ESC2020: Azərbaycandan Samira Əfəndi Kleopatra Mahnısını Oxuyacaq

İctimai Televiziya və Radio Yayımları Şirkəti bildirir ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək Eurovision Song Contest 2020 (ESC2020) mahnı yarışmasında Azərbaycanı gənc müğənni Samira Əfəndi “Cleopatra” (Kleopatra) mahnısı ilə təmsil edəcək.

YALAN.info Xəbərlər və İnformasiya Saytının məlumatına görə, Samira Əfəndi “Cleopatra” mahnısı ilə mayın 14-də Rotterdamda (Niderland) səhnəyə çıxacaq. Təqdim olunan mahnının müəllifləri niderlandlı Allan Roy Skott, Sara Leyk və Lyuk Van Birsdir. Bu kompozisiyanın prodüserləri isə müəlliflərdən biri olan Lyuk Van Birs, digəri isə Toni Kornelissendir. Mahnıda etnik motivlər müasir səs ilə ahəngdar şəkildə uzlaşır. Kompozisiyada UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmış Azərbaycan milli musiqi aləti tar, həmçinin balaban və ud səslənir.

Mahnının müəlliflərinin vurğuladığı kimi, “Cleopatra” azadlığı, içdən gələn səsə güvəni, hər şeyin çətinləşdiyi, özəlliklə də kiminsə sizə xəyanət etdiyi, ya da zərər verdiyi anlarda belə “şahzadə” olaraq qalmağı bacarmağı, bunun üçün güc tapmağı təlqin edən kompozisiyadır. Mahnı çətin sevgi tarixçəsi, dərdi və xəyanəti yaşamış, ancaq öz gücünü göstərmiş və tarixdə qadın müstəqilliyinin rəmzi kimi yadda qalmış Kleopatranın timsalında insanlara olduqları kimi qalmağı, ruh yüksəkliyini və özləri ilə fəxr etməyi bacarmağı aşılayır.

Mahnının klipi Qobustan Tarixi Qoruğunda quruluşçu rejissor və operator Aleks Lamax tərəfindən çəkilmişdir. Klipin prodüseri İsa Məlikovdur. Onu da vurğulayaq ki, bu, uzun müddət boyunca ilk dəfə Eurovision Song Contest mahnı yarışması üçün Azərbaycanda çəkilən klipdir.

Efendi – Cleopatra – Azerbaijan 🇦🇿 – Official Music Video – Eurovision 2020

Daha öncədən də Eurovision yarışmasının seçim mərhələsində iştirak edən Samira Əfəndi “Yeni ulduz”, “Böyük Səhnə” (3-cü yer) və “Səs Azərbaycan” (3-cü yer) kimi tanınmış musiqi verilişlərinə qoşularaq güclü vokal səsi ilə yaddaşlarda qalmışdır. Samira Əfəndi 2017-ci ildə Almatıda “Silk Way Star” (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən “Voice of Nur-Sultan” Beynəlxalq festivalına qatılmışdır.

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Open up!” (“Açıl!”) olan Eurovision 2020 mahnı yarışmasının yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da “Ahoy Arena”da reallaşacaq. Azərbaycan təmsilçisi ESC2020 yarışmasının birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

Yada salaq ki, 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın ESC2020 mahnı yarışmasında iştirakı rəsmən təsdiqlənib.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir