Gömrük Qaydaları Sərtləşdirildi: 1500 dollardan 800 dollara endirildi

Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara uyğun olaraq, bundan sonra ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, toplam gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt toplam gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi.

Həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri, ya da daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində toplam gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.

Qərarda həmçinin deyilir ki, 2 ildən az olmayaraq diplomatik nümayəndəliklərdə və konsulluqlarda xidmət etmiş, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqların mühafizəsini həyata keçirən hərbi qulluqçular tərəfindən müvafiq olaraq Xarici İşlər Nazirliyi və xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən dövlət orqanı tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın təyinat və geri çağırılma əmrlərinin təsdiq olunmuş surətləri gömrük orqanına təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən toplam gömrük dəyəri 40 000 ABŞ dollarının ekvivalenti məbləğindən və mühərrikin həcmi 3 000 kubsantimetrdən artıq olmayan bir dənə avtonəqliyyat vasitəsinin (avtonəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd, avtonəqliyyat vasitəsinin bir il müddətində özgəninkiləşdirilməməklə sahibliyi, həmçinin avtonəqliyyat vasitəsini idarə etmək hüququ istisna olmaqla üzərində başqa sərəncam verməmək barədə avtonəqliyyat vasitəsi sahibinin öhdəliyinə dair sənəd təqdim olunmaqla) gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur. İndiyə qədər bu məsələlərdə limit olmayıb.

Bu Qərar yayınlandığı gündən 30 (otuz) gün sonra, yəni sentyabrın 21-dən qüvvəyə minir.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir