Türkiyə Respublikasının prezidenti Rəcəb Təyyub Ərdoğan dünən baş vermiş hadisələrdə “Paralel dövlət” adlandırdığı Fətullah Gülən və tərəfdarlarını günahlandırıb. “Paralel dövlətin” çevriliş cəhdlərinin baş tutmayacağını bildirən Ərdoğan bunun vətənə xəyanət olduğunu vurğulayıb.

“”Paralel dövlət”in silahlı terror təşkilatı olduğunu deyəndə bizimlə razılaşmayanlar indi bunların silahlı terrorçu olduqlarını öz gözləri ilə gördülərmi?”, deyə Türkiyə prezidenti bildirib.

“ABŞ-a səslənirəm ki, o şəxsi ya ölkədən deportasiya edin, ya bizə təhvil verin demişdim. Lakin dinləmədilər. İndi isə bu silahlı çevriliş cəhdindən sonra yenidən səslənirəm. Penzilyaniyadakı o şəxsi Türkiyəyə təslim edin. Əgər biz strateji tərəfdaşıqsa bu tələbimizi yerinə yetirin. Siz bizdən hansı terroristi istədiniz, biz təhvil vermədik? İndi də terrorçu siyahımızda yer alan o şəxsi bizə təslim edin”, – Ərdoğan deyib.

Prezident Ərdoğan çıxışı zamanı bildirib ki, qiyamın yatırılması zamanı polislər, dinc sakinlər şəhid olub. O ölkənin silahlı qüvvətlərinin daxilində təmizlənmə aparıldığını vurğulayıb.

Fətullah Gülən çevrilişdə əli olmadığını dedi

YALAN.info Financial Times-a istinadən xəbər verir ki, Fətallah Gülən hərbi çevrilişdə əli olması ilə bağlıfikirləri təkzib edib: “Demokratiyaya edilən hər cür qiyamı pisləyirik. Bir müddətdir ki, zəifləmiş demokratiyamız əfsuslar olsun ki bir daha dərin yara aldı. Hökumət azad və ədalətli seçki prosesi ilə qurulmalıdır, bu çevriliş yolu ilə baş verməməlidir. Türkiyədə baş verənlərin tez bir zamanda sülh yolu ilə həll olunmasını arzulayıram.”

Xatırladaq ki, Türkiyədə axşam saatlarından başlayaraq ordunun hakimiyyəti ələ keçirdiyi barədə məlumatlar yayılıb. Amma Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan bunun sadəcə dövlət çevrilişinə cəhd olduğunu deyir.

Türkiyə rəsmiləri dövlət çevrilişinə cəhdin qarşısının alındığını bildirirlər. İndiyədək rəsmi məlumata görə, 2839 nəfər həbs olunub. Ümumilikdə, 265 nəfər həyatını itirib (161 şəhid, 104 qiyamçı), 1154 nəfər isə yaralanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın