Paşinyanın ilk seçkisi – yeni avtoritar rejimin göstəricisi

Yerevan Ağsaqqallar Şurasına növbədənkənar seçkilər başa çatıb. Prosesdə 12 siyasi qüvvəni təmsil edən 4 blok və 8 partiya iştirak edib. Yerevanda seçicilərin ümumi sayı 848 min 343 nəfərdir. Onların 43,65 faizi, yaxud 370 min 365 nəfər səsverməyə qatılıb.

Yerevan Ağsaqqallar Şurası şəhər merini seçir. Seçkidə ən çox səs toplayan siyasi qüvvə şəhər rəhbəri vəzifəsinə namizədini irəli sürür və şuranın toplantısında mer seçilir.

Bu siyasi kampaniyada baş nazir Nikol Paşinyanın “Mənim addımım” bloku qalib gəlib.

Ermənstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermənin nəticəsi aşağıdakı kimi olub:

“Mənim addımım” seçki bloku (Siyahıya Hayk Marutyan başçılıq edir) 81,06 faiz, may çevilişində Nikol Paşinyanı dəstəkləmiş, milyarder Qaqik Tsraukyanın Çiçəklənən Ermənistan Partiyası (Naira Zöhrabyan) 6,59 faiz, “Luys” bloku (Artak Zeynalyan) 4,99 faiz, Daşnaksütyun Partiyası (Mikael Manukyan) 1,62 faiz, Yerkir Tsirani (Əriklər Ölkəsi) Partiyası (Mqer Şahgəldiyan) 1,39 faiz, Yerevanlılar Partiyası bloku (Ararat Zurabyan) 0,82 faiz, İrs Partiyası (siyahıya 2014-cü ildə keçirilmiş seçkidə prezidentliyə namizəd olmuş Raffi Ovannesyanın başçılıq edir) 0,75 faiz, Yerevanlılar Cəmiyyəti Partiyası bloku (Anait Tərxanyan, Aram Qriqoryan və Armen Ovannisyan) 0,69 faiz, Demokraitk Yol Partiyası (Manuel Qasparyan) 0,22 faiz, İslahatçılar Partiyası (Artak Avetyan) 0,22 faiz, Hayk Partiyası (Gevorq Ovsepyna) 0,19 faiz.

Səsvermənin nəticəsinə əsasən, ən çox səs toplayan Hayk Marutyan Yerevanın meri olacaq. Seçkilərin rəsmi nəticələri sentyabrın 30-da elan ediləcək. Yerevan Ağsaqqallar Şurasının ilk iclası nəticələr elan edildikdən 10 gün sonra keçiriləcək. Bununla da yeni mer öz vəzifəsinin icrasına oktyabrın 10-da başlayacaq.

Hayk Marutyan kimdir? O, 1976-cı il dekabrın 18-də Yerevanda anadan olub. 1992-97-ci illərdə Dövlət Mühəndislər Universitetinin bitirib. 1997-98-ci illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmtinin xüsusi döyüş tağımında hərbi xidmətdə olub. 2002-ci ildə “Karqin studiyası” şirkətini yaradaraq orada aktyor, ssenarist və prodüsser kimi işləyib. Onu ölkədə komik şəxs kimi də tanıyırlar.

H.Marutyan may dövlət çevrilişinin fəal iştirakçılarından olub.

Bir neçə kəlmə də seçkilər zamanı qeydə alınan pozuntular barədə. Ermənistan ombudsmanın əmri ilə yaradılan işçi qrup KİV-də və sosial şəbəkələrdə yayılan mindən artıq qanun pozuntularını araşdırır. Pozuntuların çoxu müşahidəçilər və jurnalistlərin seçki prosesini izləməsinə yaradılan maneələrlə bağlı olub.

Hələ seçkiqabağı kampaniya zamanı Yerevan prokurorluğunun seçicilərin səsinin pulla alınmasına dair şikayətləri araşdırdığı barədə məlumat yayılmışdı.

Seçkiyə qatılan qüvvələr, bu kampaniyanın nəticələri və baş verən pozuntular Yerevan meri seçkisinin necə keçirilməsinə dair bəzi mülahizələr yürütməyə əsas verir.

Ermənistan paytaxtının rəhbəri olmaq üçün namizədliyini irəli sürənlərin, demək olar ki, hamısı eyni siyasi düşərgənin, may çevrilişinə bu və ya başqa şəkildə yardım etmiş qüvvələrin nümayəndələridir. Məsələn, Daşnaksütyun Partiyası hadisələr zamanı o vaxt baş nazir olan Serj Sarqysanla yaratdıqları koalisiyadan çıxaraq paşinyançılara qoşulmuşdu. Raffi Ovannesiyan isə 2014-cü ildə keçirilən prezident seçkisində S.Sarqysana məğlub olmağı ilə barışmayaraq seçkinin nəticələrinə etiraz etmiş, acılıq aksiyası belə keçirmişdi. “Tsarukyan” bloku ilə “Mənim addımım”çılar isə maydan sonra seçkiqabağı vəziyyəti qızışdırmaq üçün şou göstərirdi. Onlar bir-biri barədə müxtəlif “qərəzli” fikirlər yayırdı.

Milyaderin başçılıq etdiyi “Tsarukyan” blokunu təmsil edən namizədin baş nazir Nikol Paşinyanın nümayəndəsindən az qala 11 dəfə az səs toplaması da tərəflər arasında demokratiya oyununun getdiyini göstərir.

2017-ci ilin mayın 14-də keçirilmiş seçkilərdə müxalifət nümayəndəsi iştirak etdiyi halda sonuncu seçkiyə bu düşərgənin təmsilçisi qatılmayıb.

Bu seçkinin demokratikliyinə, ölkədəki bütün iddiaçıların prosesdə iştirakının təmin edilməsinə şübhə etməyə əsas verir. Başqa sözlə, seçkinin nəticəsindən belə çıxır ki, paşinyançılar, yaxud may ayında hakimiyyət çevrilişində iştirak etmiş qüvvələr öz aralarında seçki keçiriblər. Yerevan sakinlərinin 50 faizindən çoxu səsverməyə qatılmayıb və bir növ Nikol Paşinyanın hakimiyyəti dövründə keçirilən ilk seçkini səssiz şəkildə boykot ediblər. Bu da ölkədə vətəndaş fəallığının, ən əsası isə Paşinyanın həyata keçirdiyi siyasətə və baş nazirin özünə inamın, etibarın olmadığını göstərir. Əks halda, yerevanlılar seçkidə iştirak edərdilər və paşinyançılara dəstək verərdilər. İndiki halda bu dəstəkdən söhbət belə gedə bilməz.

Ermənistan paytaxtının sakinləri ötən ilki seçkidə hakim Respublikaçılar Partiyasının namizədi Taron Marqaryanın ikinic dəfə “qalib” gələcəyini əvvəldən bildikləri üçün seçkidə fəallıq göstəməyiblər və cəmi 345 min 226 nəfər səsverməyə qatılıb. “İnqilab”, hay-küylü çıxışlar və vədlərə baxmayaraq bu dəfə də seçici fəallığı ciddi şəkildə artmayıb. Yeravan sakinlərinin 370 mindən bir qədər artığı səsvermədə iştirak edib.

Ötən ilki seçkilərdə Respublikaçılar Partiyası səslərin 71,25 faizinin toplamışdı. O vaxtkı müxalifət təmsilçiləri Nikol Paşinyanın “Çıxış” (“Yelk”) blokuna 21 faiz, “Yerkir Tsirani”yə (“Əriklər ölkəsi”) 7,75 faiz səs verilmişdi. Tsraukyan isə bu siyasi kampaniyada iştirak etməmişdi.

Deməli, əhalinin seçkilərə və onu keçirən siyasi qüvvəyə inamı arasında elə ciddi fərq yoxdur.

Heç şübhəsiz, bu, Nikol Paşinyan üçün də bir siqnal sayıla bilər. Çünki gələn ilin yazında Ermənistanda daha böyük siyasi kampaniya – parlament seçkiləri keçiriləcək. Ermənistanın baş naziri Nyu-Yorkda “Yelk” bloku ofisinin bağlanması tədbirində bildirib ki, ölkəsinə qayıtdıqdan sonra fraksiyaların başçıları ilə parlamentin buraxıllması ilə bağlı müzakirələrə başlayacaq.

De-fakto müxalifət sayılan, Repsublikaçılar Partiyasının (əslində parlamentdəki sayları çox olduğundan onlar müxalifət deyil, de-yure hakimiyyətdir) parlament seçkilərində daha fəal olacağını ehtimal etmək ola. Son zamanlar onların təmsilçilərindən sayılan Robert Koçaryanın baş nazirə qarşı hədə-qorxu xarakterli çıxışları da belə fikir yürütməyə əsas verir. Başqa sözlə, keçmiş hakimiyyətin təmsilçilərinin məhkəmə zallarından xilasının yolu siyasi proseslərdə fəal iştirakdan keçir. Əks halda Paşinyan “əksinqilabi qüvvə” kimi onların hamısını həbsxanaya atacaq.

Donald Tramp ABŞ-ın Prezidenti Seçildi
Donald Tramp-ABŞ prezidenti

Təbii ki bu məsələdə Ermənistanı qurub yaşadan Rusiyanın maraqlarını da nəzərdən qaçırmaq sadəlövhlük olardı. Ona görə də  bu seçkilərin nəticələri Moskva üçün də xəbərdarlıq sayıla bilər.

Başqa bir tərəf ABŞ isə bu qarşıdurmada, deyəsən, Kremli üstələmiş kimi görünür. Ermənistanın müstəqilliyinin 27-ci ildönünmü ilə bağlı ABŞ prezidenti Donald Trampın baş nazir Nikol Paşinyana göndərdiyi təbrik məktubunun seçkilərə təsirsiz ötüşmədiyini söyləmək olar: “Qarşıdan gələn aylarda Amerika-Ermənistan münasibətləri üçün yeni imkanlar açılır”.

Bundan başqa seçkilər ərəfəsində Donald Tramp ABŞ-ın Ermənistanda səfiri vəzifəsinə Linn Treysinin namizədliyini irəli sürüb. O, hazırda Dövlət Departamentinin Rusiya üzrə baş müşaviri vəzifəsində çalışır. Linn Treysi ABŞ səfirinin Moskva, Aşqabad və Astana üzrə müavinidir.

Göründüyü kimi Vaşinqton həm də Rusiyaya görə Ermənistana özəl diqqət ayırır. Yeri gəlmişkən, ABŞ-ın Yerevandakı səfirliyi dünyada böyüklüyünə görə Vaşinqtonun Bağdadakı diplomatik missiyasından sonra ikinic yerdədir. 9 hektar sahəsi olan səfirlikdə 500-600 əməkdaşın çalışdığı bildirilir. Səfirliyin bu binası 2005-ci il mayın 6-da açılıb.

Beləliklə, Yerevan Ağsaqqallar Şurasına növbədənkənar seçkilərdə paşinyançıların qalib gəlməsi Ermənistanla bağlı Moskva-Vaşinqton oyununda 0:1 oldu. Növbəti gediş Kremlindir. Bunu yaxın 8 ay ərzində görə biləcəyik.

P.S. Seçkilərin səhəri günü, sentyabrın 24-də Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırılıb. Bu yanacağı satışı ilə “Qazprom Armeniya” şirkəti məşğul olur. Bildirilib ki, sentyabrın 24-dən 26-dək ölkəyə qaz verilməyəcək. Gürcüstanın Qaznəqliyyatı şirkəti “Qazprom Armeniya”nı məsələ ilə bağlı məlumatlandırıb. Məlumata görə, Şimali Qafqaz-Cənub Qafqaz qaz kəmərində təmir-bərpa işləri aparıldığından mavi yanacağın nəqli müvəqqəti olaraq dayandırılıb. İndi sual yaranır: niyə seçkilərin səhəri günü qaz nəqli kəsildi? Hər halda bunu şimaldan edilən xəbərdarlıq da saymaq olar. Qarşıdan isə qış gəlir.

Qaynaq: Sədrəddin İsmayılov (Report)

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir