Bir neçə gündür sosial şəbəkələrdə yayılan at çapan 9 yaşlı Gülay Fərzəliyevanın görüntüləri izləyənləri heyran qoyub.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Open.az balaca Gülayla görüşüb. O bildirib ki, 4 yaşından başlayaraq yaxşı at çapmağı bacarır: “Məktəbdə, sinifdə yoldaşlarım həmişə soruşurlar ki, at çapmağı necə öyrənmişəm. Mən onlara bunu atamdan öyrəndiyimi deyirəm. Lap balacalıqdan məşğul olduğuma görə, artıq mənə çətin deyil. Atlarla da yaxşı dostluq edə bilirəm. Ən çox bəyəndiyim at “ərəb” cinsidir. Ancaq bütün atları sevirəm”.

Gülay at çapmağı ailədə bacaran tək övlad deyil: “Mənim 2 qardaşım var. Biri məndən böyük, biri isə kiçikdir. Böyük qardaşım da yaxşı bacarır. Balaca qardaşım isə təzə öyrənir. Onlar da atları sevirlər. Ancaq anam qorxur. Ailəmizdə tək o, atlardan çəkinir. Amma bizə də mane olmur. Hər gün məktəbdən gələndən sonra işlərimi görüb, atlarımın yanına qaçıram. Onlar mənə çox öyrəşiblər”.

Gülayın atası Vüsal Feyzullayev qızına ad günündə poni hədiyyə etdiyini bildirib: “Atlara sevgisini bildiyim üçün ona poni aldım. Çox sevindi. İndi hər gün atlarla bərabər onunla da vaxt keçirir. Qızım atları yaxşı tanıyır. Elə mən özüm də bilirəm ki, bu at indi hansı gözlənilməz hərəkəti edə bilər. Ağdam rayonundan məcburi köçkünük. Bu, bizə ata-babalarımızdan keçib. Qızımın bacarığı ilə də fəxr edirəm. Bu yaşda belə qabiliyyətli olması məni sevindirir. 9 yaşlı balaca qızın atı bu cür cilovlaması heyrətləndiricidir. Onun qolları çox güclüdür. Atın cilovunu tutmaq böyük məharət və güc tələb edir”.

Gülay gələcəkdə professional atçılıq yarışlarında iştirak etmək istəyir: “Həyatımı atlara bağlamaq istəyirəm. Ancaq atlarla məşğul olmaq arzusundayam”.

Hər kəsi heyrətləndirən 9 yaşlı Gulay: “Həyatımı atlara bağlamaq istəyirəm”

Yazar: Şəfiqə Nazimqızı (Open.az)

Foto, video: Firi Səlim

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın