Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış, Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində yayılan materiallar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətini çəkib.

Cənab Prezident məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və başqa qurumların nümayəndələri ilə işçi qrupun yaradılmasıyla bağlı göstəriş verib. Tapşırığa görə, Mikayıl Müşfiqin olduğu ehtimal edilən qalıqlar uyğun qaydada DNK ekspertizasından keçiriləcəkdir. Əgər qalıqların doğurdan onun olduğu doğrulanarsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri işlər görüləcəkdir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məlumat verib.

Əli Həsənov onu da vurğulayıb ki, cənab Prezident həmişə Azərbaycan mədəniyyətinə, mədəniyyət və incəsənət xadimlərinə, özəlliklə repressiya qurbanı olmuş ziyalılarımızın xatirəsinə böyük diqqətlə yanaşıb. Bunun gözəl nümunəsi kimi, dövlətimizin başçısının 2017-ci ilin fevralında Bakının Yasamal rayonu ərazisində keçmiş Statistika dairəsi adlanan yerdə Mikayıl Müşfiqin heykəlinin demontajına münasibətini göstərmək olar. O vaxt cənab Prezident məsələnin araşdırılması, günahkarların cəzalandırılması, heykəlin dərhal öz yerində bərpa olunması ilə bağlı tapşırıq vermiş, həmin göstərişin qısa zamanda yerinə yetirilməsindən sonra da heykəli ziyarət etmiş və önünə gül dəstəsi qoymuşdur.

Əli Həsənov bildirib ki, Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması ilə bağlı yayılan məlumatlar indi dövlətimizin başçısının nəzarətindədir. Əminliklə demək olar ki, məsələnin ciddi araşdırılması ilə bağlı qısa zamanda uyğun işlər görüləcək və nəticə ilə bağlı ictimaiyyətə bilgi veriləcəkdir.

Yada salaq ki, bir neçə gündür ki, şair Mikayıl Müşfiqinin Qaradağ rayonunun Buta qəsəbəsində meyitinin qalıqlarının tapılması ilə bağlı məlumat yayılıb. Sözügedən qalıqların araşdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyası və başqa aidiyyatı qurumlarla birgə araşdırma aparılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın