Ermənistan və Rusiya mətbuatının savaş xəbərlərinin pərdəarxası

Ermənistan və Rusiya mətbuatında yaxın günlərdə Qarabağda hərbi əməliyyatların təkrarlanacağı ilə bağlı informasiyalar yayılır. Düşmən ölkənin və Rusiyanın ekspertlərinin bu yöndə çıxışları daha da artırıb.

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan isə iddia edib ki, Azərbaycan bütün təmas xətti boyunca əlavə canlı qüvvə və hərbi texnika yerləşdirir. İşğalçı ölkənin naziri bunu əsas gətirərək, beynəlxalq aləmi Bakıya təzyiq göstərməyə çağırıb. Nalbəndyan ardınca  deyib ki, guya Azərbaycan növbəti hərbi əməliyyatlara başlamaq üçün bəhanə axtarır. Daha öncəki saylarımızda da qeyd etdiyimiz kimi, rusiyalı analitik Oleq Kuznetsov isə hərbi əməliyyatların başlanacağı konkret tarixi söyləyib – mayın 8-i, Şuşanın işğal günü.

Qabil Hüseynli: “Hərbi strategiyaya əsasən, hücum vaxtını heç kim öncədən müəyyənləşdirə bilməz”

Bununla belə, Rusiya xarici işlər nazirinin sabiq müavini, Siyasi Araşdırmalar Fondunun direktoru Andrey Fedorov bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağdakı gərginlik fonunda danışıqlar prosesindən imtina etdiyi barədə isterik bəyanatına baxmayaraq, rəsmi İrəvan Azərbaycanla tezliklə – yaxın 2 həftədə danışıqlar masasına oturacaq. Onun sözlərinə görə, münaqişə zonasında Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş verən 4 günlük müharibə vəziyyəti o qədər dəyişib ki, konfliktə köhnə qaydada yanaşma tamamilə alt-üst olub.
Rusiya və Ermənistan mətbuatının bu cür xəbərlər yaymasının arxasında nələrin dayanması barəsində danışan politoloq Qabil Hüseynli bildirdi ki, bu kimi məlumatlarda şişirtmə elementləri çoxdur: “Əslində ermənilər özləri Azərbaycan ərazisinə yeni qoşun növləri, qadağan edilmiş bir sıra silahlar yerləşdirirlər. Son dövrdə isə bunlar intensiv xarakter alıb. Azərbaycan tərəfi isə belə hesab edir ki, ermənilər geri aldığımız yüksəklikləri, əraziləri yenidən işğal etmək üçün hücuma hazırlaşır. Bu baxımdan, bəli, Azərbaycan təmas xətti  boyunca həm hərbi manevrlər keçirir, həm də həmin bölgəyə əlavə qüvvələr cəlb edir. Əvvəla, bura bizim öz torpaqlarımızdır. Biz işğal altında olan torpaqlarımızı   işğaldan azad etmək hüquqlarına malikik. İkincisi isə işğalçı dövlət müəyyən qəyyumlarının köməyinə arxayınlaşaraq, Azərbaycandan qisas almaq istəyir. Azərbaycan da təbii ki, ermənilərin bu kimi xəyanətkar siyasətlərinə qarşı hazır olmaq üçün lazımi cavab tədbirləri görür. Müəyyən hərbi tarixin göstərilməsi isə hesab edirəm ki, uydurma hallardır. Biz çox  yaxşı bilirik ki, 8 may tarixində erməni qoşunları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilir. Hərbi strategiyaya uyğun olaraq, hücum vaxtını heç kim öncədən müəyyənləşdirə bilməz”.

Politoloqa görə, Azərbaycan ermənilər tərəfindən hücum gözləyir və ona hazırlaşır:Ermənilər indiyə qədər istifadəsinə qadağa qoyulmuş silahlarla mülki əhaliyə açdıqları atəşlə bölgədəki gərginliyi artırıblar. Müharibə ovqatını qızışdıran da, hay-küy salıb qışqıranlar da onlardır. 2-5 aprel əməliyyatlarından sonra yüzlərlə ev düşmən tərəfindən dağıdılıb. Prezident bunların təmiri üçün 6 milyon manat vəsait ayırıb. Bölgəyə səfər edən jurnalistlər də gördülər ki, dinc əhaliyə qarşı ildırım siyasəti həyata keçirilir. Ermənilər isə bütün bunların əvəzində cəzasız qalıblar. Ancaq bir faktı etiraf etmək lazımdır ki, ermənilərin Azərbaycan torpaqlarında bu cür özbaşınalıqları və 1 milyon insanın yaşadığı torpaqları tutduqdan sonra ərazimizin qalan hissəsinə də həyasızcasına hücumlar etməsi cəzasız qalmayacaq. Ermənilər əgər qorxurlarsa, danışıq masasına oturmalı və işğal etdikləri torpaqları geri qaytarmalıdırlar, əks halda qarşıdan gələn istənilən tarixdə Azərbaycan ordusunun zəfər yürüşü ilə baş-başa qalacaqlar”.

Q.Hüseynli hesab edir ki, ermənilər artıq masaya oturmağı düşünürlər: “Vaxt var idi ki, prezident Serj Sarkisyan bir söz, xarici işlər naziri Nalbandyan isə başqa şey deyirdi. İndi isə görünür ki, hər ikisi danışıqların tərəfdarı olması barədə fikir bəyan etməyə başlayıblar. Danışıqların obyekti də Rusiya tərəfindən müəyyən edilir. Danışıqlar başlayacaqsa, siyasi iradə ifadə edilməlidir. Yoxsa xarici işlər naziri bir sözü, prezident isə başqa fikri deyəcəksə və vaxt udub bölgəni silah anbarına çevirməyə çalışacaqlarsa, Azərbaycan tərəfi bu cür aldadıcı fəndlərə yəqin ki, dözməyəcək”.

Qaynaq: Əli Rais, Yeni Müsavat qəzeti

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir