Bakının Pirallahı rayonunun coğrafi durumu və iqlim şəraiti turizmin inkişafı üçün olduqca əlverişlidir. Rayon ərazisinin başlıca olaraq adalarda (Pirallahı, Çilov) olması buna daha çox zəmin yaradır. Pirallahı adasının sahilboyu yerlərində dənizkənarı bulvar, attraksionları olan istirahət parkı, otel, kafe, çimərliklər, idman-konsert kompleksi, yaxt-klub, sörfinq klubları və başqa yaradılması üçün əlverişli şərait vardır.

YALAN.info-nun verdiyi xəbərə görə, Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, yenidən qurulan Qala-Pirallahı yolu və Pirallahı körpüsü qəsəbədə yaşayanların, eyni zamanda turistlərin Heydər Əliyev prospekti ilə Bakının mərkəzinə, eləcə də Heydər Əliyev Beynəlxalq Hava Limanına, Şüvəlan, Mərdəkan, Buzovna, Bilgəh, Binə və başqa qəsəbələrə asan çıxışına imkan yaradır.

Turizmin inkişaf perspektivlərinin yüksək dəyərləndirildiyi Pirallahı, Gürgən və Çilovda tikiləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idmanı növlərinin, o cümlədən yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni çağdaş çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanlar yaranıb.


Pirallahı körpüsü

Baş Plana uyğun olaraq Pirallahı qəsəbəsində sahil xətti boyunca sakinlərin və turistlərin istirahətini təmin etmək üçün yeni dənizkənarı bulvarın və çimərliyin salınması düşünülüb. İndi bu yöndə uyğun işlər görülməkdədir. Səməd Vurğun küçəsində yerləşən, sahəsi 50 hektar olacaq parkın dənizə baxan hissəsində artıq işlərə başlanılıb. Sakinlərin, eləcə də turistlərin boş vaxtlarını səmərəli keçirmələri üçün tezliklə dənizkənarı bulvarda ən çağdaş infrastruktur yaradılacaq. Yeni bulvarda müasir tələblərə cavab verən müxtəlif xidmət və iaşə obyektlərinin tikilib istifadəyə verilməsi düşünülüb. Pirallahı bulvarı özünəxas gözəlliyi ilə turistlərin diqqətini çəkəcək. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsi də düşünülüb. Bulvarda kiçikölçülü gəzinti avtobusları, avtomobil və velosiped üçün sahilboyu özəl gediş-gəliş zolağı da salınacaq. Ərazidə nadir ağac və bitki nümunələri əkiləcək, müasir işıqlandırma sistemi quraşdırılacaq. Eyni zamanda burada istirahət obyektləri, attraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək. Sahil hissəsində estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəmilərlə gəzinti olacaq.

Abşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun Şah Dili adlanan hissəsində 783 hektarlıq yerdə Abşeron Milli Parkı yerləşir. Parkda 50-dən çox quş və heyvan, 25-dək bitki növü var. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində dünyada nadir hesab olunan Xəzər suitisinə rast gəlinir və o, ən çox may-avqustda Milli Parkın ərazisindəki suiti burnunda görünür. Xəzər suiti pərayaqlıların tək növüdür ki, dünya okeanının ən kiçik suiti kimi “Ginnes”-in rekordlar kitabına salınıb. Burada fısıldayan qulələk, yovşan kimi nadir təbiət incilərini görmək olur. Abşeron Milli Parkı Bakıya ən yaxın olan təbii abidə, ekoturizm üçün ən əlverişli nöqtə, yarımadada ən təmiz dəniz suyu, ən təmiz havası olan məkandır. Milli Park Azərbaycanın su ilə birləşən ən ucqar quru torpağıdır, eləcə də öz flora və faunası ilə tamamilə vəhşi təbiətin təcəssümüdür.

Rayonda turizmin rekreativ (istirahət, müalicə və bərpa), tibbi, dəniz və balıq ovu, idman, kruiz, ekoturizm və başqa növlərinin inkişafı üçün geniş imkanlar vardır. Pirallahıda turizmin inkişaf perspektivlərini gözə alaraq rayon ərazisində ikisi Pirallahı, biri Gürgən qəsəbəsində olmaqla 3 çimərlik salınıb, yan sahələrdəki 6 hektar torpaq təmizlənib, istirahət üçün gözəl şərait yaradılıb. Ərazidə günlüklər quraşdırılaraq istirahət edənlərin istifadəsinə verilib. Çimərliklərdə insanların güvənliyi və sağlamlığı da düşünülüb.

Pirallahı qəsəbəsində artıq çağdaş standartlara cavab verən turizm obyekti istifadəyə verilib. “F-Marine” adlı istirahət kompleksində 8 kiçik və 4 böyük kottec, mini-stadion, hovuz, restoran fəaliyyət göstərir. Gələcəkdə belə mərkəzlərin sayı artırılacaq.

Rayonda su idmanı növlərinin, o cümlədən yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, velosiped yollarının tikintisi düşünülür.

Gələcəkdə Pirallahı və Çilov adaları arasında tikiləcək estakadalar boyunca salınacaq platformaların üzərində külək elektrik stansiyalarının quraşdırılması nəzərdə tutulur. Çilov adasına çəkiləcək estakadaların, dəniz kruizlərinin, Bakı bulvarı ilə Neft Daşlarını birləşdirəcək gəzinti marşrutunun turizmin inkişafında önəmli qatqısı olacaq.

Pirallahı adası, Bakı

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın