Milli Məclisin deputatı Qənirə Paşayeva Çanakkalanın Onsekiz Mart Universitetində “Azərbaycan və Türkiyə bir millət, iki dövlət münasibətlərinin dünəni, bu günü və gələcəyi ” adlı konfransa qatılıb.

Gün.Az xəbər verir ki, Çanakkala valisi, bölgənin rəsmi şəxsləri, universitetin rəhbərliyi, müəllimləri, QHT və KİV təmsilçilərinin geniş qatıldığı konfransda çıxışına “qardaş Türkiyədə terror aksiyaları və terrorla mübarizə zamanı çoxlu sayda qardaş-bacılarımız həyatını itirib” – deyə, başlayan Q.Paşayeva “terror nəticəsində və terrorla mübarizə zamanı həyatını itirmiş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir,  terroru və arxasında duranları lənətləyirik”, deyib.
Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan Qənirə Paşayeva “o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma birlikdə bütün terrorçulara layiq olduqları cavabı verəcəyik, belə qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək”, deyə bildirib.
Ermənistanın, erməni terror təşkilatlarının 24 il əvvəl Azərbaycanda törətdiyi terror hadisələri barədə danışan deputat  “bir neçə gün əvvəl yayılmış fotolarda gördünüz ki, Xocalı Soyqırımında, Qarabağda törədilən cinayətlərdə birbaşa əli olan Ermənistanın cinayətkar müdafiə naziri Seyran Ohanyan PKK terror təşkilatı sıralarında Türkiyəyə qarşı savaşan birisinin cənazə mərasiminə qatılmışdı və həmin cənazə Ermənistan və PKK terror təşkilatı bayrağına sarılmışdı”, deyib.
“Bu bir daha onu göstərir ki, 24 il əvvəl Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə görə ədalət qarşısında cavab verməyən o canilər indi də Türkiyə əleyhinə terrora və terror hadisələrinə dəstək verir.
Ona görə də biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə nail olacağıq. Azərbaycan olaraq, acınız acımız, üzüntünüz üzüntümüzdür”, deyə o, bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi mesajlara xüsusi toxunan Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu səfər dosta da, düşmənə da çox önəmli mesaj oldu deyib.
Canakkala zəfərinin 101-cü ildönümü oldu deyən Q.Paşayeva, 100 il sonra yeni bir Çanakkaladan keçirik və inşallah dədələrimiz kimi biz də zəfər qazanacağıq deyib.  Çanaqqalada yüzlərlə Azərbaycan türkünün şəhid olduğunu deyən millət vəkili dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq, deyə əlavə edib.
O, çıxışında 31 Mart soyqırımı, 1992-ci il Xocalı və Qaradağlı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib.
Q.Paşayeva Türk gəncliyini Qarabağ həqiqətləri və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib.
Deputat konfransdan sonra bölgənin fəal gənclər təşkilatları və qadın təşkilatları ilə də görüşüb və geniş fikir mübadiləsi apararaq onları Azərbaycana dəvət edib. Millət vəkili həmçinin universitetdə çalışan azərbaycanlı alimlər, aydınlarla da görüşüb və geniş söbət edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın