Kubanın dövlət başçısı Raul Kastronun (Raul Castro) dediyinə görə, qardaşı – Kuba inqilabının lideri Fidel Kastro (Fidel Castro) 90 yaşında dünyasını dəyişib. YALAN.info Online Xəbərlər və İnformasiya Saytının bildirir ki, xəbər Reuters Xəbər Agentliyi və Kuba Televiziyasında yayımlanıb.

1959-2008-ci illərdə Kubaya rəhbərlik etmiş inqilabçı, dövlət, siyasi və partiya xadimi Fidel Alejandro Kastro Ruz 1926-cı il avqustun 13-də anadan olub.

Havana Universitetinin hüquq fakültəsində oxuyub və tələbəlik illərində Kuba Xalq Partiyasına qoşulub. 1953-cü ildə o, Kuba diktatoru Fulxensio Batristanın devrilməsinə çalışıb. Santyaqo-de-Kubada yerləşən Monkada döyüş kazarmasına basqın zamanı yaxalanıb və məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilib.

1955-ci ildə amnistiya aktı ilə azadlığa buraxılıb. Bir il Meksikada yaşadıqdan sonra 1956-cı ildə “Qranma” kateri ilə öz tərəfdarları, o cümlədən Ernesto Çe Gevara ilə birlikdə Kubanın şərq sahilinə çıxıb. Batista rejiminə qarşı partizan müharibəsi başlayıb və üsyançılar 1959-cu il yanvarın 1-də paytaxt Havananı ələ keçirib. Fidel Kastro yeni qurulan hökumətə başçılıq edib, onun qardaşı Raul isə Silahlı Qüvvələrin komandanı olub. F. Kastro Kubanın sosialist modelə keçdiyini elan edib. 1961-ci ildə ABŞ Kastro rejimini devirməyə çalışıb, ancaq hökumət qücləri Kubaya yeridilən ABŞ desantlarını zərərsizləşdirib.

Bundan sonra ABŞ Kubaya iqtisadi blokada tətbiq edib. Kastro dövründə Kuba SSRİ ilə müttəfiq olub və sovet dövləti “azadlıq adası”na iqtisadi-hərbi dəstək verib. 1976-cı ildən başlayaraq, 30 il komandante Fidel Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri, İnqilabi Silahlı Qüvvələrin baş komandanı və ölkənin Milli Müdafiə Şurasının sədri vəzifələrini tutub.

Fidel Kastro 2006-cı il iyulun 31-də səhhətinin pisləşməsi ilə bağlı olaraq səlahiyyətlərini qardaşı Raula verib. Rəsmi şəkildə səlahiyyətlər 2008-ci ildə Raul Kastroya keçib. 2011-ci il aprelin 19-da Fidel Kastro Kuba Kommunist Partiyasının rəhbərliyindən gedib. Son 5 ildə o, memuarlar yazıb, bir çox çıxışlar edib.

Mayamidə əhali Fidel Kastronun ölümünü bayram şənliyi kimi keçirmək üçün küçərə axışıb.


Fidel Kastronun ölümü Mayamidə şənlik kimi keçirilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın