İş Yerimizi Əlimizdən Alacaq Robotlar

İnsan kimi duyğuları olan robot Endryunun əhvalatı yadınızdadırmı? “200 yaşlı insan” filmində məşhur aktyor Robin Uilyamsın (Robin Wiliams) bənzərsiz ifasında robotun insanı əvəz edə biləcəyi göstərilmişdi. Deyəsən, artıq fantastik filmlərin ideyaları reallaşmaq üzrədir.

Dünya sürətlə süni intellektə doğru gedir. Yeni texnologiyalar tədricən fiziki, rəqəmsal və bioloji aləm arasındakı sərhədləri silir.

Hesablamalara görə, 2020-ci ilədək robotlar bazarının həcmi 14 dəfə artaraq 40 milyard dollara çatacaq. Və həmin vaxt onlar bütün dünyada 7 milyon insanın işini görəcək, onları əvəz edəcəklər. Bu isə kifayət qədər ciddi rəqəmdir.

Süni intellekt 7 milyon insanı əvəz edəcək

Grand View Research” təşkilatının araşdırmasında qeyd olunur ki, indiki dövrdə təkcə Çində robot bazarının həcmi ildə 9,5 milyard dollara çatır. Bu ölkədə hər 10 min işçiyə 30 robot düşür. Amma bu, o qədər də yüksək göstərici deyil. Dünyada hər 10 min işçiyə orta hesabla 62 robot düşür ki, Koreya Respublikasında bu rəqəm 437, Yaponiyada 323, Almaniyada 282 və ABŞ-da 152-dir.

Bununla belə, 2017-ci ildə Çində dünyanın istənilən başqa ölkəsi ilə müqayisədə daha çox sənaye robotu olacaq. Bir sözlə, yaxın illərdə daha çox yerlərdə bizə insan yox, robotların qulluq etdiyini görə biləcəyik.

Tələbələr SOCAR strukturu nümunəsində robot hazırlayıblar

Azərbaycanda da robotlaşma prosesi vüsət almaqdadır. Xüsusilə gənclərin bu sahəyə xüsusi marağından söz açmaq olar. Bu günlərdə Bakı Ali Neft Məktəbində tələbələr arasında “Robototexnika” üzrə yarışma keçirilib. Tələbələr SOCAR strukturunun nümunəsində özlərini sınayıblar. Belə ki, tələbələr tərəfindən SOCAR-n ayrı-ayrı müəssisələri, o cümlədən universitetin prototipləri düzəldilib. Onların arasında insan və material axınlarının avtomatlaşdrılması yığılaraq proqramlaşdırılmış müxtəlif tip robotlar tərəfindən yerinə yetirilib.

Ümit İlhan: “Əvvəl elə bilirdik Azərbaycanda robototexnikaya maraq azdır”

Azərbaycanın digər ali məktəbi – Qafqaz Universitetində də neçə illərdir robotlaşma proqramı üzrə yarışlar keçirilir. Universitetinin müəllimi, SECCOP şirkətinin təsisçisi Ümit İlhan deyir ki, Kompüter mühəndisliyi bölməsi və İKT araşdırmalar mərkəzi neçə illərdir  robot texnologiyaları ilə əlaqədar tədqiqatlar aparır:

“Yarışma iştirakçılarına müvafiq avadanlıqlar verilir, onlardan kreativ və ətraf mühitə, həmçinin sənayeyə faydalı ola biləcək robot düzəltməsini istəyirik. Məqsəd də Azərbaycanda robot texnologiyalarının əhatəsinin genişləndirilməsidir. Əvvəl elə düşünürdük ki, Azərbaycanda bu sahəyə maraq azdır. Amma müsabiqədə iştirak üçün çoxsaylı müraciətlər oldu. Deməli, tələbələrə sadəcə dəstək lazım imiş. İndi gənclər özləri bu məsələ ilə ağlı araşdırma aparıb çox gözəl layihələr həyata keçirirlər”.

İndi Bakıda robotun müəllimlik etdiyi kurslar var

Mütəxəssis bildirir ki, əvvəllər robot texnologiyasında istifadə olunan avadanlıqları Azərbaycanda tapmaq çətin idi. İndi isə artıq bəzi gənclər şirkət açaraq bu qurğuları ölkəmizə gətirirlər. Hətta indi Bakıda robotlardan istifadə edərək orta məktəb şagirdlərinə təlim verən tədris şirkətləri də var.

“Bütün bunlar Azərbaycanda robotlaşma prosesini daha da artıracaq fəaliyyətlərdir. Yəqin ki, gələcəkdə Azərbaycanda robotlaşma daha çox istehsal sahəsində tətbiq olunacaq. İndinin özündə dünyada bir çox fabriklərdə istehsalın demək olar 100 faizi robotların üzərindədir. Bu sahələrdə insanlar bəzi işləri davamlı görə bilmir, amma robotlar fasiləsiz işləyirlər”.

Hansı işimizi insanabənzər maşınlar görəcək?

Doğrudan da, indi insanın icra edə bilməyəcəyi xeyli işlər var ki, robotlar onların öhdəsindən uğurla gəlir. Ekspertlər buna misal kimi kosmosda aparılan tədqiqatları göstərirlər.

Lakin orası da var ki, robotlar gələcəkdə insanların da gördüyü işlərə baş vuracaqlar. Elə dünya ictimaiyyətini narahat edən əsas məsələlərdən biri də budur. Məhz bu səbəbdən, robotlaşma mövzusunun Davos İqtisadi Forumunda müzakirəyə çıxarılması da təsadüfi deyil. Forumun “Dördüncü sənaye inqilabının idarə olunması” adlı sessiyasında bio və nanotexnologiya önümüzdəki dönəmi necə dəyişdiriləcəyi müzakirə olunub. Ən qabaqcıl texnologiya şirkətləri araşdırıblar ki, bu yeni texnologiyalar dünya sənayesini və cəmiyyətini necə təkmilləşdirə bilər.

Robotlar qadınlara daha çox ziyan vuracaq

Davos Ümumdünya İqtisadi Forumunda açıqlanan məlumata görə, robotların tətbiqindən daha çox qadınlar əziyyət çəkəcək. Çünki süni qurğular daha çox xanımların məşğul olduğu işləri yerinə yetirəcək. Hazırda robotlar mağaza, mehmanxana, hətta otelə müştərilər cəlb etmək üçün reklam məqsədilə istifadə olunur. Bəzi yerlərdə ofisiantlıq edir, yük daşıyır. Restoranlarda kiçik aparat müştərinin sifarişini qəbul edir və uçaraq ona yemək gətirir.

Tədqiqatçılar hesab edir ki, yaxın illərdə mağaza və banklarda kassir, süpürgəçi, təmizlikçi və digər sferalarda bir çox işlər istisnasız olaraq robotlar tərəfindən icra olunacaq. Hətta Oksford Universitetinin tədqiqatçıları gələcəkdə robotlar tərəfindən sıradan çıxarılacaq peşələrin siyahısını tərtib ediblər. Burada əsasən xidmət sahəsi yer tutur: ofisiant, əczaçı, əsgərlər, barmen, kassirlər və s.

Sahibkarlar belə yerlərdə adam yox, robot işlətməkdən çox məmnundurlar. Axı robotun kefi kök, yaxud qanının qara vaxtı olmur. O, əhvalının korlandığına görə müştərilərə kobudluq etmir, diqqətsizliyə yol vermir, hesabda səhvə yol vermir. Belə işçiyə sosial müavinət, məzuniyyət, maaş vermək də lazım deyil.

Maraqlısı odur ki, gələcəkdə robotun görəcəyi işlərin siyahısına jurnalist peşəsi də daxil edilib. Belə hesab olunur ki, robotlar müasir yazarlardan daha yaxşı işləyəcək, peşəkar xəbər hazırlayıb operativ surətdə yayımlayacaqlar.

Azər Həsrət: “Robot bizim kimi reportaj hazırlaya bilməz”

“Amma robot nə qədər eləsə də, insan kimi reportaj hazırlamayacaq, hadisələrə öz mövqeyini açıqlamayacaq, yaşanan hissləri izah edə bilmətəcək”. Həmkarımız, tanınmış jurnalist Azər Həsrət bu fikirdədir. Onun sözlərinə görə, robot insan beyninin məhsulunu ortaya qoya biməz:

“Bəlkə də maşınlar müəyyən proqramlaşdırma əsasında konkret mövzuya uyğun xəbər hazırlaya bilər. İnformasiyanın analizi ilə məşğul olan qurğular zatən indi də mövcuddur. Bizim kimi reportaj yazmasalar da, dronlar uzaq məsafədən informasiyanı və görüntünü ötürə bilir. Qərb jurnalistikasında bu metoddan geniş istifadə olunur”.

Robotlaşmanın Azərbaycana gec gəlib çıxacağına qaldıqda, Azər Həsrət hesab edir ki, yeni texnologiyalar barədə konkret fikir demək mümkün deyil:

“Elə İKT də Azərbaycanda bir anda ortaya çıxdı çox sürətlə yayıldı. Əgər robotlaşma bu gün Azərbaycan üçün aktual görünmürsə, o demək deyil ki, sabah da belə olacaq”.

İnsanlar normal söhbət etməyi yadırğayacaq

Lakin söz adamı hesab edir ki, robotlaşmanın sənaye üçün müsbət tərəfləri olsa da, cəmiyyət üçün müəyyən problemlər ortaya çıxa bilər. “Texnologiya həyatımıza daha çox müdaxilə etdikcə, insanların süniləşəcək. İnsanlar arasıdna təmaslar azalacaq, minimum enəcək, adamlar normal söhbət etməyi yadırğayacaq. Bu da on nəticədə cəmiyyətin aşınmasına da gətirib çıxaracaq. Onsuz da internet geniş yayıldıqdan sonra canlı ünsiyyət azalıb. Robotların dövriyyəyə girməsi ilə insanlar arasında yadlaşma yaranacaq ki, bu da bir sıra psixoloji problemlərə səbəb olacaq”.

Ekspertlər deyir ki, robotların istifadəsinin ekoloji problemləri də çıxa bilər. Məsələn, onlar ətraf mühitə daha çox ziyan vuracaq. Əgər bu maşınların işində xəta yaranarsa, onda ütün sistem güclü ziyan görə bilər.

Bir sözlə, robotların dünya düzənini dəyişəcəkləri gözlənilir. Bu baxımdan Massaçuses Texnologiya İnstitutunun proqnozunu nikbin adlandırmaq olar: əslində robotlar insanlar əvəz etməyəcək. Onlar sadəcə bir-birilərini tamamlayacaqlar. Həm də süni maşınların istifadəsi sayəsində yeni iş yerləri də açılacaq. Odur ki, alimlər hər kəsə yeni biliklər əldə etməyi, öz bacarıqlarını inkişaf etdirməyi məsləhət görürlər.

Qaynaq: CASPIAN INTERNATIONAL BROADCASTING COMPANY

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir