Dünya və Avropa çempionatlarının final mərhələsinə çıxış qazanmaq aşağı reytinqli ölkələr üçün çətin tapşırıqdır. Ancaq UEFA-nın yeni yaratdığı Millətlər Liqası bu yöndən olan dövlətlərdə arzu və məqsəd anlayışlarını özündə birləşdirir. Bu baxımdan, D Liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisinin də hədəfi AVRO-2020-yə düşməkdir. Avropa çempionatının üç qrup və bir 1/4 final oyununun Bakıda keçirilməsi yığma üçün əlavə motivasiyadır. Gəl ki, Qurban Qurbanovun başçılıq etdiyi kollektiv turnirə istədiyi kimi başlaya bilməyib.

Bakı Olimpiya Stadionunda baş tutan ilk oyunda Kosovo ilə qolsuz heç-heçəni debyut həyəcanına bağlayıb, Maltaya yola düşənlər arasında “Report”un əməkdaşı da var idi. Ancaq kiçik adaya böyük ümidlərlə yollanan komanda üzvlərinin üzündə rahatsızlıq duyulurdu. Buna baxmayaraq, hər kəs yaxşı nəticəyə köklənmişdi. Oyundan öncə keçirilən mətbuat konfransında baş məşqçi Qurban Qurbanovun “bura udmaq üçün gəlmişik” söyləməsi komandanı yalnız 3 xalın qane edəcəyinə nişan idi.

Baş məşqçi Kosovo ilə ilk tur qarşılaşmasından fərqli olaraq, “11-lik”də hücumların kəsərini artırmaq üçün 3 dəyişiklik etmişdi. Sol cinah müdafiəçisi mövqeyində Ürfan Abbasovu Təmkin Xəlilzadə, hücum xəttində Ruslan Qurbanovla Ramil Şeydayevi, Dmitri Nazarovla Rauf Əliyev əvəzləmişdi.

Təəsüf ki, Ta Qali Milli stadionundakı qarşılaşmada hesabı açan tərəf meydan sahibləri oldu. Ağır zədədən sonra hələ də formasını tam bərpa edə bilməyən Bədavi Hüseynov penaltiyə səbəb olunca, artıq 10-cu dəqiqədə topu qapımızda gördük. Ancaq ruhdan düşməyən yığma 26-cı dəqiqədə Xəlilzadənin gözəl zərbəsi ilə status-kvonu bərpa etdi.

İrəliləyən dəqiqələrdə rəqib futbolçunun qayda pozuntusundan sonra zədələnən Pavlo Paşayevin Ürfan Abbasovla əvəzlənməsini nəzərə almasaq, Qurbanovun başqa dəyişiklikləri hücum xəttində fəallığı artırmaq və qələbə qolunu vurmağa hesablanmışdı. Hərçənd, çoxları Ramil Şeydayevin öncəki formasından çox uzaq olan Dimitri Nazarovun yerinə meydana girəcəyini gözlədiyi halda, baş məşqçi Rauf Əliyevi oyundan aldı. Əfsus ki, nə Şeydayev, nə də Emin Mahmudovu əvəzləyən Cavid İmamverdiyev güvəni doğrutdular.

Ümumiyyətlə, yığma üzvlərinin çoxunun yaxşı formada olmadığı həm Kosovo, həm də Malta ilə oyunlarda aşkar göründü. Təsadüfi deyil ki, media önündə futbolçulardan nadir hallarda şikayətlənən Qurbanov da qarşılaşmadan sonra bu məqama diqqət çəkdi.

Maltalı futbolçuların ikinci yarıda vaxtı uzatmaq üçün hər yola əl atmaları, baş məşqçi Rey Farruciyanın oyundan sonra keçirilən mətbuat konfransında olduqca sevincli görünməsi, hətta azərbaycanlı jurnalistlərlə əl-ələ görüşməsi “cırtdanlar”ın bir xala qazanc gözü ilə baxmalarının göstəricisi idi.

Azərbaycan millisi isə Maltada 2 xal itirib, məqsədini arzuya çevirdi. Düzdür, hələ heç nə itirilməyib. Qrupun favoriti kimi göstərilən Kosovonun 4 xalı olsa da, hələ 4 oyun var. Yığma sentyabr sınağından üzüağ çıxa bilməsə də, qarşıda bizi oktyabr və noyabr məcaraları gözləyir. İnamı itirmək üçün çox tezdir…

Azərbaycan millisi Avropa, Asiya və Afrikanın dəniz yollarının kəsişdiyi nöqtədə zərbə aldı. Futbol öz yerində, bu qeyri-adi ölkəylə bağlı da görüşləri bölüşməyə gərək var.

Malta – Məqsədin arzuya çevrildiyi şəhər

Malta – Aralıq dənizində, İtaliyadan 80 km cənubda, Tunisdən isə 284 km şərqdə yerləşən ada dövlətidir. Ölkənin ərazisi 316 km2-dir ki, bu da Abşeron yarmadasının haradasa 1/7-i deməkdir. Paytaxt Valletta olsa da, ən böyük şəhər Birkirkaradır.

Ümumiyyətlə, ölkənin yerləşdiyi Malta arxipelaqı başlıca olaraq iki adadan – Malta və Qozodan ibarətidir. Bura həmçinin Müqəddəs Pavel və Filfla adaları, az adamın yaşadığı Komino, eləcə də xırda Kominotto və Filfoletta daxildir. Malta çay və təbii gölün olmadığı yeganə Avropa dövlətidir. Adanın ən hündür yeri 253 metrlik Ta-Dmeyrek zirvəsidir.

Ölkənin 475 minlik əhalisi var və onların 95 faizi maltalılardır. Rəsmi dil ingilis və Malta dilləri sayılsa da, əhalinin 66 faizi italyanca başa düşə, eləcə də danışa bilir.

Maltanın Avropa, Asiya və Afrikanın dəniz yollarının kəsişdiyi yerdə olması hələ eramızdan qabaq burada yaşayan insanlar üçün başağrı olub. Ada finikiyalılarla yunanların koloniyasına çevrilib, sonralar müxtəlif dövrlərdə karfagenlilər, romalılar, bizanslılar,ərəblər, normanlar, ispanlar və başqaları tərəfindən işğal olunub.

1798-ci ildə Napoleon Bonapartın komandanlığı ilə Misirə yürüş edən Fransa ordusu yolüstü Maltanı da işğal edir. 1800-cü ildə isə ingilislər Valettanı tuturlar. 1814-cü ildə imzalanan Paris barış anlaşmasına görə, bu ərazi Böyük Britaniyanın tabeliyinə keçir və hərbi-dəniz bazasına çevrilir. 21 sentyabr 1964-cü ildə ölkəyə müstəqillik verilsə də, dövlət başçısı hələ də Böyük Britaniya kraliçası sayılırdı.

1971-ci ildə Dom Mintoffun başçılıq etdiyi Leyborist partiyasının seçkilərdə udmasından sonra – 13 dekabr 1974-cü ildə Malta Respublikası elan olunub. Lakin ingilislərin buradakı hökmüranlığı 31 mart 1979-cu ilə qədər davam edib. Bu tarixdə müqavilə əsasında ölkədə yerləşən Böyük Britaniya bazaları ləğv olunub.

Lakin indi də bu dövlətin adaya təsiri duyulmaqdadır. Məsələn, Maltada avtomobillərin sükanı sağ tərəfdədir, nəqliyyatın təşkili isə Böyük Britaniyada olduğu kimidir. Ölkə 1 may 2004-cü ildə Avropa Birliyinə, 1 yanvar 2008-ci ildə isə Avropa Zonasına qəbul edilib.

Bürkülü havanın daha çox müşahidə olunduğu Malta, başlıca olaraq, yaşlı turistlərin üz tutduğu diyardır. Qarışıq mədəniyyətlərin göründüyü yerdə qeyri-adi nəsə axtarmağa dəyməz. Ancaq istənilən halda, bir dəfə də olsa, baş çəkiləsi ölkədir.

Yeri gəlmişkən, Azərbaycanla Malta arasında diplomatik əlaqələr 1995-cü il yanvarın 9-da qurulub. Milli Məclisdə Azərbaycan – Malta parlamentlərarası əlaqələr üzrə işçi qrupu çalışmaqdadır.

Malta və Azərbaycan arasında ən böyük bağ isə Avroviziya müsiqi yarışmasıdır. Yerli əhali ilə söhbət zamanı Azərbaycandan olduğunu söyləyəndə, ağıllarına futbol yox, Avroviziya gəlir. Elə ona görə də müsabiqədə Azərbaycana 12 bal verən maltalılar futbolda 3 xalı “qıymadılar”…

Yazar: Şamo Quliyev (Report)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın