“Ombudsman Aparatı işini davam etdirir. Necə ola bilər ki, Ombudsman fəaliyyətini dondursun?!”

Bu fikirləri Modern.az-a Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva mətbuatda fəaliyyətini dondurulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Ombudsman elə bu gün rəsmi görüşdən çıxdığını da bildirib:

“Bir neçə saat bundan qabaq Avropa Birliyinin nümayəndələri ilə onlayn görüşümüz olub. Görüş az öncə bitib. Fəaliyyətimizi davam etdiririk”.

Xatırladaq ki, Report-un xəbərinə görə, avqustun 20-də İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğində cərimə edilən Ombudsmanın fəaliyyətindən artıq səkkiz gündür ki, heç bir məlumat yoxdur.

Qeyd edək ki, avqustun 18-də R.Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə, Abşeron Rayon Məhkəməsinin qərarı ilə sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayevə 15 sutka müddətinə inzibati qaydada həbs cəzası verilib.

Daha sonra Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, S.Novruzovun həyat yoldaşı Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

Həmçinin, S.Novruzova karantin qaydalarını pozduğuna görə YAP tərəfindən töhmət elan edilib. Daha sonra onun Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini postundan istefası qəbul edilib.

Bundan əlavə, toyda iştirak edən daha 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın