Ermənistanda yeni baş nazir seçkisinin ikinci turu mayın 8-də keçiriləcək. Böyük ehtimalla müxalifətin namizədi, ölkə parlamentindəki “Çıxış” fraksiyasının lideri Nikol Paşinyan hökumət başçısı olacaq. Çünki mayın 2-də hakim Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan müxalifətin baş nazir postuna irəli sürdüyü namizədə səs verəcəklərini açıqlayıb. O, təmsil etdiyi siyasi təşkilatın hökumət başçısı vəzifəsinə namizəd irəli sürməyəcəyini də vurğulayıb.

Yeri gəlmişkən, Ermənistan parlamentinin 105 üzvündən 58-i bu partiyanın, 31-i müxalifətdə olan “Tsarukyan” blokunun, 9-u “Çıxış” fraksiyasının, 7-si isə hakim koalisiyadan çıxdığını bəyan etmiş Daşnaksütyun Partiyasının təmsilçiləridir. Mayın 1-də keçirilmiş birinci turda Nikol Paşinyanın lehinə 45 deputat səsə vermişdi. Onlardan yalnız birinin respublikaçı olduğu barədə məlumat yayılmışdı. Müxalifət liderinin baş nazir olması üçün isə 53 səs kifayət edirdi. Müxalifət mayın 8-də namizədini yenidən irəli sürəcəyini bildirib. Əgər 5 gün ərzində qeyri-adi hadisə baş verməzsə, Nikol Paşinyanın Ermənistanın yeni baş naziri olacağını indidən söyləyə bilərik.

Maraqlıdır, bir gün boyunca Respublikaçılar Partiyası niyə öz mövqeyini belə tez və 180 dərəcə dəyişdi? Niyə müxalifətin, qərbyönlü, anti-Rusiya mövqeli olaraq təqdim etdikləri müxalifət liderinin lehinə səs verəcəklərini bildirdilər? Əlbəttə, etiraz aksiyası və onun ölkəni bürüməsi burada rollardan birini oynasa da, xarici amili istisna etmək sadəlövhlük olardı. Çünki Ermənistanda söz sahiblərindən ikisi ölkə xaricindədir. Bunlardan biri diaspor, digəri isə Moskvadır. 2008-ci il martın 1-də prezident seçkisinin nəticələrinə etiraz edənləri güllələyib öldürən Ermənistan hakimiyyətinin bu dəfə aksiyaçılarla yumşaq davranışı şübhə yaradır. Görünür, xaricdəki söz sahibləri zorakılığa qarşı çıxıblar, yaxud yeni baş nazirin Nikol Paşinyan olması məsələsində razılaşıblar. Çox güman ki, mayın 2-də etiraz dalğası əhatəsinin genişlənməsi, xüsusilə Gümrüdə hakimiyyətin müxalifət tərəfindən ələ keçirilməsi Moskvanı ehtiyatlı olmağa vadar edib. Çünki bu şəhərdə Rusiyanın 102 saylı hərbi hissəsi yerləşir. Həmin hərbi bazanın hərbçilərinə isə Ermənistanda münasibət, birmənalı olaraq, yaxşı deyil. Yerli əhali ilə rusiyalı hərbçilər arasında tez-tez xoşagəlməz hadisələr yaşanır. 2015-ci ilin yanvarında bu hərbi hissənin hərbçisi Valeri Permyakovun aralarında körpələrin olduğu bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməsi sakinlərin yadından çıxmayıb. Gümrüdə rusiyalı hərbçi də qətlə yetirilir və ya döyülür. Təxminən, bir il əvvəl 102 saylı bazanın yaxınlığındakı mağazanın qarşısında hərbçi Dmitri Yalpayevin meyiti aşkar olunub. Polisin məlumatına görə, meyitin üzərində kəsici-deşici alətlə vurulan yaralar aşkarlanıb. Hadisədə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi qaldırılıb. Qeyri-rəsmi məlumatlara görə, yolların bağlanması nəticəsində Ermənistanın Erebuni rayonunda yerləşən Rusiyanın hərbi aviabazasının yanacaqla təchizatında gecikmələr yaranıb. Ehtiyat yanacaqdan istifadə etməmək üçün həftədə bir dəfə bazaya kerosin gətirilir. Düzdür, problem müvəqqəti xarakter daşısa da, ancaq yenə də Rusiyanın düşünməsi üçün amildir.

Əslində, Serj Sarqsyanın hakimiyyəti illərində və ondan da əvvəl keçirilən etiraz aksiyalarında anti-Rusiya şüarları səslənib. Bu istiqamətdə Ermənistan KİV-də məqalələr, müsahibələr yayılıb. Rusiyaya qarşı eyni münasibət yenə də təbliğ olunmaqdadır. Onlardan bəzi nümunələri diqqətinizə çatdırmaq istərdik. Naira Ayrumyan adlı şərhçi Ermənistanda baş verənləri təhlil edərək “Bu, hakimiyyətsizlik deyil, bədəndə yad mənşəli hakimiyyətdən arınmaqdır” məqalə yazıb. Aprel döyüşlərində Ermənistan hakimiyyətinin özünü itirməsindən yazan müəllif bildirib: “Ermənistanda yenə hakimiyyət yoxdur. Baş nazir səlahiyyətini icra edən Karen Karapetyandan artıq iki gündür ki, səs çıxmır. Prezident Armen Sarkisyan hərdən barışdırıcı çıxışlar edir. Özlərini hakimiyyət sayan 56 deputat isə bir yerə toplaşıb parlament iclasını belə keçirə bilmir”. O, ölkəni xalqın idarə etdiyini vurğulayaraq bütün bunların yad mənşəli hakimiyyətdən xilas olunmaq üçün həyata keçirildiyini bildirib.

Sarqis Artsruni isə “Ermənistan Respublikaçılar Partiyasının təslim olması Rusiyanın 11-ci Qızıl Ordusunun işğalından xilas olmaq deməkdir” başlıqlı məqalədə hakim Respublikaçılar Partiyasının fəaliyyətindən, onun “məxməri inqilab”a qarşı çıxmasından bəhs edib: “Parlamentdəki çoxluğun ölkəni hakimiyyətsizliyə sürükləməsi xalq qarşısında deyil, Robert Koçaryan və Rusiya qarşısında təslim olmaq deməkdir”. Onun yazdığına görə, həmin qüvvələr müxalifətin hərəkatının Rusiya bayrağı altında Mixeil Saakaşvilinin mübarizəsi ilə eyniləşdirirdi: “Bu partiya hakimiyyətdən getdi. Bu partiya Ermənistanı işğal etmiş Rusiyanın 11-ci Qızıl Ordusunun, vassalığın təəssüratını yaradırdı. “Məxməri inqilab” azad və suveren Ermənistanın rəmzidir”. Müəllif “Ermənistandakı “məxməri inqilab” Moskvanı niyə qorxudur?” başlıqlı məqaləsində bildirir ki, Moskva Ermənistandakı etiraz aksiyalarına oxşar hadisələrin Rusiyada təkrarlanacağından ehtiyatlanır. Sarqis Artsruni deyib ki, mayın 5-də Rusiya müxalifətinin lideri Aleksey Navalnı kütləvi aksiyaya başlamaq niyyətində olduğunu bəyan edib: “Ancaq Paşinyan və Navalnı tanış belə deyil. Hadisələr Avrasiya İqtisadi İttifaqı ərazisində cərəyan etdiyindən Kreml narahatlıq keçirir”.

Nikol Paşinyan

Hətta sosial şəbəkələrdə də Ermənistanda baş verənlərlə bağlı müxtəlif fikirlər var. Nana Nalbandyan adlı istifadəçi səhifəsində yazıb ki, Rusiyanın Ermənistanda hərbi bazasından başqa heç nəyi qalmayıb: “Qalan nə varsa hamısını hakimiyyətimiz Qərbə təhvil verib”. O bildirib ki, Nikol Paşinyan Corc Sorosun qrantları hesabına qalib gəlib: “Hakimiyyətdəki oğruları respublikanı bu vəziyyətə saldı”. N.Nalbandyanın yazdığına görə, müxalifət Rusiyanın hərbi bazasını ləğv edib yerində İranla müharibə üçün ABŞ-ın bazasını yerləşdirmək istəyir. Bundan əlavə, sosial şəbəkədə müxalifətin etiraz aksiyalarının tankla yatırılmasının vacibliyini iddia edənlər də var. Onlar hesab edirlər ki, Çinin inkişafı Tyananmen meydanına tankların girməsi ilə başlayıb.

Bu arada müxalifət lideri Nikol Paşinyan “Kommersant” qəzetinə müsahibəsində jurnalistin “Ermənistandakı hadisələrə Rusiyanın reaksiyası sizə necə təsir bağışlayıb” sualına cavabında deyib: “Normal. Çox yaxşı. Belə təəssürat yaranır ki, onlar bizim hərəkatımıza və erməni xalqının rəyinə hörmət edir, Rusiyanın daxili işlərinə Ermənistanın qarışmadığıı kimi, onlar da bizim işlərimizə müdaxilə etməyəcəklər. Bilirsinizmi, respublikaçılar istəyirlər ki, biz Rusiyanın daxili işlərinə qarışaq və Rusiya da bizim daxili işlərimizə müdaxilə etsin. Mən qəti olaraq bildirirəm ki, biz nə indi, nə də de-yure qələbəmizdən sonra Rusiyanın daxili işlərinə qarışmayacağıq. Rusiya da daxili işlərimizə qarışmaycaq. Biz Rusiya ilə yalnız xarici siyasət məsələlərini müzakirə edəcəyik”. Əslində, Nikol Paşinyan bu ifadələri ilə Rusiya ilə ölkəsinin perspektiv münasibətini də göstərib. Belə çıxır ki, Gümrüdəki 102 saylı baza hələ bir müddət də qalacaq. Hakimiyyətə gələcək yeni qüvvələr Rusiyanı Ermənistanın daxili işlərinə müdaxilə etməsinə qarşı çıxacaq. Onsuz da son illər Rusiya Ermənistana əvvəlki kimi yardımlar edə bilmir. Moskva bu boşluğu Rusiyanın hesabına varlanmış erməni milyarderlərin maliyyəsi və sərmayəsi ilə doldurmaq istəyirdi. “Qazprom”un milyarder nümayəndəsi Karen Karapetyanın hakimiyyətə gətirilməsinin buna xidmət etdiyi ehtimal olunurdu. Hətta Rusiya Ermənistana təbii qazın min kubmetrini 150 dollara, yerli hökumət isə onu əhaliyə baha satır. Buradan belə qənaətə gəlmək olar ki, Kreml Yerevana təbii qazın əhaliyə satılan hissəsi ilə maliyyə yardımı edir.

Beləliklə, baş verənlərə, müxalifət liderlərinin çıxışına və KİV-də yayılan mövqelərə əsasən belə qənaətə gəlmək olar ki, mayın 8-dən sonra Rusiya bu ölkəyə yönəlik siyasətinə dəyişiklik edəcək. Hadisələr sübut edir ki, artıq Ermənistan ictimaiyyəti də Rusiyaya çox etibar etmir. Ötən il Rusiyada Ermənistandan olan əmək mühacirləri üçün ciddi problemlər yaşandı. Yeri gəlmişkən, 2008-ci ildən 2017-ci ilin avqustunadək 300 min nəfər, son 20 ildə isə 1 milyon 250 min nəfər Ermənistanı tərk edib. Müstəqillik illərində Ermənistan əhalisinin sayı 3 milyon 574 min nəfərdən 2 milyon 982 nəfərədək azalıb. Onların əksəriyyəti rahat həyat dalınca Qərb dövlətlərinə üz tutublar. Nəhayət, Ermənistanın Rusiyanın əlindən çıxarılması uğrunda mübarizə davam edir. Bu baxımdan, “Mənim addımım” hərəkatının addımlarından birinin Rusiyadan uzaqlaşmağa atılacağı da ehtimal olunur.

Yazar: Sədrəddin İsmayılov (Report)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın