Ermənistanda olaylar hələ bir ara səngiməyəcək. Aprelin 25-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı bir sıra anlara aydınlıq gətirib.

Ermənistanın xarici işlər naziri vəzifələrini yerinə yetirən Edvard Nalbandyanın Moskvaya yollanmağıyla bağlı məlumat yayılıb. Onun Rusiyaya getməsi daha ağlabatan görünür. Çünki prezident Armen Sarkisyan və baş nazir səlahiyyətlərinin yerinə yetirən Karen Karapetyan ölkədəki duruma birbaşa nəzarət etdiklərindən, onların Moskvaya səfəri məqsədəuyğun sayılmayıb. Həm də Serj Sarkisyandan sonra Rusiyanın Ermənstandakı ən güvənilən adamlarından biri Edvard Nalbandyandır. Görünür, bir sıra ssenariləri onunla danışmaq daha ağlabatan görünüb.

Vladimir Putinin telefon danışığı isə Ermənistanda olayların “xəmirinin çoxlu su apardığından” rahatsızlığını göstərir.

“Mənim addımım” hərəkatının lideri Nikol Paşinyan Ermənistandakı olaylara Rusiyanın müdaxilə etmədiyini, eləcə də bu hərəkatın Rusiya və başqa dövlətlər əleyhinə olmadığını bəyan etməsi indiki və gələcək proseslərə müəyyən aydınlığın gətirildiyini ehtimal etməyə əsas verir.

Məsələn, Armen Sarkisyana ABŞ, Fransa prezidentləri, Almaniya kansleri və Böyük Britaniyanın baş naziri zəng etməyib. Deməli, məsələnin aydınlaşmasına bir addım yaxınlaşmaq olar. Rusiya bir daha sübut edir ki, Ermənistan və oradakılar “sahibsiz” deyil. Bu bölgədə xaosun yaradılmasına Rusiya yol verməyəcək.
Serj Sarkisyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının aparıcı fiqurları ilə görüşməsi, onlara Ermənistanda sabitliyə əməl edilməsiylə bağlı tapşırıq verməsi də yeni prosesə bir addımdır.

Daşnaksütyun Partiyasının respublikaçılarla qurulan hakim koalsiyadan çıxması birinici mərhələnin bitməsi üçün daha bir addımdır.

Nikol Paşinyan bildirib ki, Respublikaçılar Partiyasından olan bir sıra deputatlar onunla bağlantı quraraq, parlamentdə baş nazir postuna namizədliyinə səs verəcəklər. Bu da bir addımdır.

Qeyd edək ki, 2017-ci il aprelin 2-də keçirilən parlament seçkilərinin nəticəsinə görə, Serj Sarkisyanın Respublikaçılar Partiyası qələbə qazanmışdı. Hakim siyasi quruma seçicilərin 49,12 faizi, “Tsarukyan” blokuna (Çiçəklənən Ermənistan Partiyası) 27,32 faizi, Nikol Paşinyanın “Çıxış” blokuna 7,77 faizi, “Daşnaksütyun” Partiyasına isə 6,57 faizi səs vermişdi. Beləliklə, parlamentdəki 105 yerdən 65-ni hakimiyyət götürmüşdü – 58 yer respublikaçıların, 7 yer isə daşnakların payına düşüb. Müxalifət sayılan güclərə isə 40 yer düşmüşdü. Onun 9-nu Nikol Paşinyanın başçılıq etdiyi “Çıxış” bloku, 31 yeri isə “Çiçəklənən Ermənistan” Partiyası tutmuşdu.

N.Paşinyanın baş nazir olması üçün 53 səs yetərlidir. “Çıxış” və “Tsarukyan” blokunun 40 deputatı var. Daşnaklar 7 deputatla təmsil olunurlar. Deməli, onların deputatı ilə birlikdə Paşinyan 47 səs ala bilər. Respublikaçılar Partiyasının 58 deputatından 6-sının Paşinyana səs verəcəyi isə çətin görünmür. Bu baxımdan, Nikol Paşinyanın, yaxud müxalifətdə olan, etiraz aksiyalarını dəstəkləyən, milyarder Qaqik Tsarukyanın parlamentdə baş nazir olmaq üçün səs toplamaları ehtimalı çoxdur.

Düzdür, Rusiya “Qazprom”unun Ermənistandakı nümayəndəsi, milyader Karen Karapetyan yaranmış vəziyyətədn yararlanaraq, hökumətə başçılıq etmək istəyinin artıq gizlədə bilmir.

O, olaylar zamanı Rusiyanın “Taşir” şirkətinin başçısı, milyader Samvel Karapetyanın, habelə Ruben Vardanyanın, Nubar Afeyanla görüşüb, Ermənistana sərmayə qoyuluşunu müzakirə ediblər. Rusiyalı erməni milyaderlər “Ermənistanın inkişafı təşəbbüs” Fonudunun təsisçiləri bildiriblər ki, əvvəldən nəzərdə tutulan layihələri gerçəkləşdirəcəklər. Düzdür, bu iş adamları həm də sübut etmək istəyirlər ki, sərmayə qoyuluşu baxımından Ermənistan riskli ölkə deyil. Ancaq həmin milyaderlərin də özbaşına hərkət edə bilməyəcəklərini nəzərdən qaçırmaq olmaz. Başqa sözlə, Moskvadan onlar nə buyurulsa onu da icra edəcəklər. Çünki bu iş adamları milyonlara onlara yaradılan şərait sayəsində yiyələniblər. Ona görə də ethimal etmək olar ki, onlar pulları istədikləri kimi xərcləyə bilməzlər.

Nikol Paşinyan ötən gün Rusiyanın Yerevandakı səfiri ilə də görüşüb. O bundan sonra bildirib ki, Moskva Ermənistanın daxili işinə qarışmır. Qeyd edək ki, bu daha çox şərti məsələyə oxşayır. Çünki hər kəs bunun heç də belə olmadığının fərqindədir. Ancaq, Nikol Paşinyanın həmin milyaderlər ünvanladığı sözlər maraqlıdır: “Bəzi adamlar. Biznesmenlər özlərinin Karen Karapetyanın tərəfdarı sayırlar və özlərinin Moskvanın mövqeyinin təmsilçisi kimi təqdim etməyə çalışırlar. Bildirmək istəyirəm ki, Ermənistan Respublikası onların icarəyə götürdükləri ərazidəki ticarət mərkəzi deyil, başa düşmədiyiniz işlərə soxulmayın. Gedin öz ərazilərinizi icarəyə verin, Moskvada, Yerevanda ticarətlə məşğul olun. Sizin maraqlarınız qanunla qrounacaq. Ancaq Ermənistan Respublikasına icarəyə götürdüyünüz ərazi kimi yanaşmağa cürət etməyin”.

Demək olar ki, Ermənistandakı olaylarda durum durulmağa başlayır. Hadisələrin gedişindən iki tərəfin olduğu aşkarlandı. Bunlardan biri “Qazprom”un yetirşdirdiyi milyader Karen Karapetyan, o biri isə qərblə Rusiya arasında hələ var-gəl edən Nikol Paşinyandır.

İndi onların mübarizəsi gedir. Nikolun arxasında Karen Karapetyanın da daxil olduğu hakimiyyətə qarşı olan etirazçılar durur. Müvəqqəti baş nazir isə daha çox Kremlə və Rusiyadakı varlı erməni iş adamlarına arxalanır.
Ona görə ehtimal etmək olar ki, Kreml arxasında xalq dayanan Nikol Paşinyana üstünlük verəcək. Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinlə müxalifət liderinin görüşündə hakimiyyətin, hökumətin formalaşdırılmasının müzakirə edildiyi də istinsa olunmur. Bu baxımdan Kremlin Paşinyana bəzi tövsiyyələr verdiyini də ehtimal etmək olar. Odur ki, bundan sonrakı hadisələrdə Kremlin ssenarisini də görmək olacaq. Rusiya Nikol Paşinyanı rədd etsə, onda müxalifətin əsl yiyəsi də üzə çıxacaq.

Beləliklə, Serj Sarkisyanın istefasına nail olub, onun komandasını hakimiyyətdən təmizləmək istəyən “Mənim addımım” hərəkatı son addımları atmağa çox yaxındır. Kremlin ssenarisi bu “yerişi” sürətləndirə bilər.

Qaynaq: Sədrəddin İsmayılov (Report)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın