Ermənistanın baş naziri Nikol Paşinyan Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb. O, yenə də beynəlxalq ictimaiyyəti uğursuz şəkildə aldatmağa çalışıb. Dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsini, oxlokratik diktaturanın qurulmasını demokratiya kimi tanıtmağa çalışması gülüş doğurur.

Populizm, siyasi demoqoqiya və kütlələrin manipulyasiyası ilə məşğul olan siyasətçilərin keçən əsrin 30-40-cı illərində Avropada hansı fəsadlara yol açdığı hər kəsə yaxşı məlumdur.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın baş naziri tərəfindən BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumu müzakirələrinin mövzusuna uyğun olaraq, ölkənin inkişafı, dayanıqlı inkişaf məqsədlərinin milli səviyyədə həyata keçirilməsi, qonşu dövlətlərlə sülh şəraitində yaşamaqla bağlı heç bir fakt və ya rəqəm səsləndirilməyib. Çünki bunlar yoxdur.

BMT Nizamnaməsinin 2(4) maddəsini kobud şəkildə pozaraq Azərbaycana qarşı gücdən istifadə edən və ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edən Ermənistan tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülüb. Ermənistan öz ərazisində və işğal olunmuş torpaqlarda bir milyondan artıq köklü Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə törədib.

Prezident Administrasiyasının rəsmisi deyib ki, Ermənistanın baş naziri sələflərinin siyasətini davam etdirərək təxribatçı və hərbi avantüra xarakterli addımları, ziddiyyətli və cəfəng fikirləri ilə danışıqlar prosesinin iflic hala salınmasına qulluq edir.

Bütün beynəlxalq ictimaiyyətə çox yaxşı bəllidir ki, münaqişənin həllində ən başlıca maneə Ermənistanın Azərbaycana qarşı hərbi işğalının davam etməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur. Hələ bu azmış kimi Ermənistanın baş naziri beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam sayğısızlıq şəraitində işğal edilmiş torpaqların ilhaqına çağırır.

Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin üzərindən sükutla keçir

Ermənistanın baş naziri BMT-nin mənzil-qərargahında olduğu halda, münaqişənin həllinin siyasi-hüquqi əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin üzərindən qəsdən sükutla keçir.

Münaqişənin həllində irəliləyiş əldə etmək üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxarmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına mane olmağı dayandırmalı və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Yalnız bu halda münaqişənin həlli, regionda davamlı sülh və sabitliyin təmin olunması mümkündür.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın