Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunda orfoqrafiya qaydalarının yenidən gözdən keçirilməsi və orfoqrafiya lüğətinin yenidən yayıma hazır­lanması elmi ictimaiyyət arasında böyük rahatsızlıq yaradıb. Təkcə onu deyim ki, mən bir axşamın – 19 yanvar Facebooku vərəqlədim, aşağıda adları göstərilən yoldaşların müzakirəyə verilmiş orfoqrafiya layihəsiylə bağlı çıxışları ilə qarşılaşdım: Şahlar Göytürk, Aqil Abbas, Mayıl Əsgərov, Qulu Məhərrəmli, F.Cəlilov, İdris Abbasov, Buludxan Xəlilov, Rafiq Yusifoğlu, Firuz Mustafa, Salam Sarvan, Nazim Nəsrəddinov, İradə Musayeva, Nəriman Əbdürrəhmanlı, Təranə Şü­kürlü, İlkin Əsgərov, Akif Aşırlı, Aynur Camalqızı, Səadət Şıxıyeva və b.

Akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu və direktorun yardımçısı Baba Məhərrəmli bir neçə dəfə çıxış edərək orfoqrafiya qaydaları üzərində işin önəmi, mahiyyət  və səbəbləriylə bağlı açıqlama vermişlər. İnstitutun mətbuat xidmətinin katibi Təranə Şükürlü  və bir sıra başqa yoldaşlar da eyni mövqedən çıxış etmişlər. Çıxış edən yoldaşların bir çoxu məsələyə tənqidi yanaşmışdır.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və Dil Siyasəti şöbəsinin müdiri, filologiya elmləri doktoru Mayıl Əsgə­rov müzakirələrə qoşulanları üç qrupa ayırmışdır. Yazar deyir:

Birincilər böyük çoxluq təşkil edir. Onlar həmin layihəni obyektiv şəkildə dəyərləndirə bilmək üçün nə gərəkli elmi po­­tensialı və qabiliyyəti, nə də lüğətçilik sahəsində uyğun təc­rü­bə və səriştəsi var. Bununla belə, bir vətəndaş kimi nə isə de­mək, aktivlik göstərmək istəyirlər.

İkincilərin ya uyğun elmi potensial və qabiliyyəti, ya da lü­ğə­tçilik sahəsində uyğun təcrübə və səriştəsi yoxdur. On­lar da yetərincə çoxdurlar.

Üçüncülərin isə həm layihəni düzgün dəyərləndirmək üçün uyğun elmi potensial və qabiliyyəti, həm də lüğətçilik sahəsin­də uyğun təcrübə və səriştəsi yoxdur.

Çıxışları gözdən keçirdikcə bu cür bölgünün uyğun olduğunu görürük. Ancaq bir cəhəti gücləndirmək gərəkdir ki, bir çox yanlış düşüncələr layihə ilə diqqətlə tanış olmamaqdan irəli gəlmişdir.

Yazıçı, publisist, tərcüməçi Nəriman Əbdürrəhmanlı qaydalar üzərində işi, lüğətin hazırlanması işini alqışlasa da, faktik olaraq ins­titutu başqa bir məsələdə ittiham etməyə, günahlandırmağa çalış­mışdır: “Son həftələrin dil “çılğınlığı” Azərbaycan Tərcümə Mər­kəzinin “Azər­baycan dilinin işlək orfoqrafiya sözlüyü”nün nəşrilə bağlıdır. Məni bir məsələ maraqlandırır: başbilənlərinin dediyinə görə, beş ildən bir yeni­lənməli olan orfoqrafik lüğətlə bu vaxtacan məsul olanlar niyə indi tərpənirlər, nəyə görə bu zərurəti indiyəcən gözdən qaçırıblar. Heç olmasa, işlək olmayan minlərlə sözü latın qrafikasına keçid zamanı üzə çıxarılan nəşrdə gözə almaq gərək idi. Ancaq həmin nəşr böyük tirajla çap olundu, azı iyirmi il redaktorların, korrektorların və başqa mütə­xəs­sislərin istifadəsində oldu. Həmin müddətdə dilimizə dəyən zərbənin məsuliyyətini bəs kim daşıyacaq?” Bununla yanaşı, yazar deyir: “Mən­cə, böyük zəhmət bahasına başa gələn sanballı bir işə sevinmək, ən azı, xeyirxah münasibət bəsləmək gərəkdir. Xeyirxah niyyətlə atılmış addımı süngüylə qarşılamaq, sadəcə olaraq, təəssüf do­ğurur”.

Yazarın iradı belədir ki, bu iş nə üçün vaxtında görülməyib? Nəyə görə bu zərurət Tərcümə Mərkəzinin buraxdığı lüğətdən sonra meydana çıxıb?

Əslində, qaydaya görə beş ildən bir çıxarılmalı olan lüğətin elə çap vaxtı in­didir – 13-cü ildən 5 il keçir. Ancaq məsələ tamamilə başqa cürdür. Öncə onu deyim ki, Tərcümə Mərkəzinin 70-80 il müd­də­tində 5-6 dəfə Dilçilik İnstitutunun əməyi ilə yayımlanmış lüğəti gö­türüb bir sıra sözləri ixtisar etməklə lüğət çap eləməsi tamamilə qanunsuz bir işdir və onların bu işə ixtiyarları yox idi. Çox olsa, onlar tər­cümə işi, tərcümə terminologiyası ilə bağlı lüğət hazırlaya bilərdilər. Orfoqrafiya ilə bağlı çıxış edənlərdən “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov çox doğru deyir: “Bu sahə ilə rəsmi qurum olan AMEA-nın Dilçilik İnstitutu məşğul olmalıdır, diletantlar, qeyri-peşəkarlar yox! İndi bəzi qurumlar müxtəlif lüğət, dərs vəsaiti, metodik göstəricilər çap edib maliyyə durumlarını yaxşılaşdırmaqla məşğul olur. Buna sözüm yox, ancaq alternativ olaraq “Orfoqrafiya lüğəti” çap etmək absurddur! Alternativ də “Orfoqrafiya lüğəti” olar? Qeyd-şərtsiz belə önəmli və məsuliyyətli işi Dilçilik İnstititu həyata keçirməli, dövlət və xalq qarşısında da hesabatı bu qurum verməlidir!”

İndi heç bir nə yerində deyil.

İkincisi də, Dilçilik İnstitutu lüğətin yeni çapına təzə başlamayıb. Vaxtından çox tez başlayıb. Bu hal 13-cü ildə çap olunmuş lüğətdəki çatışmamazlıqlarla bağlıdır.

Durum belədir ki, 2013-cü ildə çap olunmuş lüğətdə qüsurlar əmələ gəldi. Səbəb də bu oldu ki, lüğətin çapını kimlərsə həddən artıq tələsdirirdilər. Sovet dövründə, özəlliklə 1958-ci il müzakirələri zamanı çox təkmil orfoqrafiya qaydaları yaradılmışdı. Lüğətin 1975-ci il çapında qaydaların sayı 116-dır. Hətta burası da yadımdadır ki, 13-cü ildə qaydalar hazır olmamış, lüğəti çap edirdilər. Mən institutun elmi şurasında bu məsələni yada saldım: qaydalar hazır olmadan lüğəti çap etmək düz deyil.  Lakin, nədənsə, baxılmadı və lüğət tez çıxmalı oldu. Qaydalar bir qədər sonra çap olundu və bilinən oldu ki, sovet dövründə hazırlanmış qaydalar son dərəcə azaldılıb. Cəmi 36 qayda saxlanılıb.

Qaydalar süni şəkildə yaradılmır, sözün, şəkilçinin, morfemin, səsin təbiətindən doğur. Odur ki, onları bu qədər ixtsar edib yazılışı özbaşına buraxmaq olmazdı.

Nəticədə, gördüyümüz kimi, lüğətin 13-cü il çapı istifadəçilərə qüsurlu göründü. Burada başlıca qüsur nədir? Doğrudur, tək-tək sözlərdə iki cür yazılış da var, lap elə orfoqrafik nöqsan da var. Ancaq etiraz doğuran başlıca məsələ lüğətə çoxlu sayda “anlaşılmaz” sözlərin salınmasıdır.

İndi burda mən öz münasibətimi bildirmək istəyirəm. Çətin terminlər var – onlar bizim terminoloji lüğətlərimizdə – sahə lüğətlərində göstərilir. Alınma sözlər var – onlar bizim kamil ərəb, fars sözləri lüğətimiz var, orada toplanmışdır. Şivə sözləri var – onlar bizim institut tərəfindən hazırlanıb dəfələrlə çap olunmuş dialektoloji lüğətlərimizdə əhatə olub. İnstitut kamil arxaik sözlər lüğəti üzərində işləyir – arxaik sözlər ora salınacaq və b. Ruslar bir neçə ildən bir rus dilinə salınan yeni sözlərin ayrıca lüğətini hazırlayıb çap edirlər. Bizim “Orfoqrafiya lüğəti”miz də bu cür  uzun təkmilləşmə yolu keçib. Lüğətlər birdən-birə yaranmır. Tədricən yaranır və tədricən təkmilləşir. Bunun üçün öncə orfoqrafik qaydalara göz atılır, köhnəlmiş qaydalar islah edilir, dilin öz inkişafı ilə bağlı yeni qaydalar yaranır.

Bilirik ki, keçən minilliklər boyu belə özəl yazılı qay­dalar olmayıb. İlk dəfə Sovet hakimiyyətinin ilk illərində belə qaydalar müəyyənləşdirilib. İlk orfoqrafiya qaydaları 1925-ci ildə hazırlanıb çap edilmişdir. Bu qaydalar əsasında 1929-cu ildə ilk və yığcam “İmla lüğəti” nəşr edilmişdir. Bu lüğət Nizami adına Ədəbiyyat və Dil İnstitutu əməkdaşları tərəfindən zənginləşdirilərək 1940-cı ildə “Orfoqrafiya lüğəti” adı ilə çap olunmuşdur. Lüğətə 21000 söz salınmışdı. 1958-ci ildə qaydalara yenidən baxılmış, bir sıra dəyişikliklər edilmişdir. O yazılıb a ilə oxunan (Maskva, Adessa, labaratoriya kimi sözlər) tipli sözlər  (8-ci maddi) bəyənilmədiyi üçün bir il sonra Nazirlər Sovetinin qərarı ilə dəyiş­dirilmiş, belə sözlərin o ilə yazılması qərarlaşdırılmışdır. 1960-cı ildə yeni “Orfoqrafiya lüğəti” hazırlanmışdır. 1940-cı ildə çap olunmuş lüğət üzrə hazırlanmış bu lüğətdə 40 000-dən artıq sö­z vardı. 1975-ci ildə yayımlanmış “Azərbaycan dilinin or­fo­qrafiya lüğəti”nə 58 000 söz salınmışdı. 2004-cü ildə lü­ğət yenidən çap olunarkən artıq sözlərin sayı 80 000-ə yaxın idi. 2013-cü ildə (6-cı nəşr) lüğətə 30 000-dən çox yeni söz artırılmışdır (110 min 563 söz). Yeni sözlər musiqi adları, xörək ad­la­­rı, siyasi terminlər, hüquq terminləri və b. olmuşdur. Görün­düyü kimi, lüğət hər dəfə təkmilləşdirilmiş, zənginləş­di­rilmişdir. Və hər dəfə “Qaydalar”a da baxılmış, cüzi də olsa, düzəlişlər edilmişdir.  Mə­sələn, 1940-cı il qaydalarına ü hərfi daxil edilmədiyi halda, 1947-ci ilə qədər kortəbii şəkildə ü hərfindən istifadə edilmişdir. 1958-ci ilə qədər ə, ö, e hərflərindən istifadə edilmiş, yalnız 58-ci ildə bunlar ya, yu, ye şəklində yazılması qərarlaşdırılmışdır. Yəni həmişə təkmilləşmə olmuşdur.

Beləliklə, 2013-cü ildə lüğətə əlavə çoxlu söz salınmışdır. Mən fikrimi deyirəm. Elmin, texnikanın müxtəlif sahələrinə aid olan bu cür yeni sözlərin bir qisminin  mənasını mən bilmirəm, sən də bil­mir­sən. Ancaq həmin sahə sözlərinin öz adamları var. Orfoqrafiya lüğəti ondan ötrü deyil ki, sən söz öyrənəsən. Bu lüğət ondan ötrüdür ki, sən axtardığın sözün dəqiq yazılışını müəyyən edəsən. Başqa sözlə sənin nə işin var? O sözün öz yiyəsi var, o da onu axtarmalıdır. Sənin narazılığın odur ki, lüğətdə “artıq” sözlər var və o sözlər sən axtardığın sözün asan tapılmasına mane olur, adamı qıcıqlandırır. Onda gərək dar sahənin mütəxəssisləri də deyə ki, sən bir belə ümumişlək sözü nə üçün bura doldurmusan ki, mən axtardığım sözü tapa bilmirəm. Lap asan tapmaq istəyirsən, məktəblinin orfoqrafiya lüğəti var, ora bax.

Ancaq onu da deyim ki, məsələ təkcə belə deyil. 13-cü ilin lü­ğətində felin məna növləri üzrə dəyişə bilən və əslində, çox nadir hal­larda işlənə bilən, lap elə dəqiq desək, bir sıra qurama sözlər də var. Bu hal lüğəti gözdən salır.

Lüğət çap olunduqdan az sonra (13-cü il) narazılıqlar görünməyə başladı və Dilçilik İnstitutu da bunları boş buraxmadı.Tofiq müəllim – akad. T.Ha­cıyev direktor vəzifəsini tutduğu gündən bu  işlə məşğul olmağa başla­dı. O zaman lüğət bu qədər səs-küyə səbəb olmamışdı və elə də bir cid­di narazılıq yox idi. Tofiq müəllim mənə tapşırdı ki, institutun özündən, başqa ali məktəblərimizdən bu sahəyə yaxşı bələd olan mütəxəssisləri toplayıb bir komissiya yaradım və az vaxt ərzində lüğətin qüsurlarını aradan qaldırıb müzakirəyə və çapa verək. Mən Dilçilik İnstitutundan və başqa ali məktəblərimizdən bu işi yaxşı bilən 6 nəfərlik komissiya yaratmalı oldum. Biz həftədə bir neçə dəfə görüşüb işləməklə çox iş gördük. İki cür yazılışları,  tam anlaşılmaz və artıq görünən sözləri, lüğətə salınmamış yeni sözləri tapmaqla məşğul olduq və çox da iş gördük. Biz məsələni o vaxt qurtaracaqdıq. Çox ciddi bir maneə ortalığa çıxdı. Çap olunmuş lüğəti yenidən kompüterdə yazdır­maq və onu yoxlayıb düzəltmək, sonra üzərində islahat aparmaq hədsiz dərəcədə vaxt tələb edərdi və bizim düzəltdiyimiz lüğət kompüter nöqsanlarına görə öncəkindən (13-cü il çapından) daha qüsurlu olardı. Odur ki, biz qanuni yolla, üzərində işləmək üçün Şərq-Qərb Nəşriy­ya­tından lüğətin elektron variantını almağa çalışdıq. Vermədilər, lap döv­lət səviyyəsində çalışdıq, vermədilər. Ona görə vermədilər ki, illərdən bəri institutun əməkdaşlarının böyük zəhməti ilə meydana çıxan bu lüğəti çap edib satır və onun pulundan bir manat da institutun əmək­daş­larına vermirdilər. Zəhmət çəkən institut, fayda götürən nəşriyyat. Ona görə vermirdilər ki, lüğəti institut başqa bir mətbəədə çap etdirib fayda götürə bilərdi. Dedilər ki, siz düzəlişlərinizi verin, biz özümüz düzəldib çap edərik. Əgər elektron variantı əldə edə bilsə idik, o vaxt bu iş qur­tarardı və indi məsələnin kökünü bilmədən meydana çıxarılan söz-söh­bət də olmazdı, Nəriman müəllim Əbdürrəhmanlı da bizi danlamazdı. Tofiq müəllimin qəfil vəfatı da işin ləngiməsinə təsir etməmiş deyil.

Möhsün müəllim direktor olduqdan dərhal sonra bu işlə məşğul olmağa başladıq. Ancaq indi məsələ bir qədər genişlənmişdi. Belə ki, təkcə lüğətə deyil, yenə qaydalara da göz salmaq gərək olur. Dedi­yim kimi, qaydalar çox ixtisar olunmuşdu, lüğəti düzəltmək üçün bir sıra qay­daları bərpa etmək lazım idi. Lakin bu sahədə də elə bir geniş iş apar­mağa eytiyac yox idi. Çünki sovet dövründə nizama salınmış qaydaların çoxu çağdaş dilimiz üçün də yararlı idi, onları sadəcə bərpa etmək lazım idi.  Yalnız bir neçə qaydada kiçik dəyişiklik edilmişdir.

Bir yeniliyi mən təklif etmişəm. Öncəki qaydalarda belə idi ki, idi, imiş ədatları adlardan ayrı yazılmalıdır: Həsən idi, yaxşı idi, tez idi və b. Bitişik yazmaq düz deyil, məs.: Həsəndi, tezdi və b. şəkildə yazmaq nöqsan sayılır (amma bədii dildə bu cür yazanlar var). Bu qayda olduğu kimi qalır. Feillərdə belədir: feil samitlə qurtardıqda idi, imiş bi­tişik də yazıla bilər, ayrı da: yazmışdı – yazmış idi, alırdı, alır idi. Əs­lin­də, ayrı yazmağa ehtiyac yoxdur, lakin qaydaya toxunulmadı, beləcə də qaldı. Feil saitlə bitdikdə keçmiş qaydaya görə idi, imiş ayrı yazıl­ma­­lıdır: almalı idi, almalı imiş. Lakin qaydalardan asılı olmayaraq, bu cür sözlər çox vaxt y bitişdiricisi ilə bitişik yazılır: almalıydı, gəl­mə­liymiş. Praktikadan gəldiyi üçün biz bunu qəbul edib müzakirəyə verdik.

Qalan dəyişikliklər aşağıdakılardır.

1.Layihənin 22-ci maddisində deyilir:

22.Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürü­lə­rək, hərfi ilə yazıl­ma­sı məqsədəuyğun sayılır: əs ər, əs inas, İs əndər, iş əncə və b.

Qeyd: Bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indi­yədək hərfi ilə yazılmışdır. Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir.

(Bir əhvalat yadıma düşdü. Bir yaşlı müəllimim var idi. Dedim ki, bu sözdə c olar, ç yox. Dedi ki, 40 ildir, dərs deyirəm. Heç vaxt ç ilə c, g ilə k hərflərini fərqləndirməmişəm).

Layihədəki bu qaydaya aşağıdakı yoldaşlar etiraz edir.

Qulu Məhərrəmli yazır: “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklifi məqbul sayılıb. “Əsgər”, “əsginaz” sözlərində əsas gətirirlər ki, mənbə dildə bu söz belə yazılır. Mənbə dilə istinad etmək kökündən yanlışdır. Bu sözlərin yazılışı ilə bağlı irəli sü­rülən təkliflərdə mən ciddi prinsip görmürəm”.

Dilçilik İnstitutunun şöbə müdiri İ.Abbasov layihədə göstərilən İskəndər, Əskər, əskinaz, işkəncə  sözlərini nəzərə alaraq əsgər çözü haq­qında yazır: “Bu söz  illərdir dilimizdə “əsgər” kimi qəbul edilib, dil­də heç bir pis məna da vermir. Bu sözü dəyişmək əlavə problem ya­ratmaqdır. Bu qəbildən olan digər sözlərin dəyişməsinə də münasibətim eynidir, qəbul etmirəm. Türkiyə türkcəsində “asker” kimi yazılır, bizim dil­də də yazılışı ona uyğunlaşdırmaq istəyirlər”. “2004-cü ildə “alğı-sat­qı”, 2013-cü ildə “alqı-satqı” və 2018-ci ildə yenidən “alğı-satqı”.

İnstitutun şöbə müdiri Mayıl Əsgərov:  “Birincisi, əsgər, əsginas, İsgəndər, işgəncə sözləri incə saitlər silsiləsi əsasında formalaşan söz­lərdir və Azərbaycan dilinin fonetik qaydalarına əsasən incə sait silsiləli sözlərin orta hecalarında bir qayda olaraq cingiltili samitlər işlənir. Belə sözlərin ortasında kar samitin işlənməsi dilin təbii axıcılığını pozur, tə­ləffüzdə çətinliklər yaradır. Əgər biz həmin hərfi [g] kimi tələffüz edəcəyiksə, onu [k] kimi yazmağın məntiqi səbəbi başa düşülən deyil”.

M.Əsgərov yenə yazır: “Qeyd edilən əsgər, əsginas, İsgəndər, işgəncə sözlərində [g] samitini [k] samiti ilə əvəz edərək “ortaq türk dili” yaratdığını düşünən həmkarlarımızın nəzərinə bunu da çatdırmaq istərdik ki, bu sözlər türk dilində asker, eskinas, İskender, işkence kimi yazılır və [k] səsi ilə də tələffüz olunur. Çünki türk dilində həmin sözlər sabit incə sait silsiləsi əsasında yaranmış sözlər deyil. Həmin sözlərdə qalın-incə, neytral-incə sait əvəzlənmələri vardır. Bu səbəbdən də türk dilində həmin sözlərin təbii axıcılığında heç bir maneə hiss olunmur. Bir daha qeyd etmək istəyirik ki, bu dörd sözdə bir hərfi dəyişməklə “ümumtürk dili” yaranmır, amma Azərbaycan dilinə güclü zərbə dəyir”.

B.Xəlilov belə sözlərin aid olduğu qaydanın  daha geniş müza­ki­rəsini gözlə­diyini bildirmişdir.

Nazim Nəsrəddinov da həmin sözlərin əsgər, misgər, dü­lgər, sən­gər, zərgər, çilingər şəklində g ilə yazılışını düzgün sayır.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı da dəyişiklikləri bəyənməyib.

Beləliklə, qaydalardakı dəyişiklikdən biri budur ki, əs ər, əs inas, İs əndər, iş əncə  tipli sözlərdəki k səsi bizim nitqimizdə səsi ilə tələffüz olunsa da, həmin səsin mənşə dilə uyğun olaraq k ilə işarə edilməsi məsləhətdir.

2.  Layihənin etiraz doğuran bir bəndi də belədir:

12. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəş­rində metafor, profilaktori, sanatori şəklində verilmiş sözlə­rin meta­fo­rapro­­filak­to­riya, sana­to­ri­ya kimi yazılması tövsiyə olunur”.

Qulu Məhərrəmli yazır: “10-15 il bundan əvvəl “metafora” yazmışıq, 2013-cü ildə çıxan lüğətdə “metafor” edilib. İndi də təklif edirik ki, yazaq “metafora”. Bu onu göstərir ki, bu məsələlərə yanaş­ma­da ciddi elmi prinsip yoxdur”.

İ.Abbasov: “2004-cü ildə “metafora”, 2013-cü ildə “metafor”, 2018-ci ildə

yenidən “metafora”.

İdris Abbasov da bu sözlərin təklif olunan yeni yazılışına etiraz edir: “Demirəm ki, sözlər mənbə dildə olduğu kimi yazılmalıdır. Söz di­limizə rus dilindən metafora şəklində keçib və bu da normal idi. İllərdir metafora kimi işlətmişik və qəbul edilib. 2013-cü ildə sözün metafor edil­məsinə ehtiyac yox idi. İndi yenidən 2004-cü ildəki variantına qa­yıdırıq. Bu, istənilən oxucuda, dil daşıyıcılarında Dilçilik İnstitutu, lü­ğəti tərtib edənlərlə bağlı qeyri-ciddi obraz yaradır”. Müəllif profilak­to­riya, sana­to­ri­ya  sözləri haqqında da belə düşünür.

Deməli, bir məsələ də vaxtilə metafora şəklində – son a saiti sax­lanmaqla yazılmış bir neçə sbzün son a saiti haqqındadır: əvvəlki lü­ğətlərdə a saiti olub, 13-cü ildə çıxarılıb, indi  yenə bərpa etmək istə­yirik və bu məsələ xoşa gəlmir.

3-cü bir məsələ. Layihənin 37-ci bəndi:

37 . Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində – iyyat,- iyyət və -iyyə şə­kil­çisi olan sözlər qoşa yy samiti ilə yazılmışdır. Hazırda həmin sözlər bir [ y] ilə tə­ləf­füz olunur. Buna görə də fonetik prinsipə əsas­la­naraq tərkibində həmin şəkilçilər olan sözlərin bir ilə yazılması məq­sədəuyğun sayılır. Məsələn: cərrahiyyə – cər­ra­hiyə, döv­riy­yə – dövriyə, ədəbiyyat – ədəbiyat, fəaliyyət – fəaliyət, maliyyə – maliyə üs­lu­biy­yat – üslubiyat və s.

Qeyd: Qəyyum, səyyah, səyyar, səyyarə, təyyar kimi sözlər is­tis­na­dır.  Eh­ti­yat, mərsiyə, saniyə, təhkiyə, tərbiyə, təziyə, tövsiyə kimi söz­lər isə indiyədək bir ilə yazılmışdır və onların yazılışı olduğu kimi qalır.

Bu qaydaya etiraz edənlər:

İ.Abbasov: “Bu təkliflə də razı deyiləm. Onsuz da bu sözlərə tarixən uy­ğun­laşmışıq, artıq deyilişdə hansı sözün bir, hansının iki “y” ilə yazılması anlaşılır. “İyyat”, “iyyət” şəkilçisi yoxdur, bunun dilimizə hansı dildən gəlməsi bəlli deyil. Ərəb dilində iyyun şəkilçisi var, biz bunu “i, vi” şəkilçisi kimi qəbul etmişik. “Bə­şəri” sözünü onlar “bəşəriyyun” kimi yazırlar. “Bəşəriyyun” sözündən “bəşəriy­yə­tun” sözü düzəlir, biz də onu bəşəriyyət sözü ilə uyğunlaşdırırıq. Ərəb dilində də “ət, at” şəkilçisi var, amma “iyyat” necə yaranıb, onu bilmirəm. “Bəşəriyyətun” sözündə -“bəşər” sözün kökü, “iyyun” nisbi sifət şəkilçisidir, “ətun” isə nisbi si­fətdən yenidən isim düzəldən şəkilçidir. Ərəb dilində belə söz­düzəltmə var. Ümu­miyyətlə, ərəb dilində –iyyat şəkilçisi yoxdur, çünki y-dan sonra “ə” heç zaman “a” ola bilməz. Poeziya dilində Mikayıl Müş­fiq, Cəfər Cabbarlı şeirlərini tələffüz edən­də nəinki qoşa “yy” hər­finin (səsinin – Q.K.) birini ixtisar edir, hətta birini də artırırıq. Bu, psi­xolinqvistik aktın fonetik səviyyədə gerçəkləşməsidir. “İyyat”, “iyyət” şəkilçilərində ixtisara heç bir ehtiyac yoxdur. Ola bilər ki, dilimizi Türkiyə türkcəsinə uyğunlaşdırmaq, ortaq dil yaratmaq məqsədilə bu addım atılır. Lakin be­lə bir düşüncə ilə yanaşılırsa, bu, yanlış addımdır”.

Q.Məhərrəmli də belə sözlərdə y hərflərindən birinin ixtisarı əleyhinədir.

Şahlar Göytürk belə sözlərdə y hərfinin birinin öləcəyini eşidib son dərəcə kədərlənmiş, ayrılıq anında iyyət şəkilçisini böyük həyəcanla bağrına basaraq,  ayrıla bilmək qorxusu ilə dərin üzrxahlıq edir: “Dilimin özəlliyi “-iyyət”im mənim! Sənin kəramətini indi-indi anlayıram. Bu “y“ların ürəyimə yağ kimi yayılır. Səni bir y ilə tələffüz etdiyim üçün bağışla məni!”

Aqil Abbas bu münasibətlə yazır: “Nə bilim iki samitin biri düş­məlidi, «ədəbiyyat» yox, ədəbiyat» yazılmalıdı, «riyaziyyat» yox, «riya­ziyat» yazılmalıdı. Deməli, adında iki samit olanlar gedib pasportlarını, şəxsiyyət vəsiqələrini də­yiş­məlidirlər də?! Məsələn, «Məhərrəm» yazıl­malıdır «Məhərəm», adam da səhv elə­di, ortadakı «ə»ni yedi, «Mə­hə­rəm» oldu «Məhrəm». Məsələn, «eşşək» sözünü «eşək» yazmalıyıq. «Eşək» hara, «eşşək» hara?! Hələ elə adamlar var ki, onlara «eşşək» de­yəndə də ürəyin soyumur, üç «ş»la deyəndə ləzzət eləyir”.

Aqil müəllim yumorlu və hazırcavab adamdır. Bir dəfə televiziya veri­li­şində boşanmış bir müğənni (boşanmayanlar olduğunu bilmirəm) gi­leylənirdi ki, boşanmış qadınlara pis baxırlar, çəkilişdə olanlar buna yün­gül etiraz edəndə həmin xanım Aqil Abbasa üz tutub soruşdu: “Bax, məsələn, Aqil müəllim, sən məni oğluna alarsanmı?” Aqil də cəld cavab verdi: “Oğlumu deyə bilmərəm, amma imkanım olsa, özüm alardım”.

İndi bu orfoqrafiya məsələsində də assosasiya ilə harda qoşa samit varsa, hamısını qatıb bir yerə. Amma doğru deyir, həqiqətən eşşəksözündə ikidən artıq ş deyəndə adama ləzzət verir. İxtisar bizim qaydalarda hər qoşa sözə deyil, ədəbiyyat tipli sözlərdə qoşa ysamitinə aiddir və müzakirəyə də ona görə verilib ki, ziya­lılarımızın münasibəti bilinsin.

Qaldı o eşşək söhbətinə, mən bu sözün lağa qoyulması ilə razı de­yiləm. Çünki eşşəyin xətrinə dəyər. Eşşək son dərəcə məsum və təmiz heyvandır. Yalnız ot yeyir, bir dəfə palçığa girdimi, öldürsən də, bir daha girməz. Hamının yükünü daşıyır. Heç kəsə zərər vurmur. Hətta ki­şi xeylaqlarının başqa işlərinə də yarayır.

Yenə keçək orfoqrafiya məsələlərinə.

Tənqidi fikirlərin bir qismi lüğətdəki sözlərə aiddir.

Şair Salam Sarvan lüğətdəki (2013) bir sıra sözləri çox məharətlə bir yerə toplayıb: “Ağacgəmirmə, arvadoğlu, asfaltsifət, ağız­danolma, bəsti­qoy­ma, butulk­aboğaz, buynuzaməxsus, cordanabən­zərlər, cırrıtgetmə, cəmdəkyemə, çəngəl­varı­lıq, dodaqaltıazaylanma, do­nuz­bala, çoşqabala, əndə-məndə, əngəbəngə, əsəbiy­yəçi, əzginiş, fısa­fı­s­etmə, fahişəolma, fisqü-ficurluq, gəzmələrdənolma, göbəkyaz­ma, kon­frans­zəng, lortçulök­do­daq, milliləşdirmənigötürmə…”

Sonra yazır: “Sayı 40 000-dən artıq olan bu biabırçı “sözlərin” bu günə qədər hörmətli dilçilərimizin və onların havadarlarının nəzər-diqqətini cəlb elə­məməsi ciddi sual doğurur. Dilimizi təhqir edən bu “sözlər”in lüğət­lərdə yer al­masına məsuliyyət daşıyan dilçilərimiz, ilk əvvəl, qoy bu su­ala cavab versinlər”.

Doğru deyir. Boynumuz qıldan nazikdir. Amma belə sözləri də ayrıca bir lüğətə yığmaq yaxşı olardı. Heç bir sözü itirmək düz deyil. Elə lüğətin yeni nəşrinin çətinliklərindən biri onu belə sözlərdən təmiz­ləməkdən ibarətdir.

4. Başqa bir qayda.

33. Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda iş­lənən qo­şa ss samitindən yalnız biri yazılır: ekspress – ekspres, kon­qress – konqres, stress – stres və s.

Bu qayda 13-cü ildə çap olunmuş qaydalarda yoxdur. Amma lü­ğət bu qayda əsasında tərtib edilmişdir və sözlər konqres, ekspresşək­lində bir s ilə yazılmışdır. Bunun – bu qaydanın daxil edilməsinin elmi və tədris əhəmiyyəti vardır.

Vəssəlam. Bütün bü hay-haray bir sıra sözlərdə g>k əvəzlən­mə­si, metafora tipli bir neçə sözdə son a saitinin qalıb-qalmaması, ədə­biy­yat tipli bir neçə sözdə y samitlərindən birinin atılıb-atılmaması ilə bağ­lıdır. Başlıca dəyişikliklər bunlardan ibarətdir.

Layihədə nəzərdə tutulanlardan əlavə, bir sıra yoldaşların tək­lifləri də vardır.

Hörmətli dilçilərimizdən Firidun Cəlilov qeyd edilən düzəliş­lərin hamısını məqbul sayır, hələ bəlkə gecikmiş hesab edir. O, g – k ke­çidi ilə əlaqədar məsələyə münasibət bildirərək, bunun əskinas sö­zün­dəki s samiti düzəldilməklə (əskinaz şəklində) doğru olduğunu göstərir. Ədəbiyyat tipli sözlərin bir y ilə yazılması təşəbbüsünü düzgün hesab edən müəllif özünün kitablarında belə sözləri 15-20 il əvvəldən bir ilə yazdığını söyləyir.

F.Cəlilov ortaq əlifba yaratmaq üçün əlifbamıza sağır ñ hərfinin salınmasını, küll, hiss sözlərindən başqa, qalan bu cür söz­lərin sonunda bir samit yazılmasını da məsləhət bilmişdir.

Mayıl Əsgərov təklif edir ki, Səhiyyə na­ziri, Təhsil naziri kimi vəzifə adları, Əməkdar müəllim, Əməkdar elm xadimi kimi fəxri adlar cümlənin ortasında gəl­dikdə də ilk  söz böyük hərflə yazılsın.

“Qaydalar”da nəzərdə tutulan dəyişikliklərin mahiyyəti bunlardan ibarətdir. Dəfələrlə “Qaydalar” və lüğət üzərində işin mahiyyət və səbəblərini izah edərək, orfoqrafiya komissiyasının sədri akad. İsa Həbibbəyli yazır: “Cəmiyyətdə səslənən təkliflərin hamısı bi­zim komissiya tərəfindən diqqətlə toplanılır və öyrənilir. Komissiya bu təklifləri, tənqidi mülahizələrin hamısını təhlil edib ortaq qərar qəbul edəndən sonra hazırkı orfoqrafiya qaydaları daha da təkmilləşdiriləcək”. İsa müəllim yenə deyir: “Xalqın, geniş ictimaiyyətin, mütəxəssislərin əs­gər, İsgəndər kimi sözlərdəki “g”nın “g”, ya da “k” ilə ifadə olun­ması ilə bağlı fikirlərini izləyəcəyik. İctimai fikir “k”nın tə­rə­fində olsa, “k”, “g”nın tərəfində olsa, “g” ilə ifadə edəcəyik”.

İsa müəllim bu cür kiçik bir qrup alınma sözün yazılışının dəqiqləşdirilməsi barədə deyir: “Biz on ildən çox dildə müşahidə olunan hadisəni ya­­zıda ifadə etmək istəyirik. Bu sözlər dildə dəyişilib, dil bunu edib. Biz bu dəyişikliyi etməkdə ge­çikmişik. Dəyişikliyi etməkdə əsas məqsəd alınma sözlərin Azərbaycan dilinin tə­ləffüz qayda­la­rı­na uyğunlaşdırılmasıdır. Burada bir azərbaycançılıq mövqeyi var”.

Komissiya sədrinin müavini, Dilçilik İnstitutunun direktoru M.Na­ğısoylu: “Mən şəxsən orfoqrafiyaya çox yenilik gətirməyin əley­­hinəyəm. Çünki çox yenilik olanda nəsillərarası çaşqınlıq ya­ra­nır. Ona görə də bizim bu qaydalarda çox yenilik yoxdur”.

Yenə: “Hər dəfə orfoqrafiya lüğəti hazırlananda onun qaydaları da kitaba daxil edilir. Qaydalarsız orfoqrafiya lüğəti yoxdur. İstənilən or­foqrafiya lüğətini açanda orda qaydalar olmalıdır. Və qaydalar Na­zir­lər Kabineti tərəfindən təsdiq olunur. Əvvəlki orfoqrafiya lüğətlərinin hər biri Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Ancaq 2013-cü ildə çı­xan orfoqrafiya lüğəti Nazirlər Kabineti tərəfindən təsdiq olunmayıb. Çünki orda heç bir yeni qayda verilməyib”.

Möhsün müəllim yazır: “Yeni qaydalar hansı zərurətdən yarandı? Əvvəla, dilə yeni sözlər daxil olur. İkincisi, dilin öz qanunları var” və  o qanunlar tədricən dəyişə bilir.

Yenə: “Komissiyanın hər bir üzvü əlavələrini edir. Sonra mü­za­kirəyə çı­xarıb ortaq məxrəcə gələcəyik. Bizim vaxtımız azdır, inşallah, aprel-may ayına qədər lüğəti təhvil verməliyik. Yeni sözlərdən nəyi çat­dırsaq, lüğətə daxil edə­cəyik. Ola bilər, müəyyən çatışmazlıq olsun. Hər lüğətdə çatışmazlıq ola bilər”.

Möhsün müəllimin sözlərindən də aydın olur ki. 13-cü ilin “Orfoqrafiya qaydaları” Nazirlər  Kabineti tərəfindən təsdiq edilməyib. Deməli, əslində, hüquqi əsası yoxdur. Odur ki əvvəllər təsdiq olunmuş, 2013-cü ildə çıxarılmlş bir sıra qay­daların bərpası  təbii­dir.

Orfoqrafiya qaydalarını dəyişməyə çalışmağı “Günəşin Şərqdən yox, Qərbdən çıxmasını əmr etmək” kimi mənalandıran (amma yaxşı müqayisədir!) İdris Abbasov yazır: Dünyada 274 milyon insanın da­nışdığı fransız dili əsrlərdir ki, son dərəcə çətin olan orfoqrafiyasında bir hərf dəyişikliyi belə etmir. Hətta XVII əsrdə Por-Royal qram­ma­tikləri belə bir təşəbbüslə çıxış etsələr də, bu, reallaşmayıb. Müasir fran­sız dilində nadir sözlər tapmaq olar ki, yazıldığı kimi tələffüz edil­sin. Məsələn, fransız dilində [o] kimi tələffüz edilən “su” sözü üç hərflə ya­zılır: “eau”; yaxud [mo nuvo] kimi 6 səslə tələffüz edilən “yeni sözlər” birləşməsi yazıda “mots nouveaux” şəklində 12 hərflə ifadə olunur”.

Afərin! İndi sən gör bu  murdar imperialist siyasəti bu mağmun xalqın başına nə bəlalar gətirir. Ən murdar əlifba ingilis əlifbasıdır. İt yazırsan, at oxunur, at yazırsan, it oxunur.  İngilis 300 ildir bir key hər­fini, fransız bir işarəsini dəyişmir, amma onların sualtı axınla gələn təzyiqi nəticəsində biz bu xalqa hərf yox, bir əsrdə dörd dəfə əlifba dəyişib öyrətmişik. Ərəb gəlib, əlifbamızı dəyişib, rus gəlib, əlifbamızı dəyişib, hakimiyyət öz əlimizə keçib, əlifbanı dəyişmişik. Bəs gürcü niyə dəyişməyib, ağılsız hesab etdiyimiz ermənilər niyə dəyişməyib.  Çünki onlar xalqdır. Əslində, mənim bu sözüm də düz deyil.  Xalqın əlində nə var ki? O, fəhlədir, icraçıdır, onu bu yola aparan var. Ac, suzuz, min dərdi olan millətə bir-iki onillikdən bir yeni əlifba öyrətmişik. Dilçilərin nə günahı var? Ağa deyib sür dərəyə, sürüblər. İndi də gəlib çıxıb bu yerə. Xarici təsiri, pisdir, yaxşıdır – fərqinə varmadan göydə tuturuq.

Aydın görünür ki, 1913-cü ildə lüğətə yeni sözlər daxil edilərkən bir sıra artıq sözlər də düşüb. O sözlərdən nə məişətdə, nə də ictimai dairələrdə, elmi-bədii əsərlərdə istifadə edilir.

1913-cü ildə 36 qayda, 2018-ci ildə 69 qayda. Oxucu nəzərə almalıdır ki, əsasən, yuxarıda dediyim üç məsələdən başqa, artırılan qaydalar  13-cü ildə çıxarılmış, amma, əslində, icra olunmaqda olan qay­dalardır. Yəni həmin qaydalar praktik olaraq icra olunmaqdadır, am­ma təsdiq edilməmiş  13-cü il “Qaydalar”ında düzgün olmayaraq ixtisar edilmişdir. Deməli, sadəcə olaraq,  işlənməkdə olan qaydaların bərpa­sı­dır.

Əslində, fikrimcə, indi görülməkdə olan iş əvvəlki qüsurların aradan qal­dı­rıl­ması prosesidir. Metafora tipli sözlərdə son a səsinin atılması lap köhnə tə­şəbbüsdür. Mənim unudulmaz müəllimim Ə.Dəmirçizadə hələ  keçən əsrin 60-cı illərində yazılarında bu sözü  metafor kimi işlətmişdir. Amma söz bu cür mə­nimsənilmədi. 13-cü ildə metafor yazılsa da, qəbul olunmadı. Odur ki yeni redaksiyada bu səhvi düzəltmək lazım gəldi.

-iyyət şəkilçisi haqqında əksinə danışmaq olar, yəni bu şəkilçidə həqiqətən əksərən bir y tələffüuz edib, iki y yazırıq. Müzakirədir. Bəyənilməz, baxılar.

Orfoqrafiya lüğətində artıq görünən sözlər var, bir vaxtlar daxil edilib, indi  yeni nəşrdə nəzərə alınması qərarlaşdırılıb.  Bütün bunların heç birində həyəcana səbəb olan qorxulu bir şey yoxdur. Yaxşı cəhət orasındadır ki, müstəqilliyin əvvəllərində özünü göstərən bir sıra nöqsanları indi   rahat müzakirə edib aradan qaldırmaq istəyirik. Ona görə də hörmətli alim, yazıçı və jurnalistlərimizin, ziyalılarımızın hə­vəslə bu işə qoşulması müsbət haldır. Ancaq bu qoşulma Dilçilik İns­titutuna hücum şəklində olmamalıdır.

Müzakirələrdə iştirak edən yoldaşların Dilçilik İnstitutunun əmə­yinə münasibətinə diqqət yetirək.

Bir sıra yoldaşlar məsələnin kökündən xəbəri olmadan dil­çilərin üzərinə hücumdadır. Əlövsət Ağalarovun yazısında deyilir:”Son bir neçə ildir ki, dilimizin başına  oyun açan “dilbaz”lar peyda olub, mil­lətə necə yazmaq, hansı sözlərdən necə “yararlanmaq” dərsi keçirlər”. – Bi­zim keçmiş görkəmli dilçilərimizi nəzərdə tutaraq yazır: “Bu alimlər heç vaxt subyektiv fikirlərini milli mənafeyimizə sırımağa cəhd etmə­yib­lər. İndi nə dəyişdi, nə oldu ki, millətin dilinə bu qədər sərbəst mü­daxilə edirsiniz? Kim sizə bu haqqı verib?”

İşə düşmək bax buna deyərlər. Sən iynə ilə gor qaz, kirpiyinlə od götür ki, irəliləyişə mane olan qüsurları, arxaik formaları aradan qaldırıb təhsilə, tədrisə kömək edəsən, aldığının müqabilində on qat artıq iş görəsən, başqaları da gəlib sənin üstünü kəsdirə ki, dəymə, çıx get işinə, düz eləmirsən.

Əlövsət müəllim, İndi o dediyin korifeylər yoxdur, amma indi­kilərdə Vətən eşqi  onlardan az deyil.

İdris Abbasov: “Təəssüf ki, təkmilləşdirmənin ana dilinin lüğət tərkibində möhkəmlənmiş, xalqın kimlik şüurunda kök salmış sözlərin yazılışını vaxtaşırı dəyişdirmək kimi başa düşülməsi böyük fəsadlara, hətta milli identifikasiyanın zədələnməsinə gətirib çıxara bilər”.

Aqil Abbas yazır: “Bu əlifba dəyişiklikləri ilə də milləti kö­kündən qo­pa­rıblar. İndi də yeni bir Orfoqrafiya lüğəti tərtib edirlər, məsələn, «qə­şəng» sözü «qə­şənk» yazılmalıdır”.

“Kökündən qoparmaq” heç, amma qaydalar qəşəng tipli sözlərə aid de­yil.

Firuz Mustafa: “İrlandiya 2005-ci ildə Avropa ilə ayaqlaşmaq üçün məsafə vahidini mildən kilometrə dəyişdi, milyonlarla (bəlkə də milyard) xərcə düşdü. Təkcə motoristlərə yeni sistemi öyrətmək üçün 2.5 milyon funt (5 mln manatdan çox) xərc çəkdi. Hələ yol işarələrini dəyişmək, rəsmi sənədlər, filan… Elə təkcə ölkə üzrə universitetlərdə riyaziyyat, ədəbiyyat kafedralarının, institutların adı yazılmış plakatları dəyişmək nə qədər puldur. Üzərinə gəl sənədlər, kitablar, filan”. Bunlar çox doğrudur. Hələ məktəb dərslikləri, müəllim və şagird vərdişləri, Ba­loniya üsulunun  savadsızlığa aparan testləri..

Mənim hörmətli filosof-tələbəm yenə zarafatla yazır: “Adamın ağlına qəribə fikirlər gəlir. Bəlkə bu “islahatı” aparmaqla, doğrudan da, bil­mə­diyimiz bir nəsnə var. Bəlkə bu qədər gəliri əldə etmək üçün dilçilərlə oli­qarxlar əlbir olublar, kon­sensusa gəliblər?”

Pis cəhət odur ki, desək, eləməmişik, inanmayacaqlar.

Firuzun yazısına münasibətlə edilən qeydlər:

Sultan Mərzili: Bunlar hamısı təxribatıdr, Firuz bəy, özü də iqtisadiyyatın çöküş vaxtı baş verir. Hiss və his ~fərqli şeylərdir, biri duyğu, biri də tüstüylə bağlıdır,  qarışanda olacaq xəşil.

Dilman Musaevin təklifi daha ağlabatandır: “Dilçilik İnsti­tu­tunu bağlamaq və o Möhsün Nağısoylunu tutub ən yüksək cəza ki­mi ona Azərbaycan türkcəsində danışmağı qadağan etmək gərəkdir. Or­xan müəllim, burda erməni barmağı var…”

Allah sənə insaf versin.

İradə Musayeva: “Vay-vay… “Həssas” sözü də “həsas” olacaq… De­yəcəyik: Sən heç həsas deyilsən, müəllim…”

İradə xanımın bu sözlərindən ilham alan və dəhşətə gələn bəzi yol­daşlar düşünürlər ki, kassa sözü  kasa, millət sözü milət olacaq. Ancaq onların təskinlik tapdıqları sözlər də var: eşşək sözündən  (yenə eşşək!) ş hərfinin birini atanda məmurlara xeyir olacaq, çünki onlara bu sözlə söyüş söyəndə söyüş bir az yumşalmış olacaq.

Qaydalarda belə şey yoxdur. Qorxmaq gərək deyil.

Elə bu cür fikirlərə görə, Mayıl Əsgərov orfoqrafiya maraqlı­la­rını üç qrupa ayırıb. Mənim gözəl şair-tələbəm Rafiq Yusifoğlu isə təkid edir ki, dilimizi heç kimdən yox, bircə “dilçilərdən qorumaq” lapzımdır. Fikrini şeirlə ifadə edib:

Ey dili çörək ağacına
döndərən dilbilməz!
Dilin başında dəlləklik eləməyə
vəkil edib kim səni?
Dil xalqın sərvətidi,
onun bir sözünü belə dəyişməyə
haqqı yoxdu kimsənin…
Oxuduğun «Quran» olsa,
bəlkə də xoşumuz gələrdi
səsindən, avazından…
Dilin dilçəyini
çıxarmaqmı istəyirsən
millətin boğazından?!
Dil tapaq,
dil verməyək dilbilməzlərə!
Onları qoymayaq
dil-dil ötməyə!
Sonra söz də tapa bilməyəcəyik
yaratdıqları zir-zibilin
üstünü örtməyə…
Dilin sahibi
Dilçilər deyil, xalqdı…
Xalq isə həmişə haqlıdı…
Dili dilbilməz
dilçilərdən qorumaq
Xalqın haqqıdı!
Belə getsə,
Dilbilməz dilçilər
Dilimizi qoyacaqlar pis günə…
Ayrı-ayrı adlar axtaracaqlar
yağışa,
qara,
dumana,
çiskinə…
Əmanətə xəyanət eləməzlər –
Dil babaların, nənələrin
bizə əmanətidi!
Gəlin dilimizi qoruyaq
dilbilməz “dilçilər”dən! –
Dil xalqımızın sərvətidi!
Söz adamları həmişə
hazır olmalıdı
dilimiz uğrunda döyüşə!
Dili yaradan dilçi deyil ki,

onu da dilçi dəyişə!

Zad demişkən. Yaman deyib! Ancaq yaxşı şeirdir.

Hə… Balam, bu dilçilərdən nə istəyirsiniz? İş görən də onlar, dö­yülüb-söyülən də onlar. Dilçi alim boşanmış müğənni deyil ki, başın­dan pul tökülə, o da təbiətin verdiyi səslə oxuya, kef eləyə. Dilçi fəhlədir. Kirpiyi ilə od götürür. 230-250 manata qane olub, bütün günü ya evdə, ya arxivlərdə kitabla əlləşir. Sən onun yazdığı kitabla, yaratdığı əlifba ilə dərs alıb böyümüsən – alim, şair, Milli Məclisin üzvü olmusan. Dil­çilik İnstitutu ağır zəhmət içindədir. Əməkdaşların əməlli-başlı otur­mağa, işləməyə yeri də yoxdur. Bir balaca otaqda 20 nəfərdən artıq adam oturur. Ancaq onun qarşısında dövlət planı var, il boyu onunla əlləşir. Əsas vəzifəsi onu yerinə yetirməkdir. Bununla yanaşı, o, keçmişin nöqsanlarını aradan qal­dırmaq, yenilikləri əlavə etmək, sənin hər gün istifadə etdiyin orfoqrafiya lü­ğətini təkmilləşdirmək üçün çalı­şır. Bəs sən ona bu işdə nə yardım etmisən? Dil­çilik İnstitutuna bütün institut və ali məktəblərdən çox qayğı göstərilməlidir. Çünki bu institut sənin mənəvi varlığındır.

Rahatsız olma. Təbiətin köməyi ilə “Qaydalar” da düzələcək, orfoqrafiya lü­ğətimiz də gözəl çap olunacaq. Fikir söyləmək olar, fikir de. Amma əməlli fikir ol­sun. Bir işə köməyi dəysin. İnstitut öncəki dövrlərdən daha səmərəli, daha təm­kinlə işləyir. Sən gəl bax gör aldığı 250 manatı sıxışdırıb, qənaət edib nə qədər kitab çap etdiriblər. Bir toya Türkiyədən 700 min dollara (küy də olsa) müğənni çağıran mil­yarderlərimiz bir kitabın nəşrinə yardım etmirlər. Bir bina tikdirib Azər­baycan türk xalqının varlığını qoruyan Dilçilik İnstitutuna verib adlarını əbədi­ləş­dirmək əvəzinə, müğənni çağırırlar. Onları başa salmaq lazımdır. Onu da nəzərə alın ki, maaş azlığı gənc oğlanların elmə gəlməsinə imkan vermir. Gələnlərin 99 faizi qa­dınlar, qızlardır. Ona görə də belə çətin günlərdə söz deyə bilən Əbdüləzəl Də­mirçizadə, Muxtar Hüseynzadə, Məmmədağa Şirəliyev yetişmir.

Xülasə …

Qəzənfər KAZIMOV

professor,

Əməkdar elm xadimi

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın