Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 9 aprel tarixində verilən məlumatlara görə, Dağlıq Qarabağda erməni silahlılarının qoyub qaçdığı sənədlər, silah-sürsatlar və b. döyüş ləvazimatları Azərbaycan Ordusunun əlinə keçib.

Ermənistan Ordusunun qoyub qaçdığı müxtəlif sənəd və rabitə vasitələri ələ keçirilib

AR Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı döyüş qarşıdurması zamanı Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən əks-həmlələrdən çoxsaylı itkilər verərək məğlubiyyətə uğradılan erməni hərbi qulluqçularına aid müxtəlif sənədlər, rabitə vasitələri və ləvazimatlar əldə olunub.

Xüsusilə qeyd etmək lazımdır ki, ermənilərin döyüş bölgəsində qoyub-qaçdığı sənədlər Ermənistan Respublikasının Ordusuna məxsusdur. Bu isə bir daha sübut edir ki, Azərbaycan Dağlıq Qarabağ bölgəsində müxtəlif silahlı dəstələrlə yanaşı Ermənistan Ordusuna qarşı mübarizə aparır.

Erməni silahlılarının döyüş meydanında atıb qaçdıqları silah-sursat ələ keçirilib

Müdafiə Nazirliyindən verilən başqa bir xəbərə görə, separatçı döyüşçülərin cəbhə xəttində atıb qaçdıqları silah-sursat, gecəgörmə cihazları bölmələrimiz tərəfindən ələ keçirilib.

Dağlıq Qarabağda vəziyyət aprelin 2-dən gərginləşib. Ermənistan ordusu Azərbaycanın kəndlərini atəşə tutmasına qarşı görülən cavab tədbirləri nəticəsində işğal altında olan bəzi ərazilər azad edilib.  4  gün davam edən döyüş aprelin 5-də saat 12:00-da atəşkəsin elan olunması ilə dayandırılıb.

Atəşkəs barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan Respublikasının işğal etdiyi ərazilərdə yerləşdirilmiş silahlılar tərəfdən Azərbaycanın mövqelərinin atəşə tutulması davam edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın