Ombudsman Xocalı Soyqırımının 26-cı İldönümü ilə Bağlı Bəyanat Yaydı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocalı Soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat yayıb.

Ombudsman Aparatından YALAN.info Online Xəbərlər və İnformasiya Saytı-na verilən məlumata görə, bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, YUNISEF-ə, Avropa Birliyinə, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin Bakıdakı səfirliklərinə, Azərbaycanın diaspor qurumlarına göndərilib.

Bəyanatda deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi dəyərləndirilməlidir:

“Bu alayın çoxsaylı ağır texnikası qəfildən şəhərə yeridilib, cinayətkarlar şəhəri tərk etmək məcburiyyətində qalan dinc azərbaycanlıları amansızcasına qətlə yetirib, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılıb və yandırılıb. Xocalı soyqırımı zamanı 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulub.

Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət məqsədyönlü şəkildə davam etdirilən etnik təmizləmə və soyqırımı siyasətini bir daha təsdiq etmiş, məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və əzəli Azərbaycan ərazilərində “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Bu olaylar sırasında 100 illiyini qeyd etdiyimiz, 31 mart 1918-ci il tarixdə azərbaycanlılara qarşı törədilən, dünya tarixində özünün ağır nəticələri ilə seçilən soyqırım da özəl yer tutur.

Xocalı soyqırımını törətməklə hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz parçası olan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğala məruz qalmış, 20 min soydaşımızın həyatına son qoyulmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Bu işğal zamanı erməni millətçiləri və terrorçuları Xocalı şəhərindən başqa, Azərbaycanın Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də kütləvi qırğınlar törədiblər.

Ümummilli liderimiz Heydər Əliyevin 1994-cü ildə Xocalı soyqırımı ilə bağlı xüsusi müraciəti olmuş, həmin ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasının ayrılmaz parçası olduğunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi bir daha sübut edir. Lakin erməni tərəfi hər zaman olduğu kimi, qeyri-konstruktiv mövqe nümayiş etdirərək, atəşkəs rejimini mütəmadi olaraq pozur, regionda sülhün bərqərar olmasına maneçilik törədir.

Ermənistanın mülki əhaliyə qarşı yönəlmiş soyqırımı siyasəti bu gün də davam etdirilir, dinc əhalinin, o cümlədən uşaqların qətlə yetirilməsi ilə nəticələnir.Azərbaycan tərəfi 30 ilə yaxın davam edən bu təcavüzə son qoyulmasına, sülhün bərqərar olunmasına mütəmadi olaraq səylər göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyi ilə bağlı ədalətli mövqeyini dəfələrlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Məclisinin tribunalarından bəyan edib.

Hər il olduğu kimi, bu il də həmin soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə uyğun Sərəncamla “Xocalı Soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş və yerinə yetirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsini dünyaya soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır.

Artıq Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normalarına əsaslanaraq tanımışlar. ABŞ-ın 22 ştatı – Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona, Aydaho və Nevada ştatlarının qanunverici orqanlarında da uyğun qətnamələr qəbul olunub.

Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını genosid faktıdır və insanlığa qarşı ən ağır cinayətlərdəndir. Belə ki, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir. Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilmişdir. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı bu Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Lakin təəssüf ki, tarix boyu azərbaycanlılara qarşı törədilən soyqırımı aktları, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz hüquqi-siyasi qiymətini almamış, bu beynəlxaq cinayəti təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməmiş, onlara layiq olduqları cəzalar verilməmiş və bu məqsədlə hər hansı bir tədbir görülməyb.

Həmin faciə zamanı qətlə yetirilənlərin, şəhidlərimizin doğma xatirəsini dərin hüznlə yad edərək, yuxarıda vurğulananları, habelə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, bildirirəm ki, bu olay özəl beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı cəza tədbirləri tətbiq edilməlidir. Hər bir dövləti, beynəlxalq təşkilatları bir daha bu soyqırımını ədalət naminə tanımağa, onu törədənlərin cəzalandırılması üçün həmrəyliyə və səyləri artırmağa çağırıram.

26 il əvvəl törədilmiş Xocalı Soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi dəyər verilməli, Ermənistan münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına riayət etməli, Azərbaycanın torpaqlarının bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, onlar öz doğma yurdlarına qayıtmalı, habelə günahsız, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir