Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Keşikçidağ” monastırı (ya da Qaraca məbədi, David Qareci məbədi) tarixi-mədəniyyət abidəsi ilə bağlı təxribat xarakterli bəyanatlar verilir. Sərhəd dövlət məsələsidir və bu məsələ dövlətlərarası danışıqlar çərçivəsində həll edilməlidir.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının məlumatına görə, bunu Xarici İşlər nazirin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstanla dövlət sərhədinin delimitasiyası ilə 1996-cı ildən məşğul olunur:

“Bu dövr ərzində daim danışıqlar aparılıb. Gürcüstanla sərhədin üçdə iki hissəsi delimitasiya edilib, üçdə bir hissəsində isə hələlik delimitasiya prosesi başa çatmayıb. Bu, böyük iş tələb edir. Danışıqlar davam etdirilir. Bu məsələlər ictimai müzakirə məsələləri deyil. Məsələ dövlətlərarası xarakter daşıyan ciddi məsələlərdir. Belə məsələlər kiminsə tarixi, yaxud dini fikir söyləməsindən asılı deyil. Məsələ ancaq hüquqi müstəvidə çözülə bilər”.

“Azərbaycan və Gürcüstan 100 ildən artıqdır ki, bu sərhədlər çərçivəsində yaşayırlar. Sovet vaxtında da, SSRİ dağılandan da sonra da bu sərhədlər çərçivəsində yaşamışıq. Təbii ki, bu sərhədlərin mövcudluğu ilə bağlı uyğun hüquqi sənədlər var. Ona görə də mən bir daha bildirirəm ki, belə məsələlər hüquqi müstəvidə, danışıqlar yolu ilə həll ediləcək.

Bundan başqa, tarixən Gürcüstan və Azərbaycan xalqları arasında qarşılıqlı dostluq, qonşuluq münasibətləri var”, – deyə nazir müavini vurğulayıb.

X.Xələfov qeyd edib ki, Azərbaycan və Gürcüstan dövlətlərini strateji partnyorluq münasibətləri birləşdirir:

“Hər iki dövlətin iştirakı ilə beynəlxalq əhəmiyyətli, strateji əhəmiyyət kəsb edən işlər görülüb. Biz bu gün də bu layihələrin üzərində işləyirik. Səslənən müxtəlif bəyanatlar hər iki dövlətin maraqlarına uyğun deyil. Hər iki xalqın marağına ziddir. Belə söhbətlər məsələnin həllinə xidmət edə bilməz.

Azərbaycan və Gürcüstan arasında olan dövlətlərarası münasibətlərin potensialı imkan verir ki, biz bu məsələni hüquqi müstəvidə çözək. Azərbaycan və Gürcüstanın Xarici işlər nazir müavinləri səviyyəsində gələn həftə görüş keçiriləcək. Aparılan məsləhətləşmələr nəticəsində komissiyanın növbəti toplantısının vaxtı bilinəcək”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın