Azərbaycanın İqtisadiyyat Naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının başçısı Şahin Mustafayev Avropa Birliyinin Azərbaycandakı elçisi Malena Mard ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan-Avropa Birliyi əməkdaşlığının inkişaf etdiyini vurğulayıb, səlahiyyət müddəti başa çatan səfir M.Mardın ölkəmizdə uğurlu çalışmalarını örnək göstərib.

İndi Azərbaycanla Avropa Birliyi arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlar aparılır. Diqqətə çatdırılıb ki, Azərbaycan Avropanın enerji güvənliyinin təmin edilməsində önəmli rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində əməkdaşlığımızın gözəl nümunələrindəndir. Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı bu layihənin icrasına dəstək göstərirlər.

Nazir ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərlə bağlı məlumat verərək, Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafında, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsində fəal iştirak etdiyini vurğulayıb.

Görüşdə Avropa Birliyinin Azərbaycanın başlıca alış-veriş tərəfdaşı olduğu vurğulanıb və ticarət sahəsində GSP və GSP+ təşəbbüsləri üzrə əməkdaşlıq, kiçik və orta sahibkarlığın inkişafına dəstək göstərilməsi məsələləri araşdırılıb. Ölkəmizdə şərab məhsullarının beynəlxalq tələblərə uyğun müayinə metodlarının beynəlxalq akkreditasiya sahəsinə salındığını vurğulayan Ş.Mustafayev bunun şərab məhsullarının xarici ölkələrə, o cümlədən Avropa Birliyi ölkələrinə ixracının genişləndirilməsində önəmini diqqətə çatdırıb. Səfir M.Mardın çalışdığı zamanlarda Azərbaycan və Avropa Birliyi arasında dialoq platformasının bütün istiqamətləri üzrə iclaslar keçirilib, kənd yerləri, təhsil və regional inkişaf üzrə maliyyələşdirmə anlaşmaları imzalanıb. Görüşdə Avropa Birliyi və ona qoşulan ölkələrlə müxtəlif toplantıların keçirildiyi, Bakıda keçirilən Azərbaycan-Avropa Birliyi biznes forumlarının iş adamları arasındakı bağlantıların genişləndirilməsi baxımından önəmi vurğulanıb.

Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış uğurlarla bağlı məlumat verib, ölkəmizin Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu vurğulayıb, regional əməkdaşlığa ciddi təhdid və maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.

Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb, Avropa Birliyi-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğunu qeyd edib, enerji sahəsi ilə yanaşı, başqa sahələrdə də əlaqələrin genişləndirilməsinin önəmini diqqətə çatdırıb.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın