İlham Əliyev Azərbaycanın 10 Milyonuncu Vətəndaşına Ev və Pul Bağışladı

İlham Əliyev 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində dünyaya gözünü açmış Azərbaycanın 10 milyonuncu vətəndaşı və onun valideynləri ilə görüşüb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, uşağın ana-atası ona Mehriban adını verib.

Səhiyyə Nazirliyindən və Dövlət Statistika Komitəsindən bildirilib ki, Azərbaycan vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşüblər.

Yeni doğulan körpənin atası Rauf Həsənovun dediyinə görə, ölkə başçısı onun qızına Yasamalda ev bağışlayıb. Bundan başqa Azərbaycanın 10 milyonuncu vətəndaşının adına hesab yaradılıb və hesabına müəyyən vəsait köçürülüb.

Prezident İlham Əliyev Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşdə deyib ki, körpənin hesabına köçürülən vəsait hədiyyədir.

Azərbaycanın Əhalisinin Sayı Nə Vaxt 11 Milyon Olacaq?

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin hesabatında bildirilib ki, 2050-ci ilədək Azərbaycan əhalisinin sayı 11 milyona yaxın olacaq.

Rəsmi rəqəmlərə görə, 2010-cu ildə ölkə əhalisinin sayı doqquz milyon, bu il isə 10 milyon olub. BMT-nin hesabatına görə isə 11 milyonuncu vətəndaşımızın doğulması üçün 31 il vaxt lazımdır.

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov açıqlama verib.

O, BMT-nin Azərbaycan əhalisinin sayı ilə bağlı proqnozunun düzgün olmadığını deyib:

“Azərbaycan vətəndaşının 11 milyona çatmasına 10 ilə yaxın müddət qalıb. Düzdür, indi ölkədə təbii artım azalmağa doğru gedir. Ancaq bu müddət 7-8 il davam edəcək. Daha sonra təbii artım yenidən yüksələcək.

Dövlətin demoqrafiya problemlərinin həlli üçün proqramlar qəbul olunub. Təbii artım 2025-ci ildən artacaq və vətəndaşlarımızın sayının 11 milyon olması 2027-2028-ci ilə təsadüf edəcək”.

Şöbə müdiri vurğulayıb ki, təbii artımın azalmasının səbəbi insanların çox uşaq istəməməsidir:

“Əvvəllər insanlar çox uşaq istəyirdi, ancaq indi əksinədir. Kənd yerlərində də təbii artım aşağı düşüb. Hər kəs bir-iki uşaq istəyir. İnsanlar sosial cəhətdən yetişiblər. Deyirlər, iki uşağım olsun, normal şərait və şərtlərlə böyüdüm”.

AyselMamedova

Aysel Məmmədova

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir