İsti yay aylarında sərinləmək üçün suya alternativ olaraq qarpız yeyilir. Ancaq qarpızı yeməyin də öz zamanı və qaydaları var. Həmin qaydalara uymadıqda elə də ürəkaçan olmayan sonuclarla qarşılaşa bilərik.

Hələ iyun ayı olmasına baxmayaraq, artıq Bakı bazarlarında qarpız satılır və məhsul yetərincə boldur. Satıcıların yerli mal olduğunu dediyi qarpızın necə yetişdirilməsi ilə yanaşı, insan orqanizminə nə dərəcədə faydalı, ya da ziyanlı olması sualı da ortaya çıxır.

Hələ yayın yeni başlamasına baxmayaraq, artıq bir neçə nəfər qarpızdan zəhərlənib. Toplam, son illər qarpızdan zəhərlənmə halları artıb. Hətta bu zəhərlənmələr ölümlə sonuclanıb. Mövzu ilə bağlı əhali arasında apardığımız kiçik sorğudan bu aydın oldu ki, indi qarpızı yeyənlər də, yeməyib avqust ayını gözləyənlər də var. Təbii ki, bu, hər kəsin yemək rasionunu özgür seçməsi ilə bağlı durumdur.

Ancaq zəhərlənmə durumlarının artması qarpız yeyərkən diqqətli olmağımızın önəmliliyini önə çəkir. Evində azyaşlı uşaqlar olanlar isə ikiqat diqqətli olmalıdırlar.

Bununla bağlı lent.az-a danışan pediatr Günay Rəsulova deyir ki, avqust ayından öncə uşaqlara qarpız yedirtmək olmaz: “İstənilən meyvəni mövsümündə yemək məsləhətdir, o cümlədən qarpızı. Çünki mövsümündən öncə yetişdirmək üçün bu cür məhsullara üzvi maddələr vurulur. Bir yaşdan balaca uşaqlara qarpız vermək heç doğru deyil. Azyaşlılara isə avqust ayından öncə bu meyvəni yedirtmək olmaz. Belə olarsa, onun orqanizmə heç bir xeyri olmur. Bir də qarpız uşaqlara kiçik dilimlər şəklində nahar zamanı verilməlidir. Gecə saatlarında isə bu qidanı onlara yedizdirmək qətiyyən olmaz”.

Həkimin sözlərinə görə, qarpızdan zəhərlənmənin əlamətlərini öncədən bilmək olur: “Həzm prosesinin pozulması, qusma, qan təzyiqinin enməsi, halsızlıq, ürək bulanma, hərarətin yüksəlməsi kimi hallar baş verir. O cümlədən gündə 5-10 dəfəyə qədər defekasiya olursa, bu, artıq mədə-bağırsaq sistemində çətinliklərin olduğunu göstərir”.

Belə durumlarda ilkin tibbi yardım kimi simptomatik müalicədən yararlanmaq olar: “Hərarəti düşürərək, çalışmaq gərəkdir ki, bir neçə saat mədə boş qalsın. Bu zaman isə zəhərlənmiş şəxsə yalnız su içirmək olar”.

Bəs, görəsən, indi satışda olan qarpızlar yoxlanılırmı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov iddia edir ki, satışda olan qarpızlardan zəhərlənmə ehtimalı yüksəkdir. O bildirir ki, satışda olan qarpızlarda nitratın ölçüsü normadan 300-500 dəfə artıqdır: “Qarpızın tərkibindəki nitratın miqdarı hər kiloqrama görə norma ilə 60 milliqram olmalıdır. Bazarlarda apardığımız monitorinq isə göstərir ki, satışda olan qarpızların tərkibində nitratın miqdarı 200-250 milliqramdan artıqdır. Təbii ki, bu da zəhərlənmə ehtimalını artırır”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibliyindən Ailem.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Xidmətinin işçiləri Azərbaycanın bütün topdansatış və parakəndə satış məntəqələrində fitosanitar nəzarət yoxlamaları həyata keçirir: “Yoxlamalar zamanı tapılan keyfiyyətsiz kənd təsərrüfatı malları dərhal satışdan çıxarılır və göstərilmiş qaydalara uyğun olaraq zərərsizləşdirilir. İndi bazarlarda satışa çıxarılan qarpız və yemiş məhsulları başlıca olaraq ölkə içində bostan şəraitində yetişdirilir”.

Eyni zamanda o da bildirilir ki, Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən ölkənin topdansatış və parakəndə satış məntəqələrində satılan qarpız məhsulu üzərində mütəmadi kimyəvi toksikoloji müayinələr aparılır: “Son müayinələr zamanı məhsulun üzvi tərkibi araşdırılıb, məhsullarda ağır metalların normal olduğu aşkarlanıb və heç bir toksiki birləşmələrə, nitrat və pestisid qalıqlarına rast gəlinməyib. Qarpız məhsullarında nitratın qalıq miqdarı norma üzrə 60 mq/kq olduğu halda, müayinə zamanı 20-40 mq/kq arasında dəyişib. Ağır metallar normadır. Üzvi tərkibinin müayinəsi zamanı hec bir toksiki birləşmələr və pestisid qalıqları ilə qarşılaşmayıb”.

İndi satışda olan qarpız-yemiş məhsullarının keyfiyyəti ilə bağlı suala da aydınlıq gətirilib. Məlumatda deyilir ki, mövsümdən asılı olmayaraq, əgər məhsul aqrotexniki qaydalara əməl olunmaqla yetişdirilibsə və düzgün temperatura uyğun saxlanılıbsa, istifadə zamanı heç bir təhlükə yarada bilməz: “Ölkə daxilində qarpız və yemiş məhsulları başlıca olaraq iyun ayında açıq yerlərdə yetişdiyi üçün bu çağdan başlayaraq yerli bostan məhsullarından istifadə edə bilərlər. Bildirək ki, qarpız və yemiş məhsulları soyuducuda uzun zaman saxlanıldıqda keyfiyyətini itirir, içində müəyyən çürümə prosesləri gedir və onlardakı toksiki maddələr artır. Buna görə də qarpız və yemiş kəsildikdən sonra bir, ya da iki gün içində istifadə olunmalıdır. Belə olan halda, insan orqanizmi üçün hec bir təhlükə yarana bilməz”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın