İnternational Medical Center-1 tibb mərkəzinin həkimi dr. Natavan Nəbiyeva StimulXeber.az saytına müsahibə verib. Həmin müsahibəni diqqətinizə çatdırırıq.

Natavan xanım, necə oldu ki, həkim oldunuz?

– Həkim olmaq uşaqlıq arzum olub. Amma həmişə istəmişəm ki, pasientlərə xəstəlik barədə məlumat yox, pozitiv müjdələr verim. Buna görə də, məhz ginekologiya sahəsini seçdim. Tibb Universitetini bitirdikdən sonra Rusiya, Türkiyə və İtaliya kimi dövlətlərin universitetlərində təkmilləşdirmə kursu keçdim. Hal-hazırda fəaliyyətimi öz axarı ilə davam etdirirəm.

– Artıq neçə ildir ki, bu sahədəsiniz?

– On ildən artıqdır ki, bu sahədəyəm.

– Həkimlik sizə nə verdi və sizdən nə aldı?

– Yuxusuz gecələrim çox oldu. Müəyyən məqamlarda həyatın ritmindən geri qaldım. Zamanımı daha çox oxumağa sərf etdim. Nəticədə isə, bu gün məni sevən və inam göstərən pasient kütləsi qazandım. Onları gördükcə, fərəh hissi keçirdirəm.

– Bu yerə qədər gəlib çıxmağınızda bir dəstəkçiniz oldumu?

– Mən Universiteti bitirdikdən sonra onkologiya üzrə ixtisaslaşdım. Daha sonra isə ginekologiya sahəsində təkmilləşdim. Mənim bu sahədə ixtisaslaşmağımda, təcrübə keçməyimdə, xaricdə təhsil almağımda göstərdiyi dəstəyə görə onkologiya mərkəzinin direktoru Cəmil Əliyeva ömrümün sonuna qədər minnatdaram. O, mənim üçün bu sahədə bir “qapı” açdı, deyərdim. Bu işdə valideynlərim də mənə hər zaman dəstək oldu.

– Həkimlikdən başqa bir sahəyə yönəlmək istəyiniz olubmu nə vaxtsa?

– Məktəb illərində gəlinciklərə öz zövqümlə paltarlar tikirdim. Yaratmağa-düzəltəməyə həvəsim var idi. Hətta atam deyirdi ki, sən dizayner olasan bəlkə?! Amma mənim arzum həkim olmaq idi. Anamın və onun rəfiqəsinin də mənəvi dəstəyi ilə arzum çatdım.

– Özünüz özünüzə “həkimlik” edə bilirsinizmi?

– İnsan öz həkimi olmalıdır deyəndə, onun sağlam yaşam tərzinə riayət etməyi nəzərdə tutulur. Bizdə isə çətin olur bu. Vaxt məhdudiyyətinə görə çox zaman idman etmək, sağlamlıq üçün müəyyən prosedurları yerinə yetirmək və s. mümkün olmur. Bu baxımdan, öz həkimimiz ola bilmirik çox hallarda.

– Bu işə birdəfəlik nə zaman son qoymaq fikriniz var?

– Özümü işimsiz təsəvvür edə bilmirəm. Bu iş məni həyatımın ayrılmaz bir hissəsinə çevrilib. Nə qədər ki canım sağdır, bu yolda davam edəcəyəm.

– Sizə işləmək üçün bu qədər stimul verən nədir?

– Mən universiteti bitirərkən belə qərara gəldim ki, bu işi ya mükəmməl bilib işləyəcəksən, ya da yox. Qazandığım uğurlar, nəticələr mənə daha da həvəslə işləməyə stimul verir. Həmişə tibbdəki yenilikləri təqib və tətbiq etməyə çalışıram.

– Bu sahədə nə tapa bilmədiniz?

– Bizdə səhiyyə sistemində müəyyən boşluqlar var. Biz əlimizdən gələni edirik, həmin boşluqları hansısa vasitələrlə doldurmağa çalışırıq ki, gözəl nəticələr ortaya çıxsın.

– Bəs görmək istədiyiniz, amma görə bilmədiyiniz nədir?

– Bizdə həkimlərin əl-ələ verib heyət olaraq çalışmırlar. Xaricdə bütün həkimlər vahid bir təkmilləşmə kursu keçirlər. Orada yaxşı həkim, pis həkim anlayışı yoxdur. Həkim öz işinə iş kimi baxır.

– Bizim bir çox tələbələr universiteti bitirdikdən sonra gedib xarici ölkələrdə təhsil alırlar və bəzilər geri qayıtmır. Getdikləri ölkələrdə öz karyeralarını qururlar. Buna münasibətiniz necədir?

– Bu məsələyə adekvat yanaşıram. Mənim də İtaliyada qalıb işləmək şansım var idi. Lakin o zamanlar bunun üçün özümü hazır hiss etmirdim. Valideynlərimdən uzaqda yaşaya bilməzdim. Bəlkə indi belə bir şans olsa idi, tərəddüd etmədən dəyərləndirərdim.

– Ümumiyyətlə, ailə həyatı ilə iş həyatınızı balanslaşdıra bilirsinizmi?

– Çox çətindir. Bu, mənim yaralı yerimdir (gülür). Ailəyə, uşağa, valideynlərə ayırmağa çox az zaman qalır. Bu da məni narahat edən ciddi məsələlərdən biridir.

– Bu sahədə qorxduğunuz nə idi ki, o da başınıza gəldi?

– Bir həkimin qorxduğu nə ola bilər? Xəstədə baş verən, onun həyatına təsir edən ağırlaşma və ya xəstəni itirmək. Şükürlər olsun ki, bu hal olmayıb. Amma işimiz elədir ki, heç bir həkim bundan sığortlalanmayıb. Hər an belə hallarla qarşılaşa bilərik. Əsas odur ki, həkim səhvi olmasın. Bunu hər zaman göz önündə saxlamağa çalışıram.

– Bir həkim olaraq, sizi narahat edən problemlər hansılardır?

– Pasientlərin yalnış informasiyalar qəbul etməkləri, xəstəliklərə yalnış tərzdə yanaşmaqları, bəzilərinin öz xəstəliklərini sosial şəbəkələrdə müzakirə etməyi və s. məsələlər məni çox narahat edir.

– Bəs son zamanlarda ən çox müşahidə etdiyiniz xəstəliklər hansılardır?

– Hamilələrin erkən inkişafdan qalması, sonsuzluq, qızlarda funksional pozqunluqlar, doğuşdan sonra sidikqaçırtmalar və s. problemlərlə tez-tez qarşılaşırıq.

– Mənim həkim olmağımın məntiqi sonluğu bu idi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa. 

– Məntiqi sonluğu bu idi ki, pasientlərə vicdanla yanaşmaq və onlara maksimum dərəcədə fayda vermək. Mən Türkiyədə oxuyanda bəzən elə olurdu ki, xəstələrdə ağırlaşmalar olurdu. Bir dəfə tələbələrdən biri professordan soruşdu ki, bizim etdiyimiz müalicənin nəticəsində xəstədə yenə ağırlaşma olarsa, o, yenə də bizdən bunun hesabını istəyəcək. Professor dedi ki, siz öz işinizi doğru aparın, xəstəyə ziyan verməyin. Sizin öhdənizə düşən budur. Yüz faizlik nəticə deyilən bir şey yoxdur. Bəzən orqanizmin zamana ehtiyacı olur. Biz bəzi şeyləri zamana buraxsaq, məcnə, daha yaxşı nəticələr əldə edə bilərik.

Ünvan: İnternational Medical Center-1 (Bakı şəh, B.Səfəroglu küç.183)
Həkimlə əlaqə: (050) 308-40-43

4 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın