Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS (Azerbaijan News Service) Müstəqil Yayım və Media Şirkətinin yayımının dayandırılması ilə bağlı informasiya yayıb.

Şuradan verilən məlumatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev son günlər Türkiyədə baş vermiş olayları birmənalı şəkildə dövlət çevrilişi cəhdi, Türkiyə dövlətçiliyinə, türk xalqına, onun iradəsi və seçiminə qarşı törədilən dəhşətli cinayət kimi qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib və bununla bağlı ölkənin uyğun orqanlarına gərəkli tapşırıqlar verib.

Azərbaycan ictimaiyyəti, vətəndaş cəmiyyəti institutları Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirərək hakimiyyət çevrilişi cəhdini pisləyib, bunun yolverilməz olduğunu, Türkiyə dövlətçiliyinin əsaslarının sarsıdılmasına yönəldiyini bildiriblər. Təəssüf ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna zidd mövqe tutub, Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu qurum kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı olayları təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib.

ANS Müstəqil Yayım və Media Şirkəti
ANS Müstəqil Yayım və Media Şirkəti

Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən olayların “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətullah Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb.

Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş ediblər.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.

Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib.

ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə uyğun müraciət olunacaq və son qərar məhkəmə tərəfindən veriləcək.

Mirşahin Ağayev Ərdoğanı istefaya çağırıb

“Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsi baş verdikdən sonra ANS televiziyası hadisələrlə bağlı dəqiqləşdirilməmiş məlumatlar yaymaqla yanaşı, Azərbaycan dövlətinin hadisələrlə bağlı mövqeyi ilə ziddiyyət təşkil edən mövqe ortaya qoyub”.

Bunu Reporta açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqarmlaşdırma və analitika şöbəsinin rəhbəri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, iyul ayının 16-da ANS dəqiqləşdirilməmiş məlumat yayaraq “Türkiyə prezidentinin devrildiyini” elan edib: “Nəzər nöqtəsi” verilişinin aparıcısı hadisələri şərh edərkən bildirib ki, hakim partiyanın daxilindəki gərginlik, xarici siyasətində buraxdığı səhvlər ortya çıxan nəticəni gözlənilən edib. Mirşahin Ağayev isə efirdən “Şəxsən mən Ərdoğanın yerində olsaydım, istefa verərdim” fikirlərini səsləndirib. Mirşahin Ağayev Türkiyə prezidentinin istefa verməsinin labüdlüyünü qeyd edib. Daha sonra bildirib ki, baş verən hadisələrə görə məsuliyyət dövlət başçısının üzərindədir. ANS televiziyası yayımladığı verilişlərdə Türkiyədə çevrlişə cəhd edənlərin xəyanətini işıqlandırmaq əvəzinə, Türkiyənin legitim hakimiyyətini baş verənlərdə günahkar çıxarmağa çalışıb və s.”

T.Dadaşov bildirib ki, ANS televiziyasının sərgilədiyi mövqe Azərbaycan ilə Türkiyə dövlətləri arasında mövcud olan ikitərəfli münasibətlərin korlanması təhlükəsi yaradıb: “Bundan başqa, hadisələr işıqlandırılarkən qəddarlıqla öldürülmüş insan cəsədləri nümayiş etdirilməklə də qanunvericiliyin tələbləri pozulub”.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin milli maraqlardan çıxış edən rəsmi mövqeyi açıqlandığı halda, ANS kanalının bu cür addımları bu kanalın redaktə siyasətində problemlərin olduğunu ortaya qoyur.

Azərbaycanın heç bir provayderi ANSPRESS.com-u bloklamayıb

Gecce.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə yazıb. O bildirib ki, Forum olaraq ANSPRESS.com onlayn xəbər resursuna blok qoyulması məsələsinə aydınlıq gətirmək üçün müəyyən araşdırmalar aparılıb:

“Bu məsələ kifayət qədər ictimai əhəmiyyət kəsb edir və qapadılma ilə bağlı hən hansı rəsmi açıqlama da verilməyib. Son illərdə Azərbaycan internetində hər hansı senzura amilinin olmaması, məhkəmə qərarı olmadan internet resursun bloklanmaması, ən kritik anlarda Azərbaycan internetin azadlığına xələl gətirəcək addımların atılmaması fonunda yetərincə auditoriyaya malik anspress.com saytının bloklanması ekspertlər tərəfindən də birmənalı qarşılanmamışdı.

Bu günə əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, ANSPRESS.com xəbər resursu ölkə ərazisində fəaliyyət göstərən heç bir provayder tərəfindən bloklanmayıb.

Bununla belə anonimayzerlər vasitəsilə də sayta daxil olmaq mümkündür.
Belə olan halda düşünmək olar ki, baş verən hadisələrdən sonra bu xəbər resursunun fəaliyyəti onun öz sahibi, ANS rəhbərliyi tərəfindən müvəqqəti olaraq dayandırılıb.

Güman ki, resurs sahibi öz serverində Azərbaycana aid ilan İP ünvanları bloklayıb və ölkədən bura giriş qapadılıb.
Ümid edirk ki, bununla bağlı şirkət rəhbərliyi tərəfindən rəsmi açıqlama veriləcək”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın