Ermənistan mətbuatı: Bizi nə MDB, nə Avropa müdafiə etmədi

Bir neçə günlük döyüş əməliyyatları nəticəsində ağır zərbə alan Ermənistan işğalçıları hazırda məğlubiyyətlərinin səbəblərini araşdırmaqla məşğuldur.

Armtoday saytında dərc olunan belə araşdırmalardan biri Ermənistanın düşdüyü real vəziyyəti tam ortaya qoyması baxımından marağımıza səbəb olmuşdur.

Ümumi olaraq qeyd edək ki, müəllif bu məğlubiyyətə görə Ermənistanın xarici siyasətini və ordu quruculuğu işlərini kəskin tənqid edib.

Müəllif yazır ki, Qarabağda gözlənilmədən başlayan müharibə, elə gözlənilmədən də bitdi.

“Hərbi əməliyyatlar Azərbaycanın döyüşdən əvvəlki kəşfiyyatı idi”

“Daha doğrusu müharibənin birinci hissəsi bitdi. Çünki Azərbaycanın arsenalında olan silahı nəzərə alsaq buna müharibə demək çətindir. Deyəsən, bu döyüşdən əvvəl kəşfiyyat aparılmış idi”.

Müəllif ilkin olaraq sual edir:

“Necə olur ki, düşmən (azərbaycanlıları nəzərdə tutur – red.) ildırım sürətilə cənub istiqamətində bir neçə post tutdu. Axı bu postların ətrafında piyada və tank əleyhinə minalarla dolu olan sahə var idi? Bununla bərabər bizim döyüşçülər itkin düşüb. Onlar hara yoxa çıxıblar, başlarına nə gəlib, indiyə qədər heç kim bilmir”.

“Qoy Ermənistan rəhbərliyi bunu xalqa açıqlasın”

Daha sonra müəllif Dağlıq Qarabağ adlı qurumun tərəf kimi tanınmamasından şikayət edərək, atəşkəs razılığının Azərbaycan və Ermənistanın baş qərargah rəisləri arasında olduğunu deyir.

“Bəs Dağlıq Qarabağın baş qərargah rəisi haradadır? Həmişəki kimi o yoxdur. Bəlkə Ermənistan birdəfəlik bəyan etsin ki, Dağlıq Qarabağda xalq özü öz taleyini həll edir, rəsmi İrəvan yox. Qoy, Ermənistan rəhbərliyi bunu xalqa izah etsin, biz də bəlkə bunu başa düşərik”.

“Ermənistanı nə MDB, nə Avropada müdafiə etmədilər”

Daha sonra erməni müəllif Ermənistanın nə MDB (Müstəqil Dövlətlər Birliyi), nə də Avropada müttəfiqlərinin olmamasından şikayət edir.

“Hərbi əməliyyatlar göstərdi ki, bizim nə MDB-də, nə də Avropada müttəfiqlərimiz yoxdur. Biz fiziki, həm də siyasi cəhətdən blokadada qaldıq. Ermənistan Avropa Şurası, AŞPA, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avroasiya İqtisadi Birliyinin (AAİB) üzvü olduğu halda bu təşkilatların da heç birindən dəstək ala bilmədi. Bu azmış kimi AŞPA sədri Pedro Aqramunt Azərbaycanın ərazi bütövlüyünü dəstəklədyini bəyan etdi.

Ermənistandan başqa Rusiya, Qazaxstan, Qırğızıstanın da daxil olduğu KTMT-nin üzvü olan Belarusun prezidenti Lukaşenko vəziyyəti elə şərh etdi ki, Ermənistanın xarici işlər nazirliyi bununla bağlı bəyanat verməli oldu.

Rusiya və Qazaxstan prezidentləri Qarabağ münaqişəsini müzakirə etdilər. Amma hamıya aydındır ki, KTMT və AAİB-nin üzvü olan Qazaxstan daim Azərbaycanın tərəfində olacaq. Ermənistan öz siyasətini köklü dəyişməlidir. Zaman irəli gedib, amma bizim xarici siyasət 60-cı illərin səviyyəsindədir”.

“Ermənistan Rusiyadan 80-ci illərin köhnəlmiş texnikasını və silahını alır”

Müəllif Rusiyanı da Azərbaycana silah satdığına görə tənqid etməyi yaddan çıxarmayıb.

“Rusiya Azərbaycana hücum silahı satmağını biznes kimi qələmə verdi. Bizim KTMT müttəfiqimiz bilmirdi ki, son nəticədə bu silahlar ermənilərə qarşı istifadə olunacaq? Nəticədə Ermənistan məğlub vəziyyətdə qaldı.

Bundan başqa Gümridəki 102-ci hərbi baza nə ilə məşğuldur? Ermənistana bu baza çox lazımdır? Bu baza bizi Türkiyədən müdafiə edəcək? Hazırda Rusiya-Türkiyə münasibətlərinin gərgin vəziyyətində bu baza bizim üçün təhlükə mənbəyidir. Çünki bu iki dövlət arasında münaqişə olacağı təqdirdə Türkiyə Rusiya bazasını məhv etmək adı ilə Ermənistan ərazilərini bombalaycaq”.

Sonra yazı müəllifi Rusiyanı Ermənistana köhnə texnika satmaqda ittiham edib.

“Biz Rusiyadan 80-ci illərin köhnəlmiş texnikasını və silahını alırıq (Sarkisyan Almaniyada belə deyib). Bəlkə biz də Azərbaycan kimi bu pula hücum texnikası olan BPLA almalı idik.  Azərbaycan belə texnika ilə bizim bir neçə obyekti və döyüşə gələn könüllülərin olduğu avtobusu vura bildi. Biz isə Rusiyadan valyuta verərək onların köhnə olduğuna görə istifadə etmədiyi silahları alırıq”.

“Ermənistan müstəqil dövlətdir, yoxsa Rusiyanın vilayəti?”

Daha sonra Ermənistanın AAİB və KTMT-də üzvlüyünə toxunan yazı müəllifi bunun məqsədyönlüyünü şübhə altına alıb.

“Bizim rəhbərlik izah etsin ki, Rusiyadan köhnəlmiş avtomobillərin gətirilməsi üçün vergilərin azaldılmasından başqa bu təşkilatlarda üzvlük bizə nə verir. Biz müstəqil dövlətik, yoxsa Rusiyanın bir vilayəti? Rusiya daxilində olan Çeçenistan daha çox hüquqlara malikdir, nəinki Ermənistan Cənubi Qafqazda.

Ermənistanda Rusiyalı biznesmenlərin əlində olan heç bir sahə rentabelli işləmir – qaz sənayesi, dəmir yolları, elektrik şəbəkəsi, elektrik stansiyaları.

Rusiya Ermənistanın İranla istənilən investisiya layihəsinin qarşısını alır.

Bütün suallara dəqiq cavab lazımdır. Xarici siyasət və diplomatiyanın səhvləri əsgərlərimizin canı bahasına başa gəlir”, – müəllif vurğulayıb.

Qaynaq: Gün.Az

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir