Serj Sarkisyan tezliklə hakimiyyətdən salına bilər. Buna görə də o, qoşunların təmas xəttində gərginlik yaratması ilə vaxt qazanmağa çalışır. Azərbaycan Müdafiə Nazirliyinin keçmiş işçisi, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu gecə Qarabağda qoşunların təmas xəttində Ermənistan ordusunun Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələrini atəşə tutmasını şərh edərkən bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yaylım atəşli reaktiv sistemlərdən atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Ermənistan ordusunun atəşi nəticəsində Tərtər rayonunun İsmayılbəyli kəndində 35 kilovoltluq elektrik yarımstansiyası vurulub və nəticədə rayonun 11 kəndi elektriksiz qalıb. Həmçinin rayonun Yuxarı Qapanlı, Əskipara, Seydimli və Qaçıyan kəndlərində 10-a yaxın ev zərər çəkib.

Ermənistan ordusu hadisə nəticəsində bir nəfər əsgər itirdiyini etiraf edib. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda 1996-cı il təvəllüdlü Hayk Minasyanın Tərtər istiqamətində gedən döyüşlərdə həlak oluğunu bildirib.
Üzeyir Cəfərovun sözlərinə görə, Serj Sarkisyan Tərtər istiqamətində hücumlar təşkil etməklə ölkədə ona qarşı yaranmış ciddi etirazları səngitmək istəyir: “Əhaliyə göstərmək istəyir ki, Ermənistan ordusu itirilmiş mövqelərin geri alınması üçün döyüşür və rəhbərlik aprel döyüşlərində məğlubiyyətə səbəb olmuş səhvləri düzəltməklə məşğuldur. Serj Sarkisyanın yaxın dostu, “Qarabağ” klanının üzvü, müdafiə naziri postunda olarkən birinci müavini olmuş Alik Mirzəbekyanı da işdən çıxarması bununla bağlıdır. Yəni xalqa göstərmək istəyir ki, buraxılan səhvlərə görə hətta yaxın dostunu belə bağışlamır”.

Lakin Üzeyir Cəfərovun fikrincə, Serj Sarkisyanın bu addımları heç bir nəticə verməyəcək: “Bu, sadəcə blefdir. Serjin özü də bilir ki, bu cür dəyişikliklərlə cəbhədə heç bir dəyişiklik etmək mümkün deyil. O sadəcə vaxtı uzatmaq istəyir ki, hakimiyyəti sakit yolla “Qarabağ” klanından birinə ötürsün. Əks halda, Serj Sarkisyanı hakimiyyətdən salacaqlar. Ona qarşı sui-qəsd də təşkil edə bilərlər. “Qarabağ” klanı İrəvan ermənilərinin bu addımı atması üçün çox işlər görüb, yerli ermənilərin qanını az tökməyib”.

Son 20 ildə Ermənistanda hakimiyyəti ələ keçirərək yetərincə varlanmış “Qarabağ” klanı hakimiyyəti əlində saxlamaq üçün dəfələrlə qan töküb. 1999-cu il oktyabrın 27-nə kimi bu cür qanlı toqquşmalar aşağı səviyyələrdə gedirdi. Amma həmin gün toqquşma parlament səviyyəsinə qalxdı və hakimiyyəti hərbi yola ələ keçirmiş “Qarabağ” klanı Ermənistanın yerli əhalisinin lideri, parlamentə sədr seçilmiş Karen Demirçyanı parlament iclası zamanı qətlə yetirdi. Demirçyanla yanaşı daha 4 nəfər siyasətçi dünyasını dəyişdi. Qatil Nairi Hunanyanın o vaxtkı prezident, hərbi çevrilişlə hakimiyyətə gəlmiş “Qarabağ” klanının ilk prezidenti Robert Koçaryanın yaxın adamı olduğu bildirilir.

Ermənistan erməniləri “Qarabağ” klanından 2008-ci ildə keçirilmiş prezident seçkilərində xilas olmağa çalışırdılar. Fevralın sonlarında keçirilmiş prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz edən on minlərlə adam İrəvanın Azıdlıq meydanında oturaq aksiyalara başladı. Seçkiləri saxtalaşdırmış hakim “Qarabağ” klanı 10 günə yaxın davam edən etirazları sakitləşdirə bilmədi və martın 1-dən 2-ə keçən gecə silaha əl atdı. Nəticədə, 8 nəfər etirazçı həlak oldu, yüzlərlə adam ağır yaralandı və xalqın etirazı yatırıldı. Bunun nəticəsində, “Qarabağ” klanının ikinci adamı, müdafiə naziri Serj Sarkisyan Ermənistan prezidenti seçildi.

Buna görə, Üzeyir Cəfərov Serj Sarkisyanın hakimiyyəti könüllü şəkildə verəcəyini düşünmür: “Hakimiyyət yerli ermənilərin əlinə keçsə, onlar son 20 ildə Ermənistanın başına gətirdikləri bəlalara görə “Qarabağ” klanına divan tutarlar. Buna görə, Sarkisyan vaxt udmaq üçün əlindən gələni edəcək ki, hakimiyyəti seçkilərə qədər əlində saxlasın və onu “Qarabağ” klanının növbəti təmsilçisinə ötürsün. Yerli erməniləri qorxutmaq üçün növbəti qanlı aksiya da təşkil edə bilərlər”.

Əslində, “Qarabağ” klanını hakimiyyətdən salmaq Ermənistan əhalisi üçün Hamletsayağı “ölüm, ya olum” məsələsidir. Klan təmsilçiləri Ermənistana və Azərbaycanın işğal edilmiş rayonlarına yalnız şəxsi varlanmaq obyekti kimi baxırlar. İşğal edilmiş torpaqlarda və Ermənistanın boşalmış kəndlərində becərilmiş kənd təsərrüfatı məhsulları qablaşdırılaraq və ya emal edilərək Rusiya bazarlarına çıxarılır və yalnız oliqarx məmurların varlanmasına xidmət edir.

Buna görə də, “Qarabağ” klanı münaqişənin dinc yolla həllinə mane olur və bu da Ermənistanın blokadada qalaraq gündən-günə müflisləşməsi ilə nəticələnir. Bu isə son nəticədə ölkədən əhalinin miqrasiyasına səbəb olur. Son 20 ildə Ermənistanda əhalinin real sayı 2 dəfə azalaraq 1,4 milyona düşüb.

“Qarabağ” klanının hakimiyyətdən getməsinin Azərbaycana nə dərəcədə yararlı olacağını zaman göstərəcək. Hər halda, yerli ermənilərin təmsilçisi Levon Ter-Petrosyan 1997-ci ildə sülh sazişinin imzalanmasına çox yaxın idi və “Qarabağ” klanı buna yalnız hərbi çevriliş yolu ilə mane ola bildi. İstənilən halda, klanın getməsi ilə hakimiyyətə qazancı birbaşa işğal olunmuş torpaqlara bağlı olmayan insanlar gələ bilər ki, onlarla danışıqlar aparmaq Ermənistanın və Azərbaycanın münasibətlərinin gələcəyi baxımından daha məntiqli olar.

Yazar: İlkin Mustafayev, ANS PRESS

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın