Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarovanın erməni-faşist hərbçisi Qaregin Njdeyə heykəl qoyulmasını pisləməsi Ermənistanda ciddi gərginlik yaradıb. Ermənilər İrəvanda Drastamat Kanayana da (Dro) heykəlin qoyulmasını istəyirlər.

ANS PRESS-in məlumatına görə, məsələ ilə bağlı həm parlament səviyyəsində, həm də hökumət  səviyyəsində absurd rəylər bildirilib. Bu rəylərin içində ən absurd fikir isə Zaxarovanın, ümumiyyətlə Rusiya XİN-in faşist hərbçiyə heykəl qoyulmasını pisləməsinin arxasında Azərbaycanın sifarişinin durması ilə bağlı edilən iddiadır.

Ermənistanın hakim Respublika Partiyasının ideoloji atası olan Qaregin Njde (Qaregin Ter-Arutunyan) ikinci Dünya müharibəsi illərində Berlinə gedərək Hitlerlə əməkdaşlıq edib. O, hətta Vermaxt tərəfindən dərc olunan faşistyönümlü “Azat Hayastan” (Azad Ermənistan) qəzetinin baş redaktorunun müavini olub. Vermaxtda erməni legionunu yaradılmasında iştirak edib.

Ermənistanın hakim partiyası öz ideoloji atasının Qaregin Njde olduğunu bəyan etsə də, onun faşistlərlə əlaqəsini nəzərə alaraq bu barədə susmağa üstünlük verirdi. Amma artıq Ermənistanın hakim Respublika Partiyası özündə güc taparaq öz ideoloji atasını bəyan etməkdən çəkinməyib. 28 may 2016-cı ildə İrəvanda prezident Serj Sarkisyanın şəxsi iştirakçı ilə Qaregin Njdeyə qoyulmuş heykəl açılıb.

Təbii ki, bu, Ermənistanın strateji tərəfdaşı, İkinci Dünya müharibəsində faşizmə qarşı qazanılmış qələbənin əsas müəlliflərindən biri Rusiyada narahatlıq doğurub. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında Rusiyanın İrəvanda Qargeni Njdeyə heykəl qoylumasını anlamadığını bildirib:

“Bizim Böyük Vətən müharibəsinə münasibətimizi hər kəs bilir. Nasizmin, neonasizmin, ekstremizmin istənilən cür təzahürünə, hansısa formada bərpasına bizim münasibətimizdən hər kəs xəbərdardır. Bu münasibət beynəlxalq sənədlərdə təsbit olunub. Bizim üçün həmin abidənin niyə qoyulması anlaşılmazdır”.

Rusiyadan Qarabağın "müstəqilliyi" ilə bağlı açıqlama
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin başçısı – Mariya Zaxarova

Zaxarovanın bu bəyanatı İrəvan siyasətçilərinin böyük hay-küyünə səbəb olub. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Qaregin Njdenin erməni xalqı üçün böyük dəyər olduğunu bildirib və Rusiya XİN-nin tənqidinin əsassız olduğunu iddia edib. Şarmazanov hətta çəkinməyib və Qaregin Njdeni Rusiya tarixinin Aleksandr Nevski, Aleksandr Suvorov, marşal Jukov kimi qəhrəmanları ilə eyniləşdirib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin başçısı Tiqran Balayan da boş dayanmayıb və Zaxarovanın bəyanatını Azərbaycanla bağlamağa çalışıb. O, Qaregin Njdenin Hitlerlə əməkdaşlığı barədə susub və onun Azərbaycana qarşı mübarizə apardığını iddia edib. Tiqran Balayan hətta Qaregin Njdeyə heykəl qoyulması ilə bağlı müxtəlif ekspertlərin, o cümlədən Mariya Zaxarovanın dərc edilmiş tənqidi fikirlərinin Azərbaycanın sifarişi olduğunu  iddia edib.

Təbii ki, beynəlxalq diplomatiya müstəvisində bu cür iddiaları heç kim qəbul etmir. Beynəlxalq hüquqa görə, Qaregin Njde də, onunla birgə Vermaxtda erməni legionunu yaratmış Drastamat Kanayan, yəni Qərbi Azərbaycanda və Şərqi Türkiyədə hamının tanıdığı məşhur cəllad Dro da faşistdir. Onların nə cürsə təqdir edilməsi beynəlxalq hüquqa görə faşizmin təbliği sayılır.

Yeri gəlmişkən, Serj Sarkisyana yaxın olan erməni KİV-ləri Hitlerlə əməkdaşlıq etmiş ikinci cəllada – Drastamat Kanayana, yəni Droya da heykəl qoyulmasını tələb edirlər. Ermənistanda hakimiyəti ələ keçirmiş rejim artıq öz mahiyyətini gizlədə bilmir və Qaregin Njde, Dro kimi faşist ideoloqlarının yolu ilə getdiklərini bəyan etməyə başlayıb. Yəni Ermənistanı ələ keçirmiş rejim artıq olduğu kimi görünməyə başlayıb.

Belə davam edərsə, bütün dünya da Ermənistan rejimini olduğu kimi, yəni işğalçı və faşist kimi görməyə başlayar. Bu isə Azərbaycana işğal edilmiş ərazilərinin döyüşlər yolu ilə geri qaytarılmasına legitim hüquq təmin etmiş olar.

Azərbaycan XİN-in Mətbuat xidmətinin başçısı Hikmət Hacıyev bildirib ki, alman faşist SS generalı Njde Qaregin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın, habelə ASALA terrorçusu Monte Melkonyanın “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir: “Njde Qaregin və Drastamat Kanayan 1918-20-ci illərdə tarixi Azərbaycan torpağı olan Zəngəzurda mülki əhaliyə qarşı törətdikləri qırğınları alman faşist ordusunun tərkibində xüsusi amansızlıqla II Dünya müharibəsində işğal olunmuş SSRİ ərazilərində yəhudilərə və digər millətlərə qarşı davam etdirib. Faşistlərin irqi ayrı-seçkilik, “Ari” irqi və anti-semitizm ideologiyasina sahib çıxaraq, Njde Gareginin formaşdırdığı irqçi təmayüllü şovinist erməni milli məfkurəsi bu gün Ermənistanın hakim Respublika partiyasının və nəticə etibarilə də Ermənistan hökumətinin ideoloji təmayülünü təşkil edir. Dəhşət doğuran hal odur ki, “Njdeizm” adı altında bu irqçi ideologiya Ermənistanda orta və ali məktəb proqramına daxil edilib və gənc nəsil bu ruhda tərbiyə edilir.”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın