Türkiyənin İstanbul şəhərində yenə terror törədilib. Dekabrın 10-da şəhərin Beşiktaş rayonunda PKK tərəfindən törədilən terror aktı nəticəsində 44 nəfər şəhid olub, 155 nəfər yaralanıb.

Şəhid olanlardan 36-sı polis əməkdaşıdır. Terror aktının məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb.

Bu il Türkiyənin paytaxtı Ankarada və ölkənin ən böyük şəhəri olan İstanbulda 5 dəfə terror aktı törədilib. Bütün bu qanlı hadisələri terrorçu PKK və İŞİD qruplaşmaları törədib.

Türkiyəni Liviya, İraq, Suriya və Yəmənə çevirə bilməyənlər ölkənin sabitliyini PKK, onun Suriya və İraqdakı qolları, İŞİD, DHKP-C (İnqilabçı

Xalq Qurtuluş Partiyası Cəbhəsi), MKLP (Marksçı-Leninçi Kommunust Partiyası), ASALA və bizə məlum olan-olmayan terrorçu qruplaşmalar vasitəsilə pozmağa çalışırlar.

Son terror hadisəsinədək ölkədə aşağıdakı proseslər baş verirdi: Həmin təşkilatlar və onların arxasında duran gücləri təxmin etsək, Türkiyənin düşmənlərinin dəyişmədiyini görərik.

– Konstitusiya dəyişikliyi ilə bağlı hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası arasında razılıq əldə edilib;

– referendumun keçiriləcəyi vaxt təxmini müəyyən olunub;

– Türkiyə hökuməti millli valyutanın – türk lirəsinin qiymətdən düşməsinin qarşısını almaq üçün geniş proqram əsasında fəaliyyətə başlayıb;

– Terrorçu PKK-ya, onun Suriya və İraqdakı qollarına, İŞİD-ə qarşı mübarizə daha da sərtləşdirilib;

– Terrorçu PKK-nın siyasi qanadı sayılan Xalqların Demokratik Partiyasının (HDP) bir qrup üzvü terrorçuları dəstəklədiklərinə görə açılan cinayət işi üzrə ifadə vermək üçün prokurorluğa getməkdən imtina etdikəri üçün tutulublar;

– Türkiyə hakimiyyəti terrorçularla danışıqlar masası arxasında oturmaqdan imtina edib;

– Avropa Parlamenti Türkiyənin Avropa Birliyi üzvlüyü məsələsinin müzakirəsini dayandırmaq haqqında qətnamə qəbul edib;

– Rəsmi Ankara Türkiyədəki iraqlı və suriyalı qaçqınların Avropa Birliyinə qoşulmuş ölkərə getməsi üçün qapıları açacağını bəyan edib;

– Türkiyə ilə Rusiya təyyarə qalmaqalına görə pozulan münasibətləri bərpa edib və iki ölkə yenidən sıx əməkdaşlığa başlayıb;

– Prezident Rəcəb Tayyib Ərdoğan “Türk axını” təbii qaz kəməri layihəsinin icrasına başlanılması haqqında sazişi təsdiqləyib;

– Türkiyə ABŞ-dan israrla PKK-nın Suriyadakı qolları YPG və PYD-nin Mənbicdən çıxmasını tələb edir və rəsmi Ankara əl-Babı terrorçulardan təmizləyəcəyini bildirib;

– Türkiyədə ictimai, siyasi, maliyyə və iqtisadi gərginlik artıb və s.

Bütün bu hadisələrin cərəyan etdiyi bir dövrdə Türkiyədə növbəti qanlı terror törədilib. Ehtimal etmək olar ki, bəzi gözəgörünən və görünməyən qüvvələr rəsmi Ankaraya təzyiqləri artırırlar. Terrorçu PKK-ya münasibətdə həmin qüvvələrin maraqları üst-üstə düşür və ondan geniş istifadə edirlər.

Bəziləri iddia edirlər ki, Türkiyədə gərginliyin yaradılmasının, ölkənin qarışdırılmasının səbəblərini kənarda axtarılması əbəsdir. Ancaq o da sirr deyil ki, həmin güclərə idarə edilən hakimiyyətlər və dövlətlər lazımdır.

Məsələn, Suriya və İraq Osmanlı torpaqlarında yaradılan iki dövlətdir. Bu ölkələrdəki hakimiyyətlər əvvəllər keçmiş SSRİ tərəfindən dəstəklənib. Sovet İttifaqı dağılandan sonra Qərb həmin dövlətlərin başçılarına onların tərəfinə keçməyi təklif edirdi, ancaq buna müsbət cavab almayanda həm Suriya, həm də İraq İŞİD və digər terrorçu qruplaşmaların iştirakı ilə dağıdıldı.

Ümumiyyətlə, II Dünya müharibəsindən sonra müstəmləkələrin dağılması mərhələsi başladı. Bunun nəticəsi olaraq keçmiş müstəmləkə ərazilərində sabit daxili və xarici siyasət kursu olmayan, başqa siyasi mərkəzlərə sığınmağı üstün tutan, hakimiyyətləri öz iradələri ilə deyil, başqalarının diqtəsi ilə addımlar atan yarımmüstəmləkə dövlətlər quruldu.

Osmanlı imperiyası dağıdıldıqdan sonra Türkiyədə də buna cəhd edildi. Ancaq Mustafa Kamal Atatürk və onun silahdaşları buna imkan vermədi. II Dünya müharibəsindən sonra Türkiyənin başını daxili qarşıdurmalara qatmaqla zəiflətməyə çalışdılar. Bu proses indi də davam edir…

Uzun illərdir Türkiyədə terrorçu qruplaşmalar terror aktları törədir, dinc sakinləri öldürürlər. Bunların maddi, texniki təminatı haradandır? Türkiyə mətbuatından bununla bağlı bir sıra örnəkləri diqqətinizə çatdırmaq istərdik:

Almaniya, İngiltərə, Fransa, Avstriya, İsveç, Finlandiya, Hollandiya və Danimarkada HDP-yə dəstək aksiyalarında iştirak edənlər əllərində terrorçu PKK qruplaşmasının rəmzlərini daşıyırlar. PKK isə Avropa Birliyinə qoşulmuş dövlətlər və ABŞ tərəfindən terrorçu qurumlar siyahısına salınıb. Əgər həmin dövlətlərdə keçirilən mitinq və yürüşdə “əl-Qaidə” və ya İŞİD-in rəmzləri qaldırılsa, bunu necə qarşılayardılar? Bunu edənlər təbii və doğru olaraq cəzalandırılardı. Bu məsələdə sərbəst toplaşmaq azadlığı prinsipi gücdən düşür. Çünki həmin rəmzlər terrorçuluğu təbliğ edir. Ancaq nədənsə bu yanaşma terrorçu PKK-ya, onun rəmzlərini daşıyanlara, təbliğ edənlərə şamil olunmur. Deməli, Avropa dövlətlərinin bir çoxu həmin terrorçu qruplaşmaya bu sayaq dəstəyi ilə yardım göstərir.

Hələ qapalı ölkə olan keçmiş SSRİ dövründə ASALA-nın Türkiyənin xarici ölkələrdəki səfirliklərinə hücum etməsi, diplomatları qətlə yetirməsi haqqında xəbərlər yayılardı. İndi vəziyyət dəyişibmi? Qətiyyən yox. Ötən ayın ortalarında yerli polis PKK-çıların Türkiyənin Fransadakı səfirliyinin binasına basqınının qarşısını almamaqla onlara öz dəstəyini göstərdi.

Avstriyada PKK-çılara “terrorçu” dediyi üçün bir taksi sürücüsü yerli məhkəmə tərəfindən cərimələnib.

Avropa dövlətlərinin bəziləri PKK-çılara və onların təəssübkeşçilərinə Türkiyə əleyhinə aksiyalar keçirməyə imkan verməklə terrorçulara ictimai-siyasi dəstək göstərir. ABŞ isə onların silahlanmasına dolayı yolla yardım edir.

Türkiyə rəsmiləri strateji müttəfiqi olan ABŞ-dan YPG və PYD-yə silah verməməyi israrla istəyir.

Rəsmi Vaşinqton isə PKK-nın Suriyadakı bu qollarının İŞİD-ə qarşı mübarizə apardığını iddia edərək onları davamlı olaraq silah-sursatla təchiz etməkdədir.

Hətta ABŞ-da YPGPYD-yə helikopter və döyüş təyyarələrini vurmaq üçün silah, texnikanın da verilməsi planlaşdırılır.

Bu silah və sursatların PKK-ya ötürülmədiyinə təminat isə yoxdur. Sonuncu terror aktında 300 kq-dan artıq partlayıcı maddəni terrorçulara kim və necə ötürüb? Heç şübhəsiz, onlara xaricdən yardım göstərilib.

Ancaq onu da qeyd edək ki, həmin partlayıcıların İstanbuladək gətirilməsində təhlükəsizlik xidməti və polisin də məsuliyyəti az deyil.

Türkiyənin terrorçuların təhvil verilməsi tələbinə isə Avropa Birliyi dövlətləri hələ də laqeyd yanaşmaqdadır.

Məlumata görə, Almaniya istisna olmaqla 2007-2016-cı illərdə rəsmi Ankara Avropa Birliyinin 20 ölkəsindən 263 terrorçunu təhvil verməyi tələb etsə də, buna hələ də müsbət cavab verilməyib. Rəsmi Ankara Almaniyadan isə terrorçu PKK-nın 136 üzvünü tələb etsə də, bu istək həllini hələ də tapmayıb.

Bəzi xəbərlərə əsasən, PKK-nın Avropadakı təşkilatlarından hər il 30 milyon avro məbləğində “ianə” toplanılır. Bu maliyyə vəsaitinin bir hissəsi Avropadakı PKK-yönümlü qruplara, qalanı və daha böyük hissəsi terrorçulara göndərilir.

Hətta bu qruplaşmanın sıraları İŞİD-in hesabına da genişlənir. Ötən ayın sonunda bu terrorçu birləşmənin 260 silahlısı terrorçu PKK sıralarına qoşulub. Onlar PYD və YPG sıralarına qatılıblar. Bununla bağlı PYD və YPG-nin nəzarəti altında olan Mənbiç bölgəsində təntənəli tədbir keçirilib.

Qeyd edək ki, ABŞ-ın hərbi nümayəndələri YPG və PYD-nin Mənbiçdən çıxdığını bildirsə də, onlar hələ də həmin ərazidə qalmaqdadırlar.

Terrorçuluq və münaqişə bölgələrindən həm qan, həm də böyük məbləğdə pul qoxusu gəlir.

Ötən il dünyada silah bazarının dövriyyəsi son on ildə maksimuma çatıb. “Global Defence Trade Report”un hesabatında qeyd olunub ki, silah sahəsində dövriyyə 2014-cü ilin göstəricisi ilə müqayisədə 10% – 65 mlrd. dollara qədər artıb.

Sənədə görə, dünyada ən iri silah ixracatçıları üçlüyünə ABŞ, Rusiya və Almaniya daxildir. Dünyada ən çox silah satan 10 şirkətin 8-i ABŞ-da yerləşir.

Silah alverinin qızğın getdiyi bölgələrdən biri də heç şübhəsiz Yaxın Şərq, o cümlədən İraq və Suriyadır. Həmin ölkələrdə münaqişənin dayanmaması səbəblərindən bir də silah bazarına nəzarət edənlərin işlərinin yaxşı getməsidir.

Elə həmin qüvvələr Türkiyənin də daha çox silah almasında maraqlıdırlar.

Bu il oktyabrın 17-dən Mosulun azad edilməsi uğrunda koalisiya qüvvələri ilə birlikdə İraq gücləri də döyüşür. Düzdür, bu əyalətin bəzi yaşayış məntəqələri terrorçulardan təmizlənsə də, Mosul hələ də İŞİD-in nəzarəti altındadır. Bu fonda Suriyada və İraqda terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə qanlı şouya oxşayır.

Bu azmış kimi, onların Suriyanın Palmira şəhərini də ələ keçirdikləri haqqında məlumat yayılıb.

Beləliklə, İstanbulda törədilən terror aktının bir ucu heç şübhəsiz, qonşu dövlətlərin ərazisinə, biri Avropa ölkələrinə, digəri siə silah bazarına qədər gedib çıxır. Bununla Türkiyəni bölgədəki maraqlarından vaz keçməyə, habelə öz ərazisindən kəsib kimlərəsə pay verməyə məcbur etmək istəyirlər. Həmin oyunu pozmaq istəyəndə isə ölkədə terrorlar törədilir, xaos yaradılmasına səy göstərilir. Eyni zamanda, sabitlik baxımından Türkiyənin beynəlxalq nüfuzuna da xələl gətirilir. Onlar Türkiyənin riskli dövlətlər sırasına daxil edilməsinə nail olmaqla iqtisadiyyatını da çökdürməyə çalışırlar.

Qaynaq: Sədrəddin İsmayılov, Report İnformasiya Agentliyi

2 AÇIQLAMA

  1. kimin əlinin altından çıxması çox böyük sualdır! Necə ki, hakimiyyətin terorra qarşı niyə belə bacarıqsız olması kimi..
    İndi hərkəs polisin daha sərt olmasını istəyir, polis isə sosial şəbəkələrdə “pis” paylaşmalar edənlərə saldıracaqmış..

  2. tarix yenə təkrarlanır: türkiyəni yenə bölmək istəyirlər, ancaq bu dəfə Atatürk tapılacaqmı?! elə insanlar hər əsrdə bir tapılmaz

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın