Psixoloq Kimdir? Miflər və Həqiqətlər

Son zamanlar tez-tez eşitdiyimiz Psixoloq sözünü hər birimiz fərqli anlayırıq. Bəziləri psixoloqu məsləhət verən, bəziləri ruhi xəstəliyi olan insanlarla işləyən mütəxəssis kimi başa düşür. “Psixoloqa get” məsləhətini  isə “məgər mən xəstəyəm?” kimi cavablandıranlar da olur. Buna səbəb psixoloq sözünün əvvəlindəki “psix” sözüdür. Bəzilərimiz ancaq zəif insanların psixoloqa ehtiyacı olduğunu düşünürük.  Bəzən də “Psixoloq yanına get” deyə bir-birinə məsləhət verərkən, qarşı tərəfdən “Elə mən özüm psixoloqam!” deyə cavablandıranlar da olur.

Bir çox insanları maraqlandıran “Psixloloqun, psixoterapevtin və psixiatrın işi nə ilə fərqlənir, ən əsas da  “psixoloji konsultasiyada nə baş verir?” suallarına bu məqalədə cavab tapacaqsınız.

Psixologiya sözünün mənası nədir?

Psixologiya psixi prosesləri və qanunauyğunluqları öyrənən elmdir. Psixo latınca – ruh, logos – elm deməkdir.

Psixoloq kimdir?

Psixoloq, yoxsa psixiatr?
Psixoloq, yoxsa psixiatr?

Psixoloq – psixoloji təhsili olan, həm elmi, həm də psixoloji yardım sahəsində fəaliyyət göstərən mütəxəssisdir. Psixoloq kliniki cəhətdən normal, sağlam  insanlarla işləyir, psixoloji yardım, dəstək göstərə bilər. Tibbi təhsili olmadığına görə diaqnoz təyin etmə və dərman preparatı yazma hüququ yoxdur.

Psixoterapevt – ali tibbi və ya psixoloji təhsili olan, insan psixikasına müalicəylə təsir göstərə bilən mütəxəssisdir. Psixoterapevtə şəxsi, sosial, emosional sahələrdə yüngül və orta dərəcədə olan problemlərlə müraciət edilə bilər. Psixoterapevtik təsirin əsas aləti – söhbətdir. Amma adi insanlar arasında olan söhbətdən fərqli olaraq, psixoterapevtik söhbətdə mütəxəssis müxtəlif psixoloji texnika və metodlardan istifadə edir.

Ağır psixi xəstəliklərin müalicəsi üçün isə psixiatr tələb olunur. Psixiatr kimdir?

Psixiatr – ali tibbi təhsili olan, psixi pozuntularla məşğul olan həkimdir. Psixiatrın dərman preparatları yazmaq, diaqnoz təyin etmək və pasiyenti stasionar müalicəyə cəlb etmək hüququ var.

İndi isə hamını maraqlandıran əsas suala keçək. Çox zaman yaxın insanlar, tanışlar mənə belə bir sual verir. Mənə çox maraqlıdır, sən psixoloji konsultasiyada nə edirsən?

Əvvəla, “nə edirsən?” sualı problemdən asılı olaraq dəyişə bilir. Amma ilk işimiz – müraciət edən insan və onun problemi haqqında hərtərəfli məlumat toplamaqdır. Yalnız tam məlumatı topladıqdan, qaranlıq məqamları araşdırdıqdan sonra nə edə biləcəyimiz barədə məlumat verə bilirik. Burda müraciət edən şəxsdən ancaq səmimi olaraq düzgün məlumat verməsi çox böyük əhəmiyyət kəsb edir ki, bu səmimiyyəti də psixoloq ilk görüşdən təmin etməyi bacarmalıdır. Əlbəttə, ilk dəfə gördüyünüz insana etibar edib ürək sirrlərini vermək bir az çətin görünə bilər. Amma onu da bilmək lazımdır ki, psixoloji konsultasiya psixoloq və ona müraciət etmiş şəxs arasında gedən məxfi (konfedensial) söhbətdir. Yəni psixoloqla olan söhbəti ancaq psixoloq və ona müraciət edən şəxs bilir. Psixoloq öz peşəkar bilik və bacarıqlarını istifadə edərək müraciət edən insana bir tərəfdən konkret həyat problemini həll etməyə, digər tərəfdən isə özünü, istək və arzularını başa düşməyə, anlamağa, məqsədlərini təyin etməyə köməklik göstərir.

İndi bir çox insanlar problemlərinin həlli üçün psixoloq və psixoterapevtlərə müraciət edirlər. Amma hər insan psixoloji konsultasiyanı müxtəlif cür başa düşür. Həmin fikirlərdən bəzilərinə aşağıdakı şəkildə açıqlama gətirmək istəyirəm:

1. Həyatımı və problemlərimi özümdən başqa başa düşən yoxdur. Psixoloq nəyimə lazımdır?

Psixoloqun məqsədi konsultasiyaya müraciət edən insanın şüuraltısındakı informasiyaları dərk etməsinə  kömək edərək, həyatında baş verən hadisələrin nədən qaynaqlandığını göstərməkdir. Ancaq səbəbləri bilərək, nəticəni düzəltmək olar.

2. Mən zəif deyiləm ki, psixoloqa müraciət edim.

Əslində psixoloqa müraciət edən insan güclü insan sayılır. Öz problemini qəbul etmək artıq onun həllinə doğru ilk addımdır. Mütəxəssisin köməyilə isə öz problemini daha tez və keyfiyyətlə həll etmək olar.

3. Mənim çoxlu rəfiqəm var. Dərdimi onlarla bölüşərək problemimi həll edə bilərəm.

Düzdür, bəzi insanlar intuisiya və həyat təcrübəsindən çıxış edərək düzgün məsləhət verə bilər. Psixoloqun da şəxsi həyat təcrübəsi ola bilər, amma o,  yaxınlardan fərqli olaraq pasiyentə qarşı emosiyası və hissləri olmayan neytral insandır, rəfiqələr kimi emosiyalara və hisslərə uyaraq, özünə “sərf edən” məsləhətlər vermir. O, ancaq sizin maraqlarınızdan çıxış edir. Çünki məqsədi sizin probleminizi düzgün analiz edib, hadisələrə daha açıq gözlə baxmağınızı təmin etməkdir. Çünki sizin nəticəniz, psixoloqun nəticəsidir. Həm də psixoloqun bildiyi metod və texnikaları rəfiqə bilmir. Ən əsası isə psixoloq məsləhət vermir. O, sizə məsələnin görünməyən tərəflərini açıb göstərir və siz özünüzü dərk edərək qərar verə bilirsiniz.

4. Birdən məndə psixoloqdan asılılıq yaranar?!

Mütəxəssis tərəfindən düzgün təşkil edilmiş konsultasiya alışqanlıq və asılılıq yaratmır. Əksinə, özünü anlayıb, qəbul edib, daxili ziddiyyətlərini həll edib, ətrafdakılarla münasibətləri aydınlaşdıran insan daha qərarlı, cürətli və azad olur.

5. Psixoloji konsultasiya nə qədər zaman tələb edir?

Bəzən insanlar illərlə yığdığı problemləri bir saatın içində həll etmək istəyirlər. Amma psixoloqun əlində elə bir sehirli çubuğu yoxdur. Düzdür, elə məsələlər var ki, bir dəfəyə həll oluna bilir, hər şey problemdən asılıdır. Lakin uzun illər yığılan emosiyalar, hisslər, həll olunmamış şüuraltı konfliktlər üçün bir saat çox azdır, ən azı 4-12 seans, bəzən daha da çox  konsultasiya keçilməlidir. Ona görə də məsələni bilmədən “sənə dörd və ya səkkiz seans yetər” demək olmur, seansların sayı fərdi şəkildə seçilir. Adətən birinci konsultasiyadan sonra insan özünü xeyli yüngülləşmiş hiss edir.

6. Psixoloqun öhdəlikləri nədən ibarətdir? 

Psixoloq da öz növbəsində müəyyən edilmiş etik qaydalara riayət etməlidir. Bunlardan psixoloqun öz məsuliyyətinin başa düşməsi, mənəvi və etik normalara riayət etməsi, məxfilik prinsipini qoruyub saxlaması, istehlakçının rifahı üçün çalışması, daim öz bilik və bacarıqlarını artırması və s. aiddir.

Yuxarıda qeyd etdiyim kimi psixoloq sizin probleminizə emosiyasız, yəni soyuqqanlı yanaşır. Amma bu o demək deyil ki, o, sizin keçirdiyiniz hissləri başa düşmür. Empatiya praktik psixoloq və psixoterapevtlərin lazımi peşəkar keyfiyyətidir (empatiya yunan sözü empatheia – başqasının duyğularını anlamaq. Ziqmund Freyd “empatiya” sözünü ilk olaraq təyin edən mütəfəkkirlərdən biridir. O, özünü pasiyentin yerinə qoyub onun hiss etdiklərini anlamağı psixoanalitik üçün vacib keyfiyyət sayır). Amma pasiyentin probleminə kənardan, hiss və duyğusuz baxmaq üçün psixoloq və ya psixoterapevt vaxtaşırı superviziya və ya şəxsi terapiyadan keçməlidir.

7. Hirslənmə, sən axı psixoloqsan!!!

Adi insan kimi psixoloqun da həyatında müxtəlif hadisələr baş verə bilər. Məsələn, yaxınlarının itkisi, ailə problemləri, müxtəlif stressli situasiyalar. Əlbəttə ki, psixoloq insan olduğu üçün müxtəlif hiss və emosiyalara sahibdir. Bu hisslərə baş verən hadisədən asılı olaraq həm neqativ hisslər sayılan hirs, qəzəb, kədər, həm də müsbət qiymətləndirilən sevinc, sevgi və başqa emosiyalar aid ola bilər. Bəzən stressli hadisəyə reaksiya göstərən psixoloqa “Hirslənmə, sən ki psxioloqsan!” kimi sözlər və ya “Özü psixoloqdur, amma hirslənir”,  kimi kinayə edənlər olur.  Yəni, psxoloqa  “Peşənlə əlaqədar olaraq, sən emosiyalarını göstərə bilməzsən!” deyə mesaj göndərilir. Deməli, hiirslənəndə “hirslənmə” deyildiyi kimi, sevinəndə gərək sevincini göstərməsin. Məgər biz peşəsi həkim olan insana o özü xəstələnəndə, “Sən həkimsən, niyə xəstələnmisən?” deyirik? Düzdür, psixoloq əlində olan metod və texnikalarla özünə yardım edə, hisslərinə nəzarət edə bilir. Amma yenə də hər şey hadisənin nə dərəcədə təsiredici olmasından asılıdır.

NƏTICƏ: Psixoloq robot deyil, onun müxtəlif hadisələrə müxtəlif reaksiya göstərməsi normal haldır. Psixoloq və ya psixoterapevt də başqa insanlar yaşayan həyatı yaşayır, yəni həyatında baş verən müxtəlif stresli və ya sevincli hadisələrə emosional reaksiya göstərir.

Sadəcə olaraq, psixoloq keçirdiyi emosiyaları sonradan ya özü analiz edir, ya da şəxsi terapiya və ya superviziyada həll edir ki, pasientlə iş aparanda məsələyə öz hisslərindən çıxış edərək  münasibət göstərməsin.

Sonda bildirmək istəyirəm ki,  bizə təmiz, sağlam saxlamaq üçün bir ruh, bir də can verilib. Fiziki sağlığımızı qoruyub saxlamalı olduğumuz kimi, ruhi sağlımıza da yetərincə diqqət yetirməliyik. Atalarımızın “Sağlam bədəndə sağlam ruh olar” misalının mən tərsini demək istərdim: “Sağlam ruhlu insanın, sağlam bədəni olar”. Bunu artıq uzun müddət davam edən elmi tədqiqatlar da təsdiq edir. Ona görə də həyatınızda hər hansı həllini görə bilmədiyiniz problem, ifadə edə bilmədiyiniz hisslər qalıbsa, psixoloqa müraciət edərək yenidən rahatlığınıza qovuşa bilərsiniz. Çünki fiziki sağlığımızda olan problemlər ilk olaraq yaşadığımız, ifadə edə bilmədiyimiz hisslər və ya stressli hadisələr ucbatından baş verir.

Sevə-sevə,

Sizin psixoloq Nərgiz Hüseynova (Nilfor.az)

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir