Kimlər və görəsən nə üçün yalan danışırlar?

Yalan ayaq tutar, yeriməz – deyiblər. Yəqin ki, bu sözü atalarımız boş yerə deməyib. Elə mən də əbəs yerə bu misalı çəkmədim.

İstirahət günü uşaqları yaxınlıqdakı parka apardım. Qış fəsli olsa da, hava mülayim idi. Havanın mülayimliyi uşaqlara da sirayət etmişdi: onlar başqa uşaqlara qoşulub oynayırdılar. Oturduğum oturacaqda gənc bir qız da oturdu. Xoş görünüşü vardı və ünsiyyətcil idi. Olduqca da şirin danışığı vardı. Bir qədər sonra ona zəng gəldi. Məndən üzr istəyib telefona cavab verdi. İstəməsəm də onun danışığına qulaq şahidi oldum. Qız telefonla danışdığı insana yalan danışırdı. Evdə olduğunu, mətbəxdə oturub çay içdiyini və onun zəngini gözlədiyini deyirdi. Gənc xanımın yalan danışması məni məyus etdi.

Yalanla yaşayan, yalan danışan insanlar çoxdur. Bəs, görəsən insanlar nə üçün yalan danışır?

Elə bu sualla da tanınmışlara müraciət etdim. Görəsən onlar necə, nə vaxtsa yalan danışıblarmı?

Yaxşılığa xidmət edən hər şey qəbul olunandır

Hərbi tele-jurnalist Rahib Qərib bildirdi ki, yalana münasibəti çox pisdir. “Bir mənalı olaraq yalan danışan insanda başqa yaxşı keyfiyyətlər ola bilməz. Amma “məsum yalan” deyilən bir anlayiş var. Bu yalana pis baxmiram. Böyük bir təhlükəni sovuşdurmaq, insanları ədavət və davalardan xilas etmək üçün deyilən yalan təbii ki, qəbul olunandır. Ən azı ona görə ki, yaxşılığa qulluq edən hər şey müsbət qarşılanmalıdır. ”

Bütün naqisliklər yalandan törəyir

Yazar Zümrüd Yağmur sorumuza cavab verərkən bildirdi ki, həyatında bir dəfə yalan danışıb. “Adətən bu kimi suallar soruşulanda insanlar yalan danışmadığını söyləyir. Amma mən səmimi şəkildə deyirəm ki, yalan danışmıram və yalana münasibətim də bir mənalı olaraq mənfidir. Ona görə ki, başqa naqisliklərin məhz yalandan törədiyini düşünürəm. İnsan hər hansı bir yaramazlığı edib yalanla bunu ört-basdır edirsə, onda belə bir düşüncə yaranır ki, hər dəfə yalan onu xilas edəcək. Ona görə də özünü və ləyaqətini qorumaq istəyən birinin yalandan uzaq durmasında fayda var. Yalanın insanı necə rəzil günə qoyduğunu, naqislik və danışılan yalanların ona necə qayıtmasını görmüş biri kimi özümə bu rəzaləti rəva görmədiyimdən bəzən yalan danışmaq zərurəti belə ortaya çıxanda ya susmağa üstünlük verirəm, ya da yalan danışmamaq üçün o iş, ya da əməldən boyun qaçırıram”.

Həyatımda bir dəfə məsum yalan danışmışam

Xanım yazar daha sonra bildirdi ki, məsum yalanlara münasibəti pis deyil. “Əgər bu kiminsə eybini örtməyə və ya hansısa durumdan çıxarmağa qulluq edirsə, yalan danışmaq olar. Həyatımda ən böyük məsum yalanım bir dəfə olub, o da bir xanımın eybini örtmək üçün”…

Yalan danışmağı bacarıram, amma danışmıram…

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu həyatının yalandan ibarət olmadığını, yalanı sevmədiyini söylədi. “Məni tanıyanlar bilir ki, mən yalan danışmağı bacariram, amma heç zaman danışmıram, çünki, özüm öz yalanımı açıram. Yalançı adam həyatda aktyor kimi yaşayir. Bir də önəmli olan odur ki, sənin danışdığın yalan başqalarına problem yaratmir. “Gopçu”luqla yalanı da ayırmaq gərəkdir. Birincisinin heç bir zərəri olmadığı halda, yalançılar insan həyatını fəlakətə sürükləyə bilər. Məsum, yəni muqəddəs yalanlar da var ki, onların insan üçün heç bir ziyanı yoxdur”.

Qaynaq: Lalə Novruzlu, Axar.az

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Kimlər və görəsən nə üçün yalan danışırlar?” üçün bir açıqlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir