Məleykə Abbaszadə TQDK-nın yox, DİM-in sədri olacaq

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərman təhsil müəssisələrinə tələbə qəbulunun beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını nəzərdə tutur.

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır.

Fərmanda müəyyən edilir ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin idarəetmə orqanı 7 nəfər üzvdən ibarət Direktorlar Şurasıdır. Şura sədrinin, sədr müavinlərinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.

Dövlət İmtahan Mərkəzinin ilkin nizamnamə fondu bir milyon manat olmaqla dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.

Xatırladaq ki, TQDK ali məktəblərə tələbə qəbulunu həyata keçirmək məqsədi ilə 1992-ci ildə Əbülfəz Elçibəyin sərəncamı ilə yaradılmışdı. Tələbə qəbulu TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada, test üsulu ilə həyata keçirilirdi. Komissiyaya Məleykə Abbaszadə rəhbərlik edirdi.

Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri təyin olundu

M.M.Abbaszadənin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram ki, Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 aprel 2016-cı il.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir