Ukraynanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması qurumun parçalanması tendensiyasını gücləndirəcək və onun da zəif olan effektsizliyinə təsir edəcək.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “Cənubi Qafqaz” politoloqlar klubunun başçısı İlqar Vəlizadə Oxu.Az-a açıqlamasında deyib.

Azərbaycanlı politoloq düşünür ki, Ukraynanın Qazaxıstan, Belarus, Azərbaycan, Moldova və başqa dövlətlərlə əlaqəsini nəzərə almaqla, onun MDB-dən çıxması bu ölkələrlə münasibətlərə, ilk növbədə iqtisadi-ticari münasibətlərə mənfi təsir göstərəcəyini demək olar.

“Sirr deyil ki, MDB çərçivəsində biz vizasız səyahət, ikiqat vergitutmadan azad olunma, nəqliyyat sahəsində əməkdaşlıq və başqa bir sıra ümumi razılıqların üzvüyük.

Əgər Ukrayna bu ölkələrlə ikitərəfli əlaqələri inkişaf etdirmək niyyətindədirsə, bu durumu göz önünə almalıdır”, – Vəlizadə vurğulayıb.

Ekspert qeyd edib ki, Ukraynanın MDB-dən tam çıxışı “postseovet məkanı” kimi tanıdığımız ərazinin yenidən format olunması deməkdir.

“Anlayışların dəyişməsi qarışıq siyasi proseslərin yeni interpretasiyada verilməsinin zəruriliyini yaradır.

Ukrayna həm siyasi, həm də mental cəhətdən Şərqi Avropanın bir parçası olmaq istəyir. Hələlik söhbət institut addımından gedir, lakin Şərqi Avropada güclənmək üçün başqa addımlar da gərəkdir.

İçəridən dəyişmək lazımdır, bunun üçün isə illər gərək olacaq”, – deyə Vəlizadə sözlərini sonlaşdırıb.

Prezident Petro Poroşenko: Ukrayna heç vaxt, elə indi də MDB üzvü deyil

Yada salaq ki, Ukrayna Müstəqil Dövlətlər Birliyindən (MDB) birdəfəlik uzaqlaşmağa hazırlaşır. Ukrayna prezidenti Petro Poroşenko hökumətə tapşırıb ki, ölkənin MDB-dən tam çıxması üçün uyğun təkliflər hazırlasın.

“Ukraynanın heç vaxt, elə indi də MDB üzvü olmadığını, eləcə də, qurumun Rusiya işğalını qınamaqdan imtina etməsini nəzərə alaraq, xahiş edərdim ki, biz hökumətlə birlikdə MDB-nin Nizamnamə orqanlarında iştirakımıza rəsmən son qoymaq üçün mövqe işləyib hazırlayaq.

MDB-nin Minskdəki uyğun institutlarında olan Ukrayna nümayəndəlikləri də tam olaraq bağlanmalıdır”, – deyə P.Poroşenko Kiyev güvənlik forumunda çıxışında bildirib.

O qeyd edib ki, anlaşmanı tam pozmaq olmaz, çünki orada Ukraynanın xeyrinə bölmələr var. Söhbət tərəflərin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə sayğı göstərməsiylə bağlı müddəalardan gedir.

Onu da vurğulayaq ki, Ukrayna MDB-nin Nizamnaməsini heç vaxt ratifikasiya etməyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın