Bu il ölkəmizi Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Eurovision 2018 Mahnı Yarışmasında təmsil etməyə hazırlaşan nümayəndəmizi yola gətirmək çətin olsa da, qısa zaman kəsimində müsahibə gerçəkləşdirdik.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu pianoçu, vokalist və bəstəkar Aysel Məmmədova ilə müsahibəni təqdim edən Oxu.Az yazır:

– Özünüzü oxuculara təqdim edin…

– Öncə onu vurğulayım ki, mən pianoçuyam, musiqi karyerama müğənniliklə başlamamışam. Altı yaşından musiqi ilə məşğulam. Bülbül adına orta ixtisas məktəbini və Bakı Musiqi Akademiyasının klassik fortepiano fakültəsini bitirmişəm. Dəfələrlə Azərbaycanı müxtəlif müsabiqələrdə təmsil etmişəm. Çoxsaylı diplomlarım, mükafatlarım var.

– Musiqiyə maraq haradan yarandı?

– Valideynlərim musiqiçidir. Musiqiyə marağım uşaqlıqdan yaranıb.

– 2017-ci ildə sizin üçün ən əlamətdar hadisələrdən biri ölkəmizi “Eurovision-2018” beynəlxalq musiqi yarışmasında müğənni kimi təmsil etməyinizdir. Bunu gözləyirdiniz?

– Həmişəki kimi, “Eurovision” seçimlərini İctimai TV edirdi. Qapalı seçimlərdə başqa rəqiblərə qalib gəldim. Musiqi təhsilimi, festivallarda olan təcrübələrimi nəzərə alaraq məni seçdilər. Sözün düzü, gözləmirdim. Oxuduqlarım pop janrından uzaqdır. Daha çox caza üstünlük verirəm deyə təəccübləndim. Bu da çox xoş oldu.

– Özünüzü müsabiqəyə hazır duyursunuzmu?

– Mənəvi olaraq özümü müsabiqəyə hazır duyuram. Hazırlıq prosesləri gedir. Bir çox nüanslar var ki, hələ də hazır deyil.

– Bundan öncəki “Eurovision” təmsilçilərindən kimin təcrübəsindən yararlanırsınız?

– Bir çox ifaçılarla münasibətim var. Elnur Hüseynovla bir neçə gün öncə geniş söhbət etmişik. Eldar Qasımov və Nigar Camalla da münasibətlərimiz əladır. Onlardan da nə edib-etməyəcəyimlə bağlı məsləhətlər alıram. Mənə gərəkli informasiyaları veriblər.

– Yarışmadan qayıdanların çoxu uzun müddət səssizliyə çəkilir. Bu, sizi qorxutmur ki?

– Bundan qorxmuram. Yarışmanın heç bir inkişafa və sənətə dəxli yoxdur. Özün inkişaf etmək istəyirsənsə, davamlı olaraq çalışmalısan.

– Bir çox festivallara qoşulmusunuz. Ətrafınızda da çox sayda şou nümayəndəsi var. Ancaq siz kölgədə qalmağa üstünlük verirsiniz. Bunun səbəbi nədir?

– Mənim ifa etdiyim janr popdan uzaqdır. Bizdə ən çox üzdə olanlar pop oxuyanlardır. Öncə klassik musiqi ilə, daha sonra cazla məşğul olmuşam. Belə müğənnilər da nisbətən qıraqda qalırlar. Çünki gördükləri iş bunu tələb edir. Bir neçə ifaçı var ki, əminəm izləyicilərin çoxu onları tanımır.

– Klassik musiqidən caza keçid necə oldu?

– Cazla məktəbdə olarkən məşğul olmağa başladım. Bu janra özəl marağım yarandı.

– Yarışma sizin üçün təkandır, indi daha geniş auditoriyaya xitab edəcəksiniz. Hansı duyğuları keçirirsiniz və bu, sizin həyatınızda nələri dəyişəcək?

– Əslində. buna görə həyəcanlıyam. Ancaq bu, yarışma ilə bağlı olan adekvat həyəcandır. Həyatım olduğu kimi davam edəcək.

– İncəsənətdə populyarlıq qazanmaq insanın öz seçimidir, ya şans məsələsidir?

– Təbii ki, öz seçimidir. Populyarlıq qazanmaq bir çox şeylə ola bilər. Hər hansı bir hərəkətinlə də populyarlıq qazana bilərsən.

– Səmra daha çox geyimləri ilə gündəm yaratdı. Sizdən də cəsarətli kliplər gözlənilirmi?

– Baxır, siz cəsarətli nəyə deyirsiniz…

– Daha çox açıq-saçıq geyimlər…

– Mənim üçün birinci musiqi və onun keyfiyyətidir. Əgər obraz tələb edirsə, həddini aşmamaq şərtilə mən də cəsarətli geyimlərlə və kliplərlə izləyicilərin qarşısına çıxaram.

– Sizi “Eurovision”da  Azərbaycanı təmsil edən xanım müğənnilərimizdən fərqləndirən nədir?

– Ümumiyyətlə, hamımız fərqliyik. Hər insanın özünə görə dünyagörüşü, tipajı, xarakteristikası var. Ona görə kəskin fərqlənirik.

– Yarışmaya az qalıb, ancaq ortada nə mahnı, nə də klip var…

– İndi mahnının final versiyasının yazılması üçün İngiltərəyə yollanıram. Daha sonra klip çəkilişlərimiz başlanır. Fevralın sonunda klip də, mahnı da, səhnə şousu da hazırlanacaq. Başqa heç bir informasiya verə bilmərəm.

– İddia edirlər ki, sizin yarışmadakı prodyuseriniz Filip Kirkorovdur…

– Bununla bağlı informasiya verə bilmərəm. Martın əvvəlini gözləmək lazımdır.

– Promo-turlar çərçivəsində hansı ölkələrdə olacaqsınız?

– Hələlik bu barədə məlumat verilməyib.

– “Eurovision”ın başqa ölkələrdən olan fanlarından reaksiya alırsınız?

– Mənə müxtəlif ölkələrdən – Malta, İsveçrədən yazırlar. Reaksiyaları çox yaxşıdır.

– Bəs bizim vətəndaşlarımız?

– Onlardan da hələlik neqativ heç nə görməmişəm (gülür).

– Bir qadın kimi özünüzü güclü duyursunuzmu və bu gücü hardan alırsınız? Sizə nə özünüzü güclü hiss etdirir?

– Hə, özümü bir qadın kimi güclü duyuram. Bu duyğular məndə nə dünən, nə də bu gün yaranıb. Uşaqlıqdan özümdə spesifik bir güc duyuram və inanıram ki, bu, məndə ömürlük qalacaq.

– Nədən ilhamlanırsınız? Sizə nə enerji verir?

– Heyvanları çox sevirəm. On ildən çoxdur onların qorunması ilə bağlı işlər görürəm. Təbiətdən ilhamlanıram. Yoqa ilə məşğulam. Bu da mənə enerji verir.

– Sizə yarışmada da enerjili günlər və uğurlar arzu edirəm. Bu qaçaqaçda vaxt ayırdığınız üçün ayrıca çox sağ olun.

– Müsahibə üçün mən çox sağ olun deyirəm. Bilirəm ki, çiyinlərimə böyük bir məsuliyyət və yük düşüb. Çalışacam, gördüyüm işin öhdəsindən layiqincə gəlim…

Eurovision 2018 təmsilçimiz: Müsabiqənin sənətə dəxli yoxdur

ESC2018 Azərbaycan: Aysel Məmmədova (Aisel)

ESC2018 Azərbaycan: Aysel Məmmədova (Aisel)

ESC2018 Azərbaycan: Aysel Məmmədova (Aisel)

Aysel Məmmədova - Aisel Mammadova - Aysel Mamedova (AISEL)

Eurovision Song Contest 2018 (ESC2018) Azərbaycan Aysel Məmmədova Eurovision Song Contest 2018 (ESC2018) Azərbaycan: Aysel Məmmədova (AISEL)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın