IBM və SOCAR Şirkətləri Birgə Müəssisə Yaratdı: Caspian Innovation Center

SOCAR və IBM şirkətləri Azərbaycanda “Caspian Innovation Center” adlı birgə müəssisə yaratdıqlarını bildirdilər.

SOCAR-dan YALAN.info Online Xəbərlər və İnformasiya Saytına verilən bilgiyə görə, yeni analitika və təchizat mərkəzinin əsas məqsədi Azərbaycanda, Xəzər regionunda və başqa ölkələrdə, ilk növbədə neft-qaz sənayesi üzrə, rəqabət bacarıqlı informasiya texnologiyaları (İT), biznes transformasiyası və uyğun məsləhət xidmətlərini həyata keçirməkdir.

SOCAR-IBM birgə müəssisəsi SOCAR-a və regiondakı başqa şirkətlərə rəqəmsal biznes transformasiyası və istehsalat effektivliyinin artırılması ilə bağlı xidmətlərini təklif edəcək. Nəzərdə tutulan transformasiya proqramı IBM-in qabaqcıl təcrübəyə əsaslanan proses və texnologiyalarını Azərbaycan və bütün regiona gətirəcək. Birgə müəssisə Azərbaycanda praktiki həllər və İT ilə əlaqədar analitika üçün baza yaradacaq, bununla da insan kapitalının inkişafına əlavə təkan verəcək.

Bu strateji tərəfdaşlıq platforması SOCAR-ın sənaye təcrübəsi ilə IBM-in yüksək həcmli məlumatların hesablanması və rəqəmsal koqnitiv intellekt (özünütəlim) imkanlarını birləşdirməklə regionda çoxşaxəli sənaye həlləri və yeni səriştəliklərin yaranmasına önəmli qatqı sağlayacaq.

“Rəqəmsal biznes transformasiya prosesləri bu gün istehsalat effektivliyinin ayrılmaz şərtlərindən biridir. Yaradılan birgə müəssisə IBM-in qabaqcıl koqnitiv süni intellekt və analitika imkanları ilə birlikdə neft-qaz sənayesinin beşiyi olan Azərbaycanda SOCAR-ın unikal təcrübəsindən yararlanacaq. Bu sinerji bütün region üzrə müxtəlif sənaye sahələrində rəqəmsal transformasiyanı həyata keçirmək potensialına malikdir. Nəticədə, Azərbaycanda yüksək səriştəli və yüksək ödənişli bir çox yeni iş yerləri açıla bilər. Bununla biz insan kapitalının inkişafına daha bir töhfə verir, eyni zamanda bu töhfəmizi yeni müstəviyə – neft-qaz sənayesinin fövqünə qaldırırıq”, – deyə SOCAR prezidenti Rövnəq Abdullayev vurğulayıb.

Nəzərdə tutulan tədbirlər nəticəsində SOCAR İT sahəsində proses və əməliyyatları daha çevik və effektli şəkildə idarə edəcək, istehsalat proseslərində daha çox məlumatların təhlilini daha yüksək sürətlə həyata keçirəcəkdir. Nəticədə, neft və qaz yataqlarında aparılan axtarış-kəşfiyyat işlərinin səmərəsi daha da yüksələcək, ətraf mühitə təsirin azaldılması üçün yeni imkanlar yaranacaq.

Əməkdaşlıq IBM-ə təkcə Azərbaycanda deyil, bütün Xəzər regionunda və onun hüdudlarından kənarda fəaliyyətini genişləndirməyə yardım edəcək.

“SOCAR-IBM birgə müəssisənin yaradılması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəqəmsal transformasiyasını sürətləndirməyə kömək edəcək, eyni zamanda qlobal enerji sənayesinin inkişafına töhfə verəcəkdir”, – deyə IBM-in qlobal bazarlar üzrə baş vitse-prezidenti Erik Klementi vurğulayıb.

Əldə olunmuş razılığa əsasən, SOCAR-IBM birgə müəssisəsi biznes fəaliyyətlərin intensiv inkişaf etdiyi başqa sahələri, o cümlədən yeni coğrafi məkanları və müştəriləri də əhatə edə bilər.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir