“Yuventus” ilə 4 illik müqavilə bağlayan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo (Cristiano Ronaldo) 9 ildir çıxış etdiyi Madridin “Real” klubunun azarkeşlərinə məktub ünvanlayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, məktubda deyilir:

“Real” və Madriddəki bu illər bəlkə də həyatımın ən xoşbəxt çağı idi. Bu şəhərə, bu azarkeşlərə və bu kluba sonsuz dərəcədə minnətdaram. Burada aldığım sevgi və dəstək üçün hamıya təşəkkür edirəm.

Düşünürəm ki, həyatımda yeni mərhələyə başlamaq vaxtı çatıb. Buna görə də klubdan məni satmaqlarını xahiş etdim. Bu mənim qərarımdı və azarkeşlərdən məni başa düşmələrini xahiş edirəm.

Bu, gözəl, unikal 9 il idi. Eyni zamanda çox ağır idi. Çünki “Real”da tələblər çox yüksək idi. Bu klubda futboldan aldığım zövqü unutmayacam. Burada yaxşı komanda yoldaşlarım var idi. Onlarla üçü ardıcıl olmaqla 5 ildə 4 dəfə Çempionlar Liqasının qalibi adını qazandıq. Birlikdə çoxsaylı fərdi mükafatlar, o cümlədən 4 “Qızıl top”, 3 “Qızıl buts” əldə etdim.

Bütün bunlar yalnız bu gözəl və güclü klubda oldu. “Real” mənim və ailəmin ürəyini qazanıb. Çox düşündüm və yeni mərhələyə başlamaq qərarına gəldim. Lakin bu forma, bu emblem və “Santyaqo Bernabeu” hər an mənim olacaq. 9 il öncə dediyim kimi “Yaşasın Madrid”.

Hər iki klub transfer anlaşmasının detalları ilə bağlı geniş məlumat verməyib. Lakin İspaniyanın və İtaliyanın idman mətbuatı Ronaldonun transferinin 105 milyon avro qarşılığında baş tutduğunu yazıb.

Xatırladaq ki, 2009-cu ildən “Real Madrid”in formasını geyinən Kriştiano Ronaldo bu klubun heyətində ən çox qol vuran futbolçudur. Portuqaliyalı hücumçu özündən öncəki rekordun sahibi olan Raul Qonsalesdən 303 oyun az keçirməsinə baxmayaraq, 438 qolla “Real”ın tarixinə ən məhsuldar futbolçu kimi düşüb. O, bu qolları 450 oyunda vurub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın