Facebookun Azərbaycan Dilinə Tərcüməsinə Siz də Qoşulun

Bu gün 90 xarici dildə tərcüməsi olan dünyanın ən böyük sosial şəbəkəsi Facebooku 11 il öncə, 2004-cü ildə Harvard Universitetinin tələbəsi Mark Zukerberq yaratmışdır. Başlanğıcda Facebook yalnız Harvard Universitetinin tələbələri üçün düşünülmüşdü və 2005-ci ildə şirkət facebook.com domenini 200 min dollara satın alıb. 2006-cı il sentyabrın 26-da sosial şəbəkə bütün internet istifadəçilərinin ixtiyarına verilib.

Bir Az Statistika: Facebook Dünyanın Ən Böyük Sosial Şəbəkəsidir

Dünyanın hər yanından olan 3 milyard internet istifadəçisindən 1,39 milyardı Facebooku işlədir. Gündəlik olaraq 890 milyon insan Facebooka qoşulur. Toplam istifadəçilərin 86%-i, yəni 1,19 milyardı isə sosial şəbəkəyə mobil qurğulardan daxil olur. Facebookda ən çox izləyicisi olan səhifə Facebook for Every Phone-dur (513 751 142 izləyici). Tanınmışlardan Kristiano Ronaldonun 107 039 087 fanatı bir zaman 1-ci olmuş Kolumbiyalı müğənni Şakiranın 102 833 927 nəfərlik fanat ordusunu üstələyir. Şirkətlər arasında birinci Coca-Cola (93 288 755 izləyici), futbol klublarından Barselonadır (87 180 779 izləyici).
Azərbaycanda Facebook işlədənlərin sayı 1 milyon 320 min nəfərdir. Ölkənin bir çox dövlət və özəl qurumlarının ayrıca Facebook səhifəsi vardır. Ən çox izləyici isə Bizim Yol Gündəlik İctimai Siyasi Qəzetin səhifəsini (806 877 nəfər) oxuyur. 534 292 fanatla 2-ci sırada Bizim Yol qəzetini izləyən də onların həmkarı 1stNews.az online media səhifəsidir. Kommersiya qurumlarından Romantic geyim dükanları şəbəkəsinin ən çox – 437 503 izləyicisi, məşhurlardan isə müğənni Röyanın 427 099 fanatı var. İlk onluqda Azərcell və Bakcell də öz aralarında rəqabət (uyğun olaraq 377 011 və 366 288 izləyici) aparır. Daha geniş statistika üçün SosialBakers.com saytına baxa bilərsiniz.

Facebookun Azərbaycan Dilinə Tərcüməsinə Hər Kəs Qoşula Bilər

Facebook saytının Azərbaycan dilinə tərcüməsinə 2008-ci ilin yay aylarından başlanılıb. 2009-cu ildən sayt rəsmi olaraq Azərbaycan dilində də işləyir. Dil Quraşdırmaları səhifəsindən Azərbaycan dilini seçib “Dəyişiklikləri Yadda Saxla” düyməsinə sıxdıqdan sonra sayt yazıları tamamilə Azərbaycan dilində yazılacaqdır. Sadəcə olaraq hələlik tərcümə edilməmiş sözlər öz original versiyası – İngilis dilində görsənəcək. Bu gün saytın 90%-inin Azərbaycan dilinə tərcümə olunmasına baxmayaraq hər zaman dəyişən və genişlənən şəbəkəyə yeni-yeni sözlər artırılmaqda davam edir. Facebook bütün könüllü istifadəçilərə tərcümələrə qoşulmaq imkanı verir. Bunun üçün Facebook Tərcümələr uyğulamasına qoşulmağınız yetərlidir, hətta mobil telefondan da tərcümələrə qoşula bilərsiniz:

https://www.m.facebook.com/translations

Elə çevirmək istədiyiniz dili seçən kimi tərcümələrə başlaya bilərsiniz. Translation App Guide-də yazıldığı kimi tərcümə etdiyiniz dili yalnız 30 gündən sonra dəyişə bilərsiniz. Yaxşı olardı ki, başlamadan öncə Azerbaijani Style Guide for Community ilə də tanış olasınız. Başlıca istəklər:

  1. Asan Dildə Yazın: Qısa söz və cümlələr işlətməklə söz sayını mümkün olduqca azaldın.
  2. Nöqtəsini Qoyun: Hər şeyi açıq-aydın anlatmaqla insanlara yetərincə doğru bilgilər verin.
  3. Biri ilə Danışar kimi Yazın: Sanki qonşunuzla danışır kimi yoldaşcasına sayğılı olun.

Tərcümə zamanı Facebookun özünəməxsus yazılış üslubunu da nəzərə almaq lazımdır ki, bu da bir çox hallarda Azərbaycan dilinin qramatikasına uymaya bilər. Örnək: Facebook sözünün yazılışı hər yerdə olduğu kimi saxlanmalıdır, ya da cümlənin ortasında ümumi isimlərin böyük hərflə yazılması və b.b.
Çox asan görsənsə də burada da çətinliklər az deyil. Düşünün ki, tərcüməçilərdən əsəbləşib söyüş yazanlar da olur.
Qarşılaşdığınız pis tərcüməni buradan bildirmək olar: https://www.facebook.com/help/contact/?id=228711980522477
Sonda isə bir az dincəlmək və üzümüzdə gülüş cizgilərinin yaranması üçün Manpası Youtube kanalının Facebookla bağlı videosuna baxaq:


“MANPASI” – Elmlər Akademiyası #4 – Facebook

Bəs siz Facebookda Azərbaycan dilinə yanlış çevrilmiş sözlə qarşılaşmısınızmı? Ya da bəyənmədiyiniz elə bir söz varmı ki, doğru olmasını istərdiniz?

Qaynaq: WEB Dizayn Studiyası

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Facebookun Azərbaycan Dilinə Tərcüməsinə Siz də Qoşulun” üçün bir açıqlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir