Son zamanlar Yaxın Şərqdə, İran ətrafında baş verən olaylar, verilən qərarlar dünya siyasətinin trendini yaradır. ABŞ-ın, onun ardınca daha iki ölkənin (Qvatemala və Paraqvay) öz səfirliklərini Təl-Əvivdən Qüdsə köçürməsi, ABŞ-ın birtərəfli qaydada, üstəlik də müttəfiqləri saymazyana şəkildə İranla bağlanan nüvə razılaşmasından çıxması dünya paytaxtlarında birmənalı olaraq qarşılanmır. Bu günlərdə ABŞ Dövlət Departamentinin yeni rəhbəri Mayk Pompeonun da İranla bağlı səsləndirdiyi düşüncələr, bu ölkəni tarixdə görünməmiş sanksiyalarla hədələməsi çox sayda müzakirələrə gətirib çıxarıb.

Sputnik Azərbaycanın əməkdaşı bu mövzular ətrafında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza ilə həmsöhbət olub.

– Birləşmiş Ştatların Qüdsdə səfirlik açması Yaxın Şərq regionuna və sülh prosesinə necə təsir edəcək? Regionun gələcəyini necə görürsünüz?

— Bu addım artıq qan tökülməsi ilə nəticələnib və bu regionda davamlı zorakılığın başlanılmasına səbəb ola bilər. Bu addım, həmçinin sülh prosesini də məhv edə bilər, çünki Birləşmiş Ştatlar artıq dürüst vasitəçi kimi görünmür. Lakin ümumi olaraq nəticə daha yaxşı ola bilər. Çünki prezident Tramp Qərbi Qüdsün de-fakto olaraq İsrailin paytaxtı olmasını vurğulmaqda haqlıdır. Lakin Tramp konsensusun əsas elementi — Şərqi Qüdsün sülh prosesinin uğurlu nəticəsi olacaq gələcək Fələstin dövlətinin paytaxtı olmasından imtina etməklə ciddi problem yaratdı.

– Türkiyə, İran, İordaniya və digər müsəlman ölkələri prezident Donald Trampın səfirliyi Təl-Əvivdən Qüdsə köçürmək barədə qərarını pislədi. Bu proses Birləşmiş Ştatlar və müsəlman ölkələrinin əlaqələrinə necə təsir edəcək?

— Müsəlman ölkələri öz mədəniyyətləri və xarici siyasətlərinə görə fərqlənir. Türkiyə Birləşmiş Ştatların digər NATO üzrə tərəfdaşları kimi rəsmi Vaşinqtonun bu addımını tənqid edir, lakin mən inanıram ki, iki ölkə zədələnmiş əlaqələri artıq bərpa etməyə başlayıb. Səudiyyə Ərəbistanı və İordaniya bu qərarı tənqid etmələrinə baxmayaraq, prezident Tramp üçün strateji əhəmiyyət kəsb edəcəklər. İran və ABŞ qarşıdurma yolundadır. Bunun da əsas səbəbi İranın davam edən ballistik raket sınaqları, terrorizmi dəstəkləməsi və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməsi, həmçinin prezident Trampın İranla bağlanan nüvə sazişindən çıxmasıdır.

– Gəlin Trampın İranla bağlanan nüvə razılaşmasından çıxmaq barədə qərarından danışaq. Avropa və region ölkələrinin əksəriyyəti Trampın bu qərarı ilə razı deyil. Bu, ABŞ və onun tərəfdaşları arasında fikir ayrılığı anlamına gəlir?

— Əgər Birləşmiş Ştatlar İranda fəaliyyət göstərən Avropa bankları və digər şirkətlərə qarşı sanksiyaları bərpa etsə, onda mən düşünürəm ki, ABŞ və onun tərəfdaşları arasında qarşıdurmaya səbəb ola bilər. Bu qarşıdurma ticarət müharibəsinə bənzəyəcək. Çünki Tramp Administrasiyasının mümkün sanksiyaları metal və alüminium istehsalçılarına qarşı yönələcək. Yox əgər Avropa İttifaqının maliyyə və kommersiya təşkilatları Vaşinqton tərəfindən yeni sanksiyalarla üzləşməsə, onda ABŞ və onun avropalı müttəfiqləri qarşıdurmadan yayınacaq.

– Yeri gəlmişkən, prezident Tramp, həmçinin İrana qarşı sanksiyaları yenidən bərpa etmək istəyir. Nə düşünürsünüz, İrana qarşı sanksiyalar realdır?

— Prezident Tramp İranla imzalanan nüvə razılaşmasının bir hissəsi olaraq prezident Obamanın ləğv etdiyi sanksiyaları yenidən bərpa edəcək. Böyük ehtimalla, Birləşmiş Ştatlar İranın nüvə və ballistik raketlər proqramına cəlb olunan İran vətəndaşları və şirkətlərinə də əlavə sanksiyalar tətbiq edəcək.

– İran ətrafında yaşanan gərginlik və proseslər Cənubi Qafqaz regionuna, xüsusilə Azərbaycana necə təsir edəcək?

— Birləşmiş Ştatlar ilə İran arasında bərpa olunan gərginlik Vaşinqton üçün Cənubi Qafqaz regionunun, xüsusi ilə də Azərbaycanın strateji əhəmiyyətini artıra bilər. Buna bir sıra faktorlar – regionun İrana yaxınlığı, Yaxın Şərqdə Rusiya – İran oxunun qarşısını almaq və həmçinin İranın sərt və aqressiv rejimi ilə müqayisədə on milyonlarla iranlı üçün alternativ cəmiyyətin inkişafı cəhətdən Azərbaycanın cəlbedici olması dəlalət edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın