Müdafiə Nazirliyi: “Nezavisimaya qazeta”nın suriyalı döyüşçülərin gətirilməsiylə bağlı məqaləsi yalandır

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın “Nezavisimaya qazeta” dərgisində yayımlanan məqalənin tamamilə yalan olduğunu bildirib.

“Azərbaycandakı suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” adlı məqalə “Nezavisimaya qazeta” dərgisində sentyabrın 1-də yayımlanıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin cavabında bildirilib ki, məqalədə oxuculara həqiqətlə heç bir uyğunluğu olmayan məlumat təqdim edilib.

“Sanki “yalan nə qədər çox və eybəcər olarsa, o qədər inandırıcıdır” prinsipi ilə məqaləyə yanaşan yazı müəllifi Vladimir Muxin heç bir etibarlı mənbəyə istinad etmədən, əsaslı faktlar gətirmədən oxucuları çaş-baş salır. Məqalədə guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçünün gətirilməsi barədə həqiqətə uyğun olmayan uydurmaları qəti surətdə rədd edirik”,- deyə Müdafiə Nazirliyi bəyan edib.

Nazirliyin açıqlamasına əsasən, məqalədə yer alan əsassız iddialar, xüsusilə də guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı xəbər açıq-aydın dezinformasiyadır və heç bir halda reallığı əks etdirmir.

“Məqalənin sifarişli olduğu aydın sezilir, yazılanlar düşünülmüş və böhtan xarakteri daşıyır. Müdafiə Nazirliyi olaraq rəsmi surətdə bildiririk ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə var. Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığı və döyüş təcrübəsi, silahlanmada olan hərbi texnika və döyüş vasitələri Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məqsədilə qarşıya qoyulan istənilən döyüş tapşırığını qısa zamanda yerinə yetirməyə kifayət edir. Bunu Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ildə Naxçıvan və 2020-ci ildə isə Tovuz istiqamətində həyata keçirilən əməliyyatlarda nümayiş etdirdi”.

Müdafiə Nazirliyi “Nezavisimaya qazeta”ya tövsiyə edib ki, diqqəti Ermənistanda ictimai müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna əlavələr edilməsi məsələsinə yönəltsələr daha yaxşı olardı.

“Çünki bu qanun səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırımağa imkan verir. Qanun qüvvəyə mindikdən sonra Ermənistan könüllülük adı altında Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusilə Suriya və Livandan gətirilən muzdlu döyüşçülər və terrorçularla öz ordusunun komplektləşdirilməsi məsələsini qanuniləşdirmiş olacaq.

Bu cür dezinformasiyaların yayılmasında maraqlı olan rəsmi Yerevan regionda vəziyyətin yenidən gərginləşərək münaqişənin alovlanmasına və buraya daha çox tərəflərin cəlb olunmasına münbit şərait yaratmağa çalışır”.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir