Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri üzrə öz həllini tapmalıdır. Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin tarpaqlarının bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışı zamanı deyib.

O vurğulayıb ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır, xalqımıza qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılıb, bir milyondan çox azərbaycanlı öz doğma torpağında köçkün durumuna düşüb:

“Bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etmişlər, o cümlədən BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələrin qəbul olunmasından 25 il keçir. Ermənistan bu qətnamələri icra etmir və əfsuslar olsun, hələ də beynəlxalq mexanizm işlənilməyib ki, təcavüzkarı beynəlxalq aparıcı qurum tərəfindən qəbul edilmiş qətnamələrin icrasına məcbur etsin.

BMT-nin Baş Assambleyası oxşar qətnamə qəbul edib, başqa beynəlxalq qurumlar, o sıradan Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Qurumu, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və başqa qurumların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın tarpaqlarının bütövlüyünə dəstək göstərilir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi tələb olunur. Münaqişənin həlli üçün yeganə yol məhz budur, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir, işğalçı güclər torpaqlarımızdan dərhal, heç bir şərtsiz çıxarılmalıdır, – necə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilir, – və Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpaqlarına qayıtmalıdırlar”.

Dövlət başçısı vurğulayıb ki, Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, Azərbaycanın ayrılmaz parçasıdır:

“Yüzilliklər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Bizim tarixi abidələrimiz, şəhərlərin, kəndlərin toponimləri bu torpaqların Azərbaycan xalqının olduğunu sübut edir. Əfsuslar olsun ki, təcavüzkar dövlət işğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimizi də dağıdıb, məhv edib. İşğal edilmiş torpaqlarımıza iki dəfə ezam olunmuş ATƏT-in faktaraşdırıcı və müşahidə missiyası öz məruzələrində bununla bağlı bilgilər verib. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib və işğal olunmuş torpaqlarda mədəni soyqırımı törədilib.

1992-ci ildə isə ermənilər Xocalı Soyqırımını törədiblər. Bu dəhşətli hərbi cinayət nəticəsində 600-dən çox günahsız dinc insan, onların arasında 60-dan çox uşaq vəhşicəsinə öldürülüb. Xocalı Soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən rəsmi olaraq soyqırımı kimi tanınıb. Bu soyqırımı zamanı mindən çox insan itkin düşüb və onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.

Bu humanitar fəlakətə baxmayaraq, düşünürəm ki, müstəqillik dövründə Azərbaycan çox uğurlu inkişafa nail ola bilibdir. Ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür. Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir. Bu gün Azərbaycanda yaşanan vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafı üçün əsas şərtdir. Ölkəmiz beynəlxalq müstəvidə böyük sayğı qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Düz 7 il bundan öncə – 2011-ci il oktyabrın sonlarında Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur, qələbəmizdir. Ən önəmlisi odur ki, 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləmişdir. Yəni, bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycanda görülən işlərə yüksək dəyər verir, Azərbaycanı güvənli tərəfdaş və yoldaş ölkə kimi tanıyır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın