki, Bakı onun yaxın strateji tərəfdaşıdır. Həmçinin Azərbaycanın qərblə yaxın əməkdəşlıq etməsi Rusiyanı narahat edir. Bu səbəblərdən Azərbaycanın maraqlarını nəzərə almağa çalışırlar”, – deyə politoloq bildirdi.

Sergey Lavrovun hər İrəvan səfərindən əvvəl münaqişənin həlli ilə bağlı yeni planların olduğu ortaya çıxır

Ötən ilin əvvələrində Sergey Lavrovun Ermənistan hakimiyyəti qarşısında 7 rayonun qaytarılması ilə bağlı məsələ qaldırdığı barədə xəbər yayılmışdı. Hətta məlumatlarda Lavrovun İrəvan səfərində də bu məsələni müzakirə etdiyi bildirilirdi. Həmin sülh planının Lavrovun ideyası əsasında hazırlandığı barədə məlumatlar yayılmışdı.

Hətta onun Ermənistana səfəri zamanı 7 rayonun qaytarılması ilə bağlı müzakirələr apardığı bildirilirdi.

Amma yayılan məlumatlara aydınlıq gətirən Rusiyanın Ermənistandakı səfirliyi bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan tərəfi ilə aparılan danışıqlar çərçivəsində hər hansı ərazinin güzəşt olunması ilə bağlı heç bir məsələ müzakirə olunmayıb. Daha sonra Lavrov özü də belə bir planın olmaması barədə açıqlama vermişdi. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Lavrovun və ya digər şəxsin hazırladığı sənəd yoxdur”, – deyə o bildirmişdi.

Hazırda isə Qarabağ münaqişəsinin həlli ilə bağlı masada 2008-ci ildə qəbul edilən Madrid prinsipləri və 2011 -ci ildə qəbul olunan Kazan planı gündəmdədir.

Madrid planına uyğun olaraq Ermənistan qoşunlarını Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarmalı, daha sonra Dağlıq Qarabağın statusu barədə danışıqlar başlamalıdır. Amma Ermənistan hazırlanan planla razılaşmadığı üçün plan illərdir ki, sənəd olaraq qalır.

Kazan sənədində isə Dağlıq Qarabağ ətrafındakı rayonlardan Qubadlı, Zəngilan, Cəbrayıl, Kəlbəcər rayonlarının, qismən Füzuli və Ağdam rayonlarının, üstəgəl Laçın rayonunun 13 kəndinin boşaldılmasından, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhlizin yaradılmasından gedir.

Hər iki planın sonunda Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyən edilməlidir. Amma nə Azərbaycan, nə də Ermənistan referendumun keçirilmə qaydası ilə razılaşmır.

Lavrov Bakıya son səfəri zamanı masa üzərində yeni təkliflərin olduğunu demişdi. Yəqin ki, təkliflər yuxarıda göstərilən planların biraz fərqli formasıdır. Çünki Lavrovun Ermənistana bu səfəri münaqişənin tam fərqli mərhələsinə təsadüf edir. Çox ehtimal ki, ermənilərin Lavrovun səfərindən qorxmasının səbəblərindən biri də budur.

Çünki Ermənistan rəhbərliyinin son məğlubiyyətindən sonra Serj Sarkisyan hökuməti Rusiyanın təklif etdiyi hər bir planı qəbul edə bilər. Bu isə əlbəttə ki,  Ermənistan əhalisinin etirazına səbəb olar. Ona görə ki, Sarkisyan hakimiyyəti uzun illərdir ki, əhalini “Qarabağ bizimdir” şüarı ilə aldadır. Nəticədə Ermənistan əhalisi regionda həyata keçirilən iqtisadi layihələrdən gələn gəlirlərdən yararlana bilməyiblər.

Sergey Lavrov heç vaxt harasa əliboş yollanmır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini təklif edəcək.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə məlumat verib.

“Sergey Lavrov heç vaxt harasa əliboş yollanmır. Bunun plan, proqram, layihə, sənəd olması barədə danışmaq məncə, düzgün olmazdı. Söhbət müxtəlif ideyalar barədə səylərdən və nizamlanmanın məcrasından gedir”, – deyə M.Zaxarova bildirib.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir