Mirzə Ələkbər Sabir Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə görkəmli şairin 155 illiyinə yaradılmış “Mirzə Ələkbər Sabir virtual muzeyi” layihəsinin tanıtım toplantısı keçirib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan toplantını tanınmış jurnalist Vəsilə Vahidqızı açıb. O, M.Ə.Sabir irsinin virtual muzey formatında təşkil edilməsinin alqışadəyər olay olduğunu bildirib.

Daha sonra fondun prezidenti Sevda Tahirli çıxış edərək virtual muzeyin qurulmasının məqsədini açıqlayıb:

“İctimai düşüncə tariximizin görkəmli nümayəndələrindən olan M.Ə.Sabirə istər öz xalqımız, istərsə əcnəbi vətəndaşlar tərəfindən çox böyük bir sevgi və maraq var. Bilirsiniz ki, onun Bakıda muzeyi yoxdur. Yalnız Şamaxıda var. Həmin muzey də restavrasiya olunması üçün müvəqqəti olaraq istifadəyə dayandırılıb. Bununla yanaşı, şairin külliyyatı pərakəndə halda idi. Buna görə də Sabirin həyat və yaradıcılığı ilə tanış olmaq istəyən yerli və əcnəbi vətəndaşlar çətinlik çəkirdilər. Biz də onun həyat və yaradıcılığı ilə bağlı bütün materialları bir araya gətirmək məqsədilə virtual muzey yaratmaq qərarına gəldik. Beləliklə, Sabir haqqında mövcud olan foto, video və yazılı arxivləri, kitabxanalarda, şəxsi kolleksiyalarda saxlanmış materialları bir araya topladıq və rəqəmsallaşdırdıq. Sözsüz ki, bütün bunları dövlət dəstəyi sayəsində reallaşdıra bildik. Bu virtual muzey sabirsevərlərə, ədəbiyyatsevərlərə M.Ə.Sabirin 155 illiyi münasibətilə fondumuzun bir töhfəsi oldu”.

Daha sonra materialların virtuallaşdırılmasını həyata keçirən Azərbaycan Fotoqraflar Birliyinin üzvü Nurlan Tahirli virtual muzeyin qısa tanıtımını edib. Muzeydə Sabirin Şamaxıdakı ev muzeyinin 360 panoramik görüntüsü, həyat və yaradıcılığı, mütəfəkkirlərin şair haqqında dedikləri, virtual kitabxana və arxiv sənədlər, həmçinin şəxsi əşyalarının fotoları yer alıb. Sabirin 1912-ci ildə nəşr olunmuş nadir “Hophopnamə” kitabı da virtual muzeyə salınıb.

Tanıtımdan sonra muzeyin yaradılmasında birbaşa əməyi olan AMEA Mərkəzi Elmi Kitabaxanının müdiri Leyla İmanova çıxış edib. O, Sabirin yaradıcılığıyla bağlı nümunələrin tək bir baza formasında yaradılmasını tarix adına önəmli addım olduğunu bildirib.

Toplantıya ziyalılar, elm adamları, tanınmış QHT və media nümayəndələri, tələbələr qoşulub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın