Port Baku Mall-da Novruz Naxışı adlı geyim kolleksiyası sərgilənib

Süfrələrimizə ruzi-bərəkət, qəlblərimizə rahatlıq, sevinc, evlərimizə işıq, nur gətirən, insanlara gözəl əhval-ruhiyyə bəxş edən Novruzun hər gəlişi müxtəlif əlamətdar hadisələr, rəngarəng tədbirlərlə yadda qalır. Müxtəlif təşkilatların, fərqli insanların hazırladığı bu tədbirlər silsiləsində “Naxış” atelyesinin də öz payı var. Son zamanlar yenilikləri ilə xanımların zövqünü oxşayan “Naxış” atelyesi bu dəfə də ənənəsinə sadiqdir. Belə ki, martın 19-da “Port Baku Mall”da “Naxış” atelyesinin “Novruz naxışı” adlı dəfiləsini görməyə gələnlərin sayı gözləniləndən qat-qat çox idi. Hər zaman fərqli və yeni modalara üstünlük verən xanımlarımıza atelye budəfəki dəfiləsində 2016-cı ilin yaz-yay kolleksiyasını təqdim edib.

AZƏRTAC xəbər verir ki, qonaqları milli geyimli xanımlar qarşılayıblar.

Təqdimatdan əvvəl “Naxış” atelyesinin direktoru və dizayneri Səmra Axundova jurnalistlərə bildirib ki, kolleksiyada 30 paltar nümayiş olunacaq. Əsas məqsəd Azərbaycanın milli naxışlarını, ornamentlərini, dəyərlərini moda vasitəsilə təbliğ etməkdir. 2016-cı ilin trendi olan naxışlar, əl işləri kolleksiyada öz əksini tapıb. O deyib: “Kolleksiyaya milli ornamentlərlə işlənmiş müasir ziyafət geyimləri daxildir. Nümayişin əsas ideyası geyimlərdə Novruzla gələn yaz təravətini, göz oxşayan təbiət rənglərini əks etdirməkdir. Burada Azərbaycanın bütün bölgələrinə xas olan milli geyimlərin özəllikləri əks olunub. Geyimlərin hər biri əl işidir və atelyenin peşəkar ustaları tərəfindən hazırlanıb”.

S.Axundova vurğulayıb ki, kolleksiya üzərində bir ilə yaxın iş gedib. Əl işi olduğuna görə bir paltarın hazırlanmasına 3-4 ay vaxt sərf edilib. O, qarşıdakı illərdə Avropaya üz tutmağı düşündüklərini, Azərbaycanın dəst-xəttini xaricdə tanıtmaq istədiklərini diqqətə çatdırıb.

Sonra “Novruz naxışı” devizi altında keçirilən dəfilədə atelyenin bir-birindən zərif, fərdiliyi önə çəkən geyimlərindən ibarət yeni kolleksiyası nümayiş olunub. Bu dəfə də “Naxış” atelyesində hazırlanan paltarlar təkrarolunmaz naxışlarla bəzədilib, rənglərin harmoniyası isə xanımların diqqətini xüsusilə cəlb edib. Öz keyfiyyəti, orijinallığı ilə seçilən parçalar Parisdən və Milandan gətirilib, naxışlar isə bir-bir əllə yığılıb. Belə geyimlər dəb trendindən asılı olmayaraq öz naxışı ilə fərqlənmək üçün ən yaxşı seçimdir.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir