Bir daha demək istəyirəm ki, muğam bizim milli sənətimizdir, milli sərvətimizdir. Bu gün burada toplaşan incəsənət xadimləri bu gözəl sənəti yaşadan insanlardır. Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük önəmi var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Mən bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərmana qol çəkmişəm. Buna ehtiyac var, mən bu məsələ ilə bağlı bir neçə dəfə öz düşüncələrimi bildirmişəm.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşdə çıxışı zamanı deyib.

“Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm başqa sahələrdə dilimizə yad sözlər salınır.

Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır”, – deyə o vurğulayıb.

Dövlət başçısı Ağdam Muğam Mərkəzinin açılışını rayonun tarixində çox əlamətdar bir gün adlandırıb:

“Bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibat da göz oxşayır. Dərs otaqları, eyni zamanda, gözəl konsert salonu ən yüksək standartlara cavab verir. Bu Muğam Mərkəzində həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcəklər, həm də gənclər muğam sənətinə cəlb ediləcəklər. Bir sözlə, bu mərkəzin çox böyük əhəmiyyəti, çox böyük mənası var. Mən şadam ki, bu mərkəzin açılışında bizim görkəmli muğam ifaçıları, incəsənət xadimləri, Ağdam rayonunun ziyalıları, nümayəndələri iştirak edirlər.

Bu mərkəzin yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə mümkün olmuşdur və mən bu təşəbbüsü yüksək qiymətləndirirəm. Ölkəmizdə bir neçə muğam mərkəzi fəaliyyət göstərir. Biz, ilk növbədə, Bakı Beynəlxalq Muğam Mərkəzinin yaradılmasını təmin etdik. Şəhərimizin ən gözəl yerində – bulvarda yerləşən mərkəz həm memarlıq, həm də bütün başqa keyfiyyətlər baxımından ən yüksək səviyyədədir. Ondan sonra Füzuli, Ağcabədi rayonlarında muğam mərkəzləri yaradılmışdır və bu gün biz Ağdam rayonunda mərkəzin açılışını qeyd edirik.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür.

Doğrudan da ənənəvi muğam müsabiqələri çox əhəmiyyətli hadisəyə çevrilmişdir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir.

Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir və Azərbaycan muğamını səfir kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etdirmişdir. Bu da tarixi hadisədir, hesab edirəm ki, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu addım həm dünya miqyasında muğama göstərilən böyük diqqətin, verilən əhəmiyyətin təzahürü idi, eyni zamanda, UNESCO muğamı Azərbaycan sənəti kimi qəbul edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir çox mədəni tədbirlər, təqdimatlar, sərgilər keçirilmişdir, görkəmli ifaçılarımızın diskləri, kitabları, albomları buraxılıb. Yəni, çox böyük bir iş aparılıb. Bu gün açılışına toplaşdığımız Ağdam Muğam Mərkəzinin yaradılması bu böyük işlərin tərkib hissəsidir”.

Prezident son illər ərzində Ağdam rayonunun inkişafına böyük diqqət göstərildiyini vurğulayıb:

“Rayonun infrastrukturunun yenilənməsi, yaradılması istiqamətində böyük işlər görülüb. Bu gün biz gözəl Muğam Mərkəzinin açılışını qeyd edirik. Eyni zamanda, bu gün Ağdam rayonunda xalça fabrikinin açılışı gözlənilir, iki yol layihəsinin açılışını qeyd etdik. Bu yolların uzunluğu 66 kilometrdir. Ümumiyyətlə, deyə bilərəm ki, Ağdam rayonunun yol infrastrukturu təxminən 95 faiz təzələnib, yeni yollar salınıb. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Ağdam rayonunda qazlaşdırmanın səviyyəsi 98 faizdir.

İçməli su və suvarma suyu ilə bağlı problemləri həll etmək üçün mən 2016-cı ildə 30 subartezian quyusunun qazılması haqqında Sərəncam imzalamışam. Növbəti Sərəncam imzalanacaq və əlavə 35 subartezian quyusunun qazılması, eyni zamanda, yeni məktəbin tikintisi təmin ediləcəkdir. Əvvəlki illərdə Ağdam rayonunda xəstəxana, doğum evi, uşaq xəstəxanası, Olimpiya İdman Kompleksi tikilib. Ağdam rayonu ərazisində 18 yeni köçkün qəsəbəsi salınıb.

Mənə verilən son məlumata görə, Ağdam rayonunda hazırda 93 min insan yaşayır. Onların bir hissəsi hələ ki, öz doğma kəndlərində yaşamırlar, çünki kəndləri işğal altındadır, amma yenə də Ağdam rayonunun ərazisində yaşayırlar. Gün gələcək, onlar öz doğma kəndlərinə qayıdacaqlar, gün gələcək belə gözəl, möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaqdır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın