Topaz Premyer Liqasında IV turun daha bir oyunu keçirilib. Mövsümdə 3-cü çempionat oyununa çıxan Qəbələ Futbol Klubu Neftçi PFK ilə qarşılaşıb. İlk iki oyunda qol buraxmayan “qırmızı-qaralar” ölkənin ən titullu klubu ilə qarşılaşmaya 3 xal istəyi ilə çıxıb. Görüş Qəbələnin yeni transferi Ruslan Qurbanovun debütü ilə əlamətdar olub. Millimizin hücumçusu start heyətində yer alıb.

Turun açılış oyununda Qarabağın böyükhesablı qələbəsindən sonra Avropa Liqasında daha bir təmsilçimizin necə oyun sərgiləyəcəyi böyük maraq yaradırdı. Oyun qarşılıqlı hücumlarla başlasa da, ciddi təhlükə yaratmaqda çətinlik çəkən meydan sahiblərindən fərqli, “Qəbələ”  FK daha məzmunlu həmlələr təşkil edib. Bunun nəticəsi olaraq, artıq 5-ci dəqiqədə hesab açılıb. Asif Məmmədovun qapıçı meydanına ötürməsini Baqali Dabo dəqiq zərbəylə tamamlayıb. Ümumiyyətlə, oyunun əvvəli Asifin assistentliyi ilə diqqət çəkib. İlk qoldan az sonra yarımmüdafiəçimiz Vitali Vernidubun fərqlənməsinə şərait yaradıb. Ukraynalı baş zərbəsi ilə qol sevinci yaşayıb. 16-cı dəqiqədə hesabı 3:0-a çatdıran Qəbələdə dublunu rəsmiləşdirən Dabo yenə Asifin ötürməsini boş qapıya göndərib. Bundan sonra bakılılar qapı istiqamətində bir neçə zərbə vursa da, Dmitri Bezotosnıya ciddi çətinlik yaşatmayıb. Ardınca “qırmızı-qaralar” da bir neçə qol imkanını qaçırıb. Baqali 2 dəfə het-trik etmək şansından yararlanmayıb. Lakin qonaqlar fasiləyədək daha 2 qol vurub. Bu dəfə səhnəyə Filip Ozobiç çıxıb. Xorvatiyalı öncə Məhəmməd Mirzəbəyovun ötürməsini saxlamadan qapıya göndərib – 4:0. Az sonra isə məhz Ozobiçin assistentliyi Qurbanovun qol hesabını açması ilə nəticələnib. Fasiləyədək 5 cavabsız qol vuran Qəbələlilər bununla da görüşün taleyini həll edib.

İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Hər iki komanda hücum etsə də, bakılıların cəhdləri ciddi təhlükə ilə nəticələnməyib. “Qəbələ” isə fasilədən sonra qol imkanlarını sıralamaqda davam edib. Komanda öncə Dabonun qolu ilə fərqi 6-ya çatdırıb. O, Jairo Rodrigesdən sıyrılan Elvin Camalovun ötürməsini tamamlayıb. Mövsümün ilk het-trikinin müəllifi olan Baqali qoldan az sonra əvəzlənib. Bununla sakitləşməyən “Qəbələ” hücumlarına ara verməyib. Nika Kvekveskirinin künc zərbəsindən sonra yaxın dirəyin yanında olan Vojislav Stankoviç qol vurmağa yaxın olsa da, rəqibə dəyən top qapıdan keçib və Jaironun avtoqolu qeydə alınıb. Yeddinci qoldan sonra debüt oyununa çıxan Peter Franyiç və Ruslan Qurbanov da qol imkanlarını qaçırıblar. Lakin sonuncu sabiq klubu ilə oyunda dubl etməyi bacarıb. Qurbanov Asifin ötürməsini dəqiq zərbəylə tamamlayıb.


Topaz Premyer Liqası, IV tur, “Neftçi” 0-8 “Qəbələ” Geniş icmal

10 sentyabr 2016. Saat 20:00. “Əlincə Arena”, 1500 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Elman Musayev
Dördüncü hakim: Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Araz Abdullayev, 75 (qeyri-idman hərəkəti)
Qollar: Baqali Dabo, 6, 16, 59; Vitali Vernidub, 10; Filip Ozobiç, 29; Ruslan Qurbanov, 45+1, 83; Jayro Rodriges, 70 (ö.q)
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə – yoxdur.

“Neftçi” PFK
1. Krşevan Santini
(53. Maksim Vaylo, 46)
3. Jayro Filyo Rodriges
4. Rahil Məmmədov
7. Araz Abdullayev (k)
9. Katalin Tira
17. Rəhman Hacıyev
27. Məqsəd İsayev
30. Dario Melnyak
80. Edson Kastilya
(10. Cavid İmamverdiyev, 39)
95. Elvin Bədəlov
99. Denilson Pereyra
(19. Fəhmin Muradbəyli, 47)

Ehtiyat oyunçular:

41. Ömər Buludov
26. Kamal Qurbanov
20. Eltun Yaqublu
5. Anton Krivotsyuk

Məşqçi: Tofiq Mustafayev

“Qəbələ” FK
22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
4. Elvin Camalov
6. Rəşad Sadiqov (k)
(7. Nika Kvekveskiri, 46)
10. Ruslan Qurbanov
11. Asif Məmmədov
15. Vitali Vernidub
17. Məhəmməd Mirzəbəyov
18. Baqali Dabo
(30. Petar Franyiç, 62)
19. Filip Ozobiç
20. Rikardinyo
(34. Urfan Abbasov, 46)

Ehtiyat oyunçular:

33. David Pietrzikeviç
8. Qismət Alıyev
9. Sergey Zenyov
13. Murad Musayev

Baş məşqçi: Roman Qriqorçuk

Bununla da Neftçi PFK tarixində ən böyük hesablı məğlubiyyətə düçar olub. “Qəbələ” isə tarixinin ən böyük hesablı qələbəsini qazanıb.

Qeyd edək ki, Neftçinin ev oyunlarını keçirdiyi Bakcell Arenada ot örtüyünün yenilənməsi işləri aparıldığından, qarşılaşma Masazır qəsəbəsində yerləşən Əlincə Arenada keçirilib. Komandaların əvvəlki duellərində “ağ-qaralar” 14, “qırmızı-qaralar” 10 qələbə qazanmışdılar. 8 oyunda isə qalib müəyyənləşməmişdi. Neftçi son üç ildə öz meydanında Qəbələyə qalib gələ bilməyib.

Bu qələbədən sonra mövsümün ən böyük hesabına nail olan Qəbələ xallarını 7-yə çatdıraraq, 2-ci pilləyə yüksəlib. Amma komandanın ehtiyatda bir oyunu var.

Komanda Oyun Qələbə Heç-heçə Məğlubiyyət Qol Xal
1. Qarabağ 4 3 0 1 12-2 9
2. Qəbələ 3 2 1 0 10-0 7
3. Zirə 3 2 0 1 4-2 6
4. İnter 3 1 2 0 4-3 5
5. Sumqayıt 2 1 0 1 1-2 3
6. Neftçi 4 1 0 3 2-12 3
7. Kəpəz 3 0 2 1 2-4 2
8. AZAL 4 0 1 3 1-11 1

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın